Ghulam Mohammed Zaz Kaşmirin ənənəvi, əl işi ilə hazırlanmış santur musiqi alətini düzəldə bilən son sənətkarı sayılır.
Hindistan tərəfindən idarə olunan Kaşmirin Srinagar şəhərindəki dar və sakit küçələrin birində yerləşən kiçik, zəif işıqlı bir emalatxana yoxa çıxmaqda olan bir sənətin son qalalarından biridir. Bu dükanın içində Ghulam Mohammed Zaz oturur, o, bölgədə santur alətini hələ də əl ilə düzəldə bilən son sənətkar sayılır. Santur — trapetsiya formasında simli bir musiqi alətidir, dulcimerə (zərblə çalınan simli alət) bənzəyir və kiçik taxta çubuqlarla ifa olunur. Kristal kimi təmiz və zəngvari səsə malikdir və əsrlərdir Kaşmir musiqisinin simvoludur. Cənab Ghulam Mohammed yeddi nəsildir Kaşmirdə simli musiqi alətləri düzəldən bir sənətkar ailəsindən gəlir. Zaz soyadı çoxdan santur, rabab, sarangi və sehtar kimi alətlərin ustaları ilə sinonimə çevrilib. Amma son illərdə əl işi alətlərə olan tələbat azalıb. Onların yerini daha ucuz və tez hazırlanan maşınla istehsal edilən alətlər tutub. Musiqi zövqlərinin dəyişməsi də bu geriləməni sürətləndirib.
Cənab Ghulam Mohammed 2022-ci ildə Hindistanın dördüncü ən yüksək mülki ordeni olan Padma Shri ilə təltif edilib. Onun emalatxanasında alət düzəltmək üçün istifadə olunan oyulan taxta parçası və köhnə dəmir alətlər durur, bütün bunlar yox olmaq üzrə olan bir ənənənin səssiz izləridir. O deyir: “Bu sənəti davam etdirəcək heç kim qalmayıb. Mən sonuncuyam”. Amma əvvəllər belə olmayıb. İllər ərzində bir çox tanınan sufi və xalq musiqiçiləri onun düzəltdiyi santurlarla çıxış ediblər. Dükanda asılan bir fotoda santur ustaları Pandit Şiv Kumar Şarma və Bhajan Sopori onun alətləri ilə ifa edərkən görünürlər. Santurun mənşəyi Farsdan gəldiyi güman olunur. Bu alət XIII və ya XIV əsrlərdə Hindistana çatıb, Orta Asiya və Orta Şərq vasitəsilə yayılıb. Kaşmirdə isə özünəməxsus bir forma qazanıb və sufi poeziyası ilə xalq musiqisinin əsas hissəsinə çevrilib. Daha sonra Pandit Şiv Kumar Şarma onu Hindistan klassik musiqisinə uyğunlaşdırıb, alətə yeni simlər əlavə edib, körpüləri dəyişib və yeni ifa texnikaları gətirib. Bhajan Sopori isə Kaşmirdə doğulan bir sənətkar olaraq, santurun səs diapazonunu genişləndirib və ona sufi ifadələri qataraq bu alətin Hindistan klassik musiqisində yerini möhkəmləndirib.
Ghulam Mohammed Zaz 1940-cı illərdə Kaşmirin Zaina Kadal məhəlləsində anadan olub. Bu məhəllə bir vaxtlar Kaşmirin mədəni və ticarət mərkəzi olan tarixi körpünün adı ilə tanınıb. O, uşaqlıqda ailəsinin sənətinə aid səslər və alətlərlə əhatə olunub. Sağlamlıq problemləri səbəbindən erkən yaşlarda məktəbdən ayrılmalı olub və bundan sonra atası və babasından santur düzəltmə sənətini öyrənməyə başlayıb, hər ikisi bu sahədə ustalar idilər. O deyir: “Onlar mənə yalnız aləti necə düzəltməyi yox, həm də onu necə dinləməyi öyrədiblər”. Emalatxanada santurun natamam skeleti bir taxta skamya üzərində uzanıb. Yanında isə müxtəlif dəlmə-oyma alətləri və simlər var. Havanı yaş qoz ağacının qoxusu bürüyüb. Amma heç bir maşına rast gəlinmir. Cənab Ghulam Mohammed deyir ki, maşınla hazırlanan alətlər əl işi ilə düzəldilənlərin istiliyini və dərinliyini daşımır. Səs keyfiyyəti də heç bir halda müqayisə edilə bilməz. Santur düzəltmək yavaş və səbirlə aparılan bir prosesdir. Düzgün ağac seçimi ilə başlayır, ağac azı 5 il qurudulmalı və hazır olmalıdır. Bədənin oyulması və rezonans üçün uyğun boşluğun yaradılması vaxt alır. 25 körpünün hər biri dəqiqliklə hazırlanır və yerinə yerləşdirilir. Üzərinə 100-dən çox sim əlavə olunur və sonra uzun çəkən tənzimləmə (intonasiya) prosesi gəlir. Bu iş həftələr, hətta aylar ala bilər.
Son illərdə sosial şəbəkə fenomenləri cənab Ghulam Mohammedin emalatxanasını ziyarət edərək onun hekayəsini paylaşsalar da, bu diqqət sənətin qorunmasına yönələn real təşəbbüslərlə nəticələnməyib. Onun üç qızı var və hamısı fərqli karyeralar seçiblər. Ailədə bu sənəti davam etdirəcək heç kim yoxdur. İllər ərzində ona hökumət qrantları, təlimçilər və hətta dövlət əl sənətləri idarəsindən dəstək vədləri verilib. Amma cənab Ghulam Mohammed deyir: “Mən şöhrət və ya xeyriyyə istəmirəm. Mənim istədiyim, bu sənəti yaşadacaq birinin tapılmasıdır”. Artıq 80 yaşını aşan sənətkar tez-tez yarımçıq qalmış bir santurun yanında saatlarla oturur və hələ səslənməyən sükuta qulaq asır. Dünyanın çöldəki sürətli modernləşməsinə qarşı, cənab Ghulam Mohammedin emalatxanası zamandan təsirlənməyib – yavaş, səssiz və qoz ağacı ilə dolu bir yaddaş məkanı olaraq qalır.
Mənbə: Bbc News
Tərcümə etdi: Nigar Muştaqova
