Bu gün:

"Ailə müdaxiləsi bəzən sevgi yox, manipulyasiya ilə nəticələnir"


24media.az-ın budəfəki müsahibi psixoloq Samirə Bağırovadır. O, valideynlərin övladları üzərindəki manipulyativ nəzarətindən danışıb. 

-Sizcə, ailələrin övladlarının qərarlarına qarışması nə vaxt başlayır və hansı hallarda zərərli olur?

Mövzu bu gün çox aktualdır. Çox zaman ailələrin müdaxiləsi “müdafiə” pərdəsi altında manipulyativ xarakter daşıyır və bu, valideyn sevgisindən daha çox nəzarətə, həm də manipulyativ nəzarətə çevrilir. Valideynlər nə vaxt nəzarət etməli, nə zaman dəstək göstərməli olduqlarını bilmirlər.

Amma nəzarət və dəstək anlayışları hər ailədə eyni səviyyədə başa düşülmür. Mədəniyyət, mentalitet və emosional savad bu məsələdə həlledici rol oynayır. Gənclərin müstəqilliyə gec addım atmalarının başlıca səbəbi valideynlərin manipulyativ müdaxiləsidir. Yəni, gənc yetkin yaşda olsa belə, hələ də valideyn nəzarətində qalır və idarə olunur.

Bu səbəbdən də gənclərin bir çoxunda ailənin müdaxiləsi nəticəsində "rahatlıq maskası" formalaşır və bu, onların həyata gec atılmasına səbəb olur. Nəticədə məsuliyyət, şəxsi intizam, fərdi inkişaf arxa planda qalır, maddi asılılıq isə davam edir. Həyat yalnız işləmək və pul qazanmaqdan ibarət bir “sağ qalmaq uğrunda mübarizə”yə çevrilir. Kimlik, şəxsi istəklər, seçim azadlığı, azad ruh və cəsarət kimi hisslər basdırılır.

-Valideynlər nəyi nəzarət, nəyi dəstək olaraq təqdim etməlidirlər?

Nəzarət — uşağın fiziki və psixoloji təhlükəsizliyi, təhlükəli davranışları (narkotik, zorakılıq, intihar meylləri, əsəbilik), maddi asılılıq, təhlükəli çevrə və münasibətlərə diqqət yetirmək deməkdir.

Dəstək isə — uşağın şəxsi seçimlərinə hörmət etməkdir: ali təhsil, peşə, geyim, fərdi inkişaf, səhv etmək haqqı, fikir ifadəsi, öyrənmək hüququ, şəxsi maraq və istedadlara yönəlmək kimi sahələrdə seçim imkanları yaratmaqla göstərilməlidir.

Konstitusiyamıza əsasən, 18 yaşına çatmış hər bir gənc tam hüquqlu fərd hesab olunur. Bu o deməkdir ki, valideyn övladını bu yaşa qədər həyata hazırlamalıdır ki, gənc müstəqil həyata atıldıqda artıq şəxsi qərarlar verə və çətinliklərin öhdəsindən müstəqil şəkildə gələ bilsin.

Valideyn “nəzarətçi” yox, “bələdçi” olmalıdır və uşağın səhvlərindən öyrənməsinə imkan verməlidir. Valideynin qoruma istəyi çox vaxt onun öz psixoloji ehtiyaclarına çevrilir və manipulyativ davranışla nəticələnir.

Beləliklə, qorxaq, özünü ifadə edə bilməyən, öhdəlikdən qaçan, özgüvənsiz, problemdən yayınan bir fərd formalaşır. Halbuki altı yaşdan etibarən hər bir uşaq öz yatağını yığmalı, ayaqqabısını və geyimini özü geyinməli, çantasını hazırlamalıdır.

Dəstək və nəzarət arasında düzgün tarazlıq qurmaq bir insanın sağlam gələcəyi üçün son dərəcə vacibdir.

Zəhra Əliyeva 


Paylaş
Şərh əlavə et