Bu gün:

Mişel Xia xərçəng dərmanı şirkəti quraraq necə milyarder olub?


Mişel Sya ABŞ-ın əczaçılıq şirkətlərində çalışaraq qiymətli təcrübə qazandı və daha sonra Çində özünün biotexnologiya şirkəti olan Akeso-nu təsis etdi. 2024-cü ildə keçirilən klinik sınaqlar zamanı onun şirkətinin xərçəng əleyhinə dərmanı effektivlik baxımından dünyaca məşhur dərmanı geridə qoydu. Akeso-nun səhmlərinin dəyərinin kəskin artması nəticəsində Sya milyarderlər sırasına daxil oldu.

Mişel Sya ABŞ-da 12 il tədqiqat və biotexnologiya sahəsində çalışıb, sonra isə doğma Çinə qayıdaraq Crown Bioscience adlı Amerika mənşəli müqaviləli tədqiqat təşkilatında işə düzəlib (bu, klinik sınaqların aparılması xidmətlərini göstərən şirkətdir. — Forbes Woman). Həyat elmləri sahəsində ixtisaslaşan bu şirkətdə çalışarkən Sya tezliklə anladı ki, onun doğma ölkəsində pasiyentlər qabaqcıl dərmanlara çıxış əldə etmək üçün amerikalılarla müqayisədə daha uzun müddət gözləməli olurlar. Onun sözlərinə görə, həmin dövrdə ABŞ-da təsdiqlənmiş dərmanlar Çində yalnız səkkiz–on il sonra əlçatan olurdu.

Syanın sözlərinə görə, “o zamanlar Çində dərmanların hazırlanması sahəsində innovativ fəaliyyət o qədər də inkişaf etməmişdi.” Çin ABŞ dərmanlarının surətlərini istehsal edirdi, lakin böyük gecikmə ilə. Sya bu vəziyyəti ölkədə dəyişmək əzmində idi və bunun üçün sənayedəki geniş təcrübəsindən yararlanmaq qərarına gəldi. 2012-ci ildə o, Crown Bioscience-dən olan iki keçmiş həmkarı və daha bir həmtəsisçi ilə birlikdə Cənubi Çində, Honkonqun qərbində yerləşən Çjunşan şəhərində biotexnologiya şirkəti təsis etdi. O, bu startapa baş direktor, direktorlar şurasının sədri və prezident kimi rəhbərlik etdi. Şirkətə Yunan sağalma ilahəsi şərəfinə Akeso adı verildi.

İndi — Akeso-nun Honkonq fond birjasında (HKEX) listinqindən beş il sonra — şirkətin ağciyər xərçəngi ilə mübarizə üçün hazırladığı qabaqcıl dərman bütün dünyada əczaçılıq sektorunun diqqətini cəlb edib. Ötən il Çində keçirilmiş III faza klinik sınaqları çərçivəsində Akeso-nun İvonessimab adlı preparatı ilə Merck şirkətinin pəmbrolizumab tərkibli, “Keytruda” adlı və 2024-cü ildə satış həcmi demək olar ki, 30 milyard dollara çatan ən çox satılan dərmanı müqayisə edilib. Nəticədə Akeso-nun dərmanı rəqibini geridə qoyub.

Az tanınan Çin şirkətinin preparatının Merck bələdçisi olan bəşəriyyətin ən çox satılan dərmanını geridə qoyması ilə nəticələnən klinik sınaqların nəticələri Akeso-nun səhmlərinin sürətlə artmasına səbəb oldu — son bir ildə onların dəyəri üç dəfə yüksəldi. Bu uğurlar Akeso-nun 58 yaşlı rəhbəri Syanı milyarderə çevirdi — Forbes USA-nın qiymətləndirməsinə görə, hal-hazırda onun sərvəti 1,2 milyard dollar təşkil edir. Bu rəqəm onun ailəsinin şirkətin 8,5% səhminə sahib olması əsasında hesablanıb. O, Çində səhiyyə sahəsində çalışan doqquz qadın milyarderdən biridir (onlardan ikisi sərvətlərini miras alıb) və dünya üzrə bu sahədə sərvətini özü qazanmış (self-made) ən varlı 13 qadından biridir.

Lakin Sya üçün ən vacib məsələ — şirkətinin öz sahəsində innovator olmasıdır. Akeso özünün məşhur dərmanını hazırlayarkən bir inyeksiya formasında iki metodu birləşdirdi: immun sisteminin şiş hüceyrələrinə hücum etməsini stimullaşdırmaq və şişin qan təchizatını kəsərək onu “ac buraxmaq”. “Belə bir yanaşma (iki metodun birləşdirilməsi) əksər hallarda nəzərə alınmır, — izah edir Roche və digər şirkətlərdə keçmiş baş elmi rəhbər, hazırda isə Summit Therapeutics şirkətinin direktorlar şurasının üzvü olan Robert But. Bu şirkət 2022-ci ildə Akeso-nun İvonессимаб preparatı üzrə ABŞ, Kanada, Avropa və Yaponiya bazarları üçün lisenziya alıb. — Lakin Mişel bu metodu sınamaqdan qorxmadı. O, öz elmi yanaşmasına inanırdı”. 

Akeso-nun uğurları Çin biofarmasevtika şirkətlərinin son illərdəki nailiyyətlər dalğasının bir hissəsidir. DealForma adlı tədqiqat şirkətinin məlumatına görə, 2024-cü ildə iri əczaçılıq firmaları tərəfindən lisenziyalaşdırılan dərmanların təxminən üçdə biri Çin şirkətləri tərəfindən hazırlanıb, halbuki 2019-cu ildə bu göstərici sıfır idi. Aprel ayında ABŞ Konqresinin Milli Təhlükəsizlik Komissiyası (NSCEB — National Security Commission on Emerging Biotechnology) bir hesabat dərc edərək xəbərdarlıq etdi ki, ABŞ bu sahədə liderliyini itirmək riski ilə üz-üzədir və hökumət beş il ərzində biotexnoloji tədqiqatlar və istehsala dəstək üçün 15 milyard dollar ayırmalıdır.

“Əvvəllər Çin bazarını sadəcə maraqla izləyirdilər, lakin son beş ildə o, qlobal biofarmasevtika innovasiyalarının əsas dayaqlarından birinə çevrilib” — deyə PwC şirkətində əczaçılıq və həyat elmləri sahəsində sazişlər üzrə rəhbər Roel van den Akker may ayında yazıb. İrəliləyişin bir hissəsi ABŞ-da təhsil almış və ya işləmiş, daha sonra isə vətənə qayıtmış Çinli alimlərin fəaliyyəti ilə bağlıdır — məhz Mişel Sya kimi.

Mənbə: forbes

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et