Bu gün:

Keçmişə aid heyrətamiz fotolar


Fotolar sadəcə şəkil deyil, hadisələrə gözlənilməz bucaqdan baxmağa imkan verən keçmişə açılan pəncərədir. Onlar bir daha təkrarlanmayacaq anları əbədiləşdirir və bəzən heç şübhələnmədiyimiz detalları üzə çıxarır. Bu şəkillərin bəziləri şokedicidir, bəziləri sizi düşündürür, digərləri isə sadəcə təəccübləndirir. Bu məqalədə keçmişdən toplanmış nadir fotoları təqdim olunur.


1. Timsah və pivə ilə uşaqlıq: gələcəyin senatoru Aleks Antik, 1990-cı illər

Bu fotoşəkildə Avstraliya parlamentinin gələcək senatoru Aleks Antikin iki yaşında olarkən pivə içdiyi və quyruğundan timsah tutduğu görünür.

Uşaqca səmimiyyət inanılmazdır. Fotonun artıq 30 ildən çox yaşı olsa da, Antik bunu sosial şəbəkələrdə paylaşanda dərhal viral olub. İstifadəçilər gələcək siyasətçinin ironiyasını, cəsarətini və tipik Avstraliya üslubunu bəyəniblər: timsahlar, pivə və uşaq bezlərindəki sərgüzəşt ruh.


Maraqlı fakt:

Aleks Antik sonradan bu şəkli “Avstraliyada bir siyasətçi üçün ən yaxşı tərcümeyi-hal” adlandıraraq zarafat edib. Bu foto, sadə və xalqa yaxın adam imici yaratmaqla seçicilərin rəğbətini qazanmağa kömək edib.


Bu foto niyə əhəmiyyətlidir?

Çünki şəxsi həyat tarixçəsinin ictimai imicin bir hissəsinə çevrildiyi anı əks etdirir. Bu çərçivə siyasətçilərin də bir zamanlar uşaq olduqlarını və “qüsurlu” keçmişin bəzən cəmiyyətin etimadını qazanmaq üçün açar ola biləcəyini göstərir.


2. Sofi Lorenin təbii gözəlliyi, təqribən 1955-ci il


Bu fotoda 20-ci əsrin ən məşhur aktrisalarından biri olan gənc Sofi Loren gündəlik bir poza ilə əks olunub. Əllərini başının arxasına qaldırıb və üzündə sakitlik var. Saçları gözəl düzəldilib, diqqət çəkici gözləri isə həmişə olduğu kimi ön plandadır.


Bu foto o dövrün ulduzlarının süni və qurma şəkillərindən fərqli olaraq səmimiliyi və təbiliyi ilə seçilir. Aktrisanın qırxılmamış qoltuq altı 1950-ci illərin Hollivud gözəllik stereotiplərini sarsıdır və bizə xatırladır ki, gözəllik bir qəlib deyil, o, özünəinam və cazibə ilə bağlıdır.


Bu foto o dövrdə hələ sənaye tərəfindən sərt gözəllik standartlarının formalaşmadığı vaxtlara aiddir. Loren burada təkcə film divası kimi yox, cəsarətli, azad və zamansız bir qadın kimi görünür.


3. 9 avqust 1918-ci ildə Amien döyüşü zamanı tankdakı deşikdən buraxılan poçt göyərçin


Bu foto Birinci Dünya Müharibəsi dövründə poçt göyərçinlərinin rolunu göstərən unikal bir çərçivədir. Şəkildə göyərçin Mark V tankındakı xüsusi deşikdən sərbəst buraxılır. Bu döyüş Qərb cəbhəsində həlledici məqam oluv və müharibəni bitirən “Yüz günlük hücum”un başlanğıc nöqtəsinə çevrilib.


Poçt göyərçinləri ön cəbhədə məlumat çatdırmaq üçün mühüm rol oynayıb. Digər rabitə vasitələri olmadıqda və ya etibarsız olduqda, bu quşlar vacib xəbərləri daşıyaraq bəzən həyatları xilas ediblər.


Bu şəkil köhnə və müasir hərbi texnologiyanın bir araya gəlməsini simvolizə edir: tank – yeni dövrün simvolu, göyərçin – qədim rabitə vasitəsi, ortaq məqsəd üçün birgə çalışırdılar. Bu da bizə göstərir ki, texnologiya irəliləsə də, təbiət və heyvanlar insan həyatında əhəmiyyətini itirmir.


4. Ana və oğul atom bombası sınağı zamanı mantar buluduna baxır, Las Veqas, 1950-ci illər


Bu foto həm valehedici, həm də qorxuludur. Ana və oğlu atom bombası partlayışından sonra yaranan mantar buluduna tamaşa edir. 1950-ci illərdə bu sınaqlar Nevada səhrasında, Las Veqas yaxınlığında keçirilib və yerli sakinlərin gündəlik həyatının bir hissəsinə çevrilib.


Soyuq müharibə dövründə amerikalılar üçün bu mənzərə ölkənin güc və texnoloji üstünlüyünün simvoluna çevrilib. Lakin çox az adam bu sınaqların sağlamlıq və ətraf mühitə vurduğu zərəri düşünüb. Radioaktiv çöküntü həm təbiətə, həm də yaxınlıqda yaşayan insanlara ciddi ziyan verib.


Bu şəkil bizə elmi tərəqqinin ikili təbiəti barədə düşünməyə vadar edir: bir tərəfdən atom enerjisi insan ağlının nailiyyətidir, digər tərəfdən isə bütün canlılara təhdid ola bilər. Bu, texnologiyadan ağılla və məsuliyyətlə istifadə etməyin vacibliyini də vurğulayır.


5. Uşaqlar Nasist Almaniyasının qalıqları arasında silahlarla oynayır, yaz 1945


Bu şəkil həm kövrək, həm də narahatedicidir. Uşaqlar 1945-ci ilin yazında Almaniyada dağıdılmış binaların fonunda tərk edilmiş silahlarla oynayırlar. Müharibə bitmək üzrə olsa da, nəticələri hər yerdə hiss olunub: bombalanmış binaların qalıqları, küçələrdə qalmış hərbi texnika.


Bu uşaqlar üçün yeganə tanıdıqları reallıq – müharibə olub. Qorxu, aclıq və dağıntı içində böyüsələr də, hər bir uşaq kimi oynamağa və həyatdan zövq almağa can atıblar. Lakin onların “oyuncaqları” bir zamanlar insanları öldürmək üçün istifadə olunmuş silahlar olub.


Bu foto müharibənin yalnız şəhərləri deyil, insan talelərini, xüsusilə uşaqları necə məhv etdiyini göstərir. Sülhü qorumağın və gələcək nəsillərin bu dəhşətləri yaşamaması üçün əlimizdən gələni etməyin nə qədər vacib olduğunu xatırladır.


6. Rahib Co Karter Ku Kluks Klanın ziyarətini gözləyir, West Feliciana dairəsi, Luiziana, 1964


Bu foto Amerika Birləşmiş Ştatlarında cəsarətin və vətəndaş hüquqları uğrunda mübarizənin güclü sübutudur. Rahib Co Karter evinin eyvanında dayanıb sakit şəkildə Ku Kluks Klan üzvlərinin gəlməsini gözləyir. O, təhdidlərə və təzyiqlərə baxmayaraq seçki hüququndan istifadə etmək üçün qeydiyyatdan keçmək qərarı verdiyinə görə irqçi təşkilatın hədəfinə çevrilib.


1960-cı illər Amerikada irqi bərabərlik uğrunda gərgin mübarizə dövrü olub. Co Karter kimi afroamerikalılar konstitusiya ilə təmin olunmuş səsvermə hüquqlarından istifadə etməyə çalışarkən zorakılıq, qorxu və ayrı-seçkiliklə üzləşiblər. Ku Kluks Klan isə tez-tez aktivistləri susdurmaq üçün terror üsullarından istifadə edib.


Bu foto yalnız qorxunu deyil, inanılmaz ruh gücünü də əks etdirir. Co Karterin eyvanda sakit və əmin duruşu, təhdidlərə baxmayaraq hüquqlarını müdafiə etməyə hazır olduğunu göstərir.


Bu şəkil bizə göstərir ki, ədalət və bərabərlik uğrunda mübarizə aparmaq, çətin olsa belə vacib və şərəfli bir işdir. Eyni zamanda, tarixə təsir edənlərin yalnız məşhur şəxslər deyil, sadə insanlar da ola biləcəyini xatırladır.


7. Çəki mübarizəsi: Bodi tayfası mükəmməl kürəkəni necə seçir?

Bu foto Cənubi Efiopiyada yaşayan Bodi (və ya Mien) tayfasının tipik bir üzvünü əks etdirir. Tayfa hər il keçirilən Kael adlı qeyri-adi mərasimlə tanınır.


Hər ilin iyun ayında subay kişilər arasında “İlin ən kök adamı” titulu uğrunda yarış keçirilir. Qalib, seçdiyi qadınla ilk evlənən olur. Bu məqsədlə yarış iştirakçıları altı ay ərzində ciddi bir rejimə əməl edirlər – yalnız inək südü və inək qanı ilə qidalanırlar. Heyvanlar öldürülmür – qan boyun nahiyəsində açılan kiçik bir kəsikdən yığılır və yara dərhal bağlanır.


Kişilər hər səhər iki litr təzə qan içirlər. Qan isti iqlimə görə tez xarab olduğundan dərhal içilməlidir. Bu miqdarı qəbul etmək asan deyil, çoxları özlərini pis hiss edir, lakin imtina etmək olmaz çünki nə qədər ağır olsan, qalib gəlmək şansın o qədər çox olar.


Yarış günü iştirakçılar özlərini gil və palçıqla örtür və dörd saat ərzində tayfanın müqəddəs ağacının ətrafında gəzir. Böyüklər diqqətlə onları izləyir və qalibi seçirlər. Qalib həm fəxri titul, həm də tayfadan bir qadınla evlənmək hüququ qazanır.


8. Geert Adriaans Bumgaard – Napoleon ordusunun sonuncu veteranı, 1898

Bu foto tarix üçün nadir və qiymətli bir sübutdur. Şəkildə imperator Napoleon Bonapartın ordusunda xidmət etmiş sonuncu şəxs – Geert Adriaans Bumgaard təsvir olunub. O, 1788-ci ildə anadan olub, 1899-cu ildə vəfat edib – tam 110 il yaşayıb.


Gəncliyində Napoleonun ordusunda xidmət edən Bumgaard, Avropanı dəyişən mühüm hadisələrin bir hissəsi olub. Onun uzun ömrü Napoleon müharibələri dövrü ilə 19-cu əsrin sonu arasında canlı bir körpü yaradıb.


Foto onun yaşadığı saysız-hesabsız tarixi hadisələrdən sonra əldə etdiyi müdrikliyi və sakitliyi əks etdirir. Bu şəkil bizə keçmişi qorumağın və onun şahidi olmuş insanlara hörmət etməyin nə qədər vacib olduğunu göstərir.


9. Xoşbəxtlikdən bir saniyə öncə, 1955


Bu foto hiss və gözləntilərlə dolu bir anı əbədiləşdirən əsl sənət əsəridir. Şəkildə bir kişi arxasında bir balaca it tutub, qarşısında isə hədiyyədən xəbərsiz bir uşaq dayanıb. Kişinin üz ifadəsində sevinc və səbirsizlik qarışığı var. Uşaq isə böyüyün nəyi gizlətdiyini maraqla gözləyir.


Bu foto hər kəsə tanış olan hissləri əks etdirir: sevdiyin birini xoşbəxt etməyin sevincini və hədiyyənin təqdim olunmasından əvvəlki həyəcanı. Şəkildəki balaca it sadəcə oyuncaq deyil – uşaq üçün dost, sirdaş və sonsuz sevinc mənbəyidir.


Bu şəkil bizə həyatın gözəlliyini verən sadə, lakin əvəzolunmaz anları xatırladır. Həm də göstərir ki, sevgi və diqqət – unudulmaz xatirələrin əsas mənbəyidir.


10. Elastiklik və intizam: 20-ci əsrin əvvəllərində gimnastika məşqi


Bu foto çətin bir gimnastika hərəkəti edən qadını göstərir: o, stulun üstündə dayanıb və başını demək olar ki, ayaqlarına qədər əyib. Bədəni inanılmaz elastiklik və güc nümayiş etdirir. Onun yanında dayanan yaşlı bir kişi, çox güman ki, məşqçisidir – qadını çiyinlərindən tutaraq tarazlığı qorumağa kömək edir.


20-ci əsrin əvvəlləri gimnastika və bədən tərbiyəsinin populyarlıq qazandığı dövr olub. O zamana qədər sərt sosial normalarla məhdudlaşdırılmış qadınlar, sağlamlıqlarını gücləndirmək və güclərini nümayiş etdirmək üçün aktiv şəkildə idmanla məşğul olmağa başlayıblar.


Maraqlı faktlar:

    O dövrdə gimnastika çox vaxt hüquqları uğrunda mübarizə aparan qadınların azadlıq simvoluna çevrilib.

    Məşqlər sadə şəraitdə keçirilir, məşqçilər isə çox vaxt sərt və tələbkar olub.


Bu foto niyə əhəmiyyətlidir?

Çünki fiziki mədəniyyətin azadlıq və özünüifadə vasitəsinə çevrildiyi məqamı əks etdirir. Bu şəkil bizə idmanın yalnız bədən məşqi deyil, eyni zamanda bərabərlik uğrunda mübarizə ola biləcəyini xatırladır.


Keçmişdən gələn bu fotoşəkillər sadəcə şəkil deyil – onlar dünyamızın, cəmiyyətimizin və texnologiyaların necə dəyişdiyini göstərən canlı sübutlardır. Hər biri özündə unikal bir hekayə daşıyır: çətinliklər və sevinclər, azadlıq və məhdudiyyətlər, tərəqqi və nostalji haqqında.


Mənbə: dzen.ru

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et