Bu gün:

Bütün buzlaqlar ərisə, nə baş verər?


Aparılan araşdırmaların nəticələrinə görə, planetimiz insan fəaliyyəti nəticəsində indiki sürətlə istiləşməyə davam edərsə, 2100-cü ilə qədər bütün dağ buzlaqlarının 68 faizi əriyəcək.

Qütb buzlaqları dünyanın soyuducuları hesab olunur və planetimizdə iqlim sisteminin tənzimlənməsində çox mühüm rol oynayır. Şimal Buzlu Okeanındakı buzların bir hissəsi hər yay əriyib suya qarışır, qışda isə yenidən əmələ gəlir. Amma iqlim dəyişikliyi nəticəsində Arktika dənizinin buz qatı hər ay kiçilir və nazikləşir. Amerika Milli Kosmik Agentliyinin (NASA) məlumatına görə, Arktika dəniz buzlaqlarının ən çox əridiyi sentyabr ayında hər 10 ildən bir orta hesabla 13 faiz kiçilmə baş verir. Bu, son min il ərzində görünməmiş bir vəziyyətdir. Dəniz buzlaqları da planetin isinməsinə görə əriyir və Yerin daha da qızmasına səbəb olur. Bu, Yer səthinin albedosunun dəyişməsilə əlaqədardır. Səthin rəngi açıldıqca albedo (əks etdirmə) qabiliyyəti artır. 


Qütblərin ağ qar əvəzinə tünd rəngli suyla örtülməsi istiliyin daha çox saxlanmasına gətirib çıxarır. Boğaziçi Universiteti İqlim Dəyişikliyi və Siyasət Mərkəzinin İdarə Heyətinin üzvü professor Murat Türkeş BBC Türkçe-yə müsahibəsində deyib ki, ən çox istiləşmə qütblərdə baş verir və bu, "böyük təzyiq və külək sistemlərinin formalaşmasına" təsir edir. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) məlumatına görə, Arktika səthinin temperaturu son 20 ildə qlobal orta göstəricini iki dəfədən də çox üstələyib. Bu, daha çox və daha şiddətli isti hava dalğaları yaradır və onların Arktikanı əhatə edən küləklərə təsiri nəticəsində soyuq hava dalğaları yaranır, qar fırtınaları şiddətlənir.


Müşahidə olunan başqa bir yenilik temperatur və duzluluq balansının dəyişməsi nəticəsində okean axınlarının dünya iqlimini tənzimləmək qabiliyyətinin azalmasıdır. Suyun sıxlığındakı fərqlərdən yaranan, daşıyıcı kəmər kimi tanınan dərin okean axınları soyuq suyla isti suyun yerdəyişməsini və sudakı qida maddələrinin daşınmasını təmin edir. Buzlaqların əriməsi Arktikada duzlu suyun sıxlığının azaldır, bu isə axınların yavaşlamasına səbəb olur. Ekspertlərin fikrincə, belə vəziyyət Avropada qısa bir buz dövrünün başlanmasına da yol aça bilər. Araşdırmalar göstərir ki, bəşər tarixində aqrar mühitə keçidlə iqliminin sabitləşməsi eyni vaxtda baş verib.


Mənbə: BBC

Tərcümə etdi: Nahid Xəlilov

Paylaş
Şərh əlavə et