Bu gün:

Pişiklər fiziki qayğı görəndə onlar nə hiss edirlər?


İnsanlar sevgilərini fiziki şəkildə ifadə etməyə öyrəşiblər. Bizim üçün öpüş duyğuların təbii təzahürü, həssaslıq və şəfqətin bir göstəricisidir. Lakin pişiklərin bu jesti bizim kimi qavrayıb-qavramadıqlarını düşünməyə dəyərmi?


Pişik və insan üçün öpüş nə ifadə edir?

Baytar həkim, zoopsixoloq, “Humane Society” təşkilatının sabiq vitse-prezidenti və heyvan davranışları üzrə 40-dan çox kitabın müəllifi Dr. Maykl V. Foks bunu belə izah edir:

“Pişiklər qoxular və toxunma siqnalları ilə dolu bir dünyada yaşayırlar, onların davranışları təkamül baxımından fərqli şəkildə formalaşıb. Pişiklərin insan öpüşünə uyğun təbii bir jesti yoxdur. Onlar üçün qarşılıqlı yalama və bədənlə sürtünmə kimi praktik əhəmiyyətə malik davranışlar daha önəmlidir. İnsan ev heyvanını öpdükdə, fərqinə varmadan öz duyğularını və təcrübələrini ona yükləyir. Bu hal antropomorfizm adlanır — insanların heyvanlarına emosional yaxınlıq göstərməsinə kömək edir, lakin bəzən onların reaksiyalarını düzgün başa düşməyə mane olur.”

Pişik sevgisi və şəfqətinin elmi əsasları

Pişik davranışları üzrə aparılmış araşdırmalar göstərir ki, bu heyvanlar sahibləri ilə emosional bağ qura bilir və hətta bəzi ev heyvanlarını digər heyvanlardan ayırd edə bilirlər. Ev heyvanları duyğularını açıq şəkildə fərqli formalarda ifadə etsələr də, insanlar arasında mövcud olan münasibətlərə bənzər əlaqələr yaradırlar. Məsələn, pişiyin qarın nahiyəsinin sığallanmasına və ya bir insanın qucağında yatmasına icazə verməsi — bu cür davranışlar onun güvənini, emosional yaxınlığını və qorxu hissinin olmadığını göstərir.


Pişiklərin duyğu ifadələri:

Pişiklər anladıqları hərəkətlərlə sevgilərini belə göstərirlər:

1.    Yumşaq şəkildə başını yelləmək.

2.    Güclü mırıldanmaq.

3.    Bədənini sahibinin ayaqlarına sürtmək.

4.    Yalamaq.


Pişik sahibini öz sosial qrupunun üzvü kimi qəbul etdiyindən yalama xüsusilə önəmlidir. Necə ki, ana pişik balalarına qulluq edirsə, ev heyvanı da insana baxır və bu yolla emosional bağı möhkəmləndirir.


Pişiklərin insan öpüşlərinə reaksiyası

“Pişiklərin insan öpüşünü anlayıb-anlamaması onun xarakterindən və insanla münasibətinin necə formalaşmasından asılıdır”, — deyə Dr. Maykl V. Foks bildirir. Bəzi pişiklər bu hərəkəti müsbət qarşılayır, mırıldanma və ya sürtünmə ilə cavab verir. Digərləri isə təmasdan qaçır, bədən və qulaq duruşu ilə narahatlıq və ya qorxu göstərir.


Əgər pişik arxaya çəkilirsə, qulaqlarını yığırsa və ya gərginlik nümayiş etdirirsə, bu, onun bu cür sevgini qəbul etmədiyinin açıq göstəricisidir. Əksinə, rahatlıq, qarşılıqlı sürtünmə və sakit davranış, pişiyin bu ünsiyyətdən razı qaldığını göstərir.


Gigiyena baxımından pişiyi öpmək nə qədər doğrudur?


Ev heyvanınızı, xüsusilə də üz nahiyəsindən — dodaq və burun hissəsindən öpməyiniz tövsiyə olunmur. Pişiklərin ağzında yaşayan bakteriyalar insanlar üçün təhlükəli ola bilər. Bu cür davranış infeksiyaların və parazitlərin keçmə riskini artırır. Şəfqəti ifadə etməyin daha düzgün yolu — pişiyin başının üstündən öpmək və ya bədənini yüngülcə sığallamaqdır. Başqa insanlara məxsus, tanımadığınız heyvanlara bu cür diqqət göstərmək də məsləhət deyil — bu, onların aqressiyasına və ya stressə səbəb ola bilər.


Pişik oxşanmağa icazə vermirsə, güvəni necə yaratmaq olar?

Bütün heyvanlar sevgini fiziki şəkildə eyni formada ifadə etməyə meyilli deyil. Əgər bir pişik yaxınlaşmırsa, onun şəxsi sərhədlərini nəzərə almaq və güvəni tədricən qurmaq vacibdir. Sadə jestlərlə başlamaq lazımdır: tanışlıq üçün əlinizi uzadın, pişiyin birinci yaxınlaşmasına imkan verin, onu sakit və qəfil hərəkətlər etmədən sığallayın. Tədricən heyvan təmasa öyrəşəcək və artıq özü təşəbbüs göstərəcək.


Sahiblər üçün praktiki tövsiyələr

Ev heyvanınızla münasibətinizi harmonik etmək üçün onun istəklərinə diqqətlə baxmağı və hörmətlə yanaşmağı öyrənin. Pişiyi öpməzdən əvvəl reaksiyasını izləyin: belə bir davranışı sevir, yoxsa sadəcə sığallanmaq və sakit səslə danışmaq kifayətdirmi? Heyvanın xarakterini nəzərə alaraq, hər zaman diqqətli və anlayışlı olun.


Pişiklərini dinləməyi bacaran sahiblər nəticədə dərin qarşılıqlı anlaşmaya nail olurlar. Pişiklər öpüşü bizim kimi qəbul etməsələr də, onlara uyğun şəkildə göstərilən diqqət və hörmət vasitəsilə sevgimizin səmimiyyətini hiss edə bilirlər.


Mənbə: dzen.ru

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et