Bu gün:

6 saatdan az yatmaq sağlamlığa necə təsir edir?


Dos. Dr. Məhəmməd Emin Akkoyunlu keyfiyyətli yuxunun sağlamlıq üçün əhəmiyyətindən danışıb.

Dos. Dr. Akkoyunlu son dövrdə yuxunun insan sağlamlığına təsiri ilə bağlı yeni araşdırmaların aparıldığına və son olaraq 1999-2015-ci illər arasında Pittsburgh Tibb Mərkəzində xəstəxanaya yerləşdirilən 31 min insanın 16 il müddətində müayinə edildiyini bildirib. 

Burada ən əsası yuxu pozğunluğu olanların bu saya daxil olmamasıdır. Araşdırma çərçivəsində yuxu keyfiyyəti yaxşı olan, lakin yuxu saatı az olanlar araşdırılıb. 6 saatdan az yatanlarda ürək ritminin pozulması riski 1,7 dəfə artır.

Akkoyunlu bildirib ki, 6 saat və ya daha az yuxu sağlamlıq üçün yaxşı deyil. O qeyd edib ki, gün ərzində yuxunuz gəlirsə, yuxu probleminiz var.

Yuxu müddəti ani ölümlər və iflic ilə əlaqəlidir

Bu vəziyyətin çox təəccüblü bir həqiqəti ortaya qoyduğunu ifadə edən Dos. Dr. Akkoyunlu belə davam edib: "Ani ölümlər, infarkt, insult kimi bir çox həyatı təhdid edən vəziyyətlərin səbəblərindən biri olan ürək ritminin pozulması birbaşa yuxu müddəti ilə bağlıdır. Nə qədər az yatsanız, bir o qədər çox xəstələnəcəksiniz və ölüm riskiniz artacaq. Təəssüf ki, sağlamlığa bu qədər təsir edən və çox sadə vərdiş dəyişiklikləri ilə həll edə biləcəyimiz şeylərə məhəl qoymur və böyük bədəllər ödəyirik. Məsələn, sağlamlıq baxımından geni dəyişdirilmiş qidalar, mikroplastik epidemiya, qlobal iqlim dəyişikliyi kimi çox məşhur mövzularımız var. Bəlkə də, bunlar fərdi mənada həyat üçün elə də təhlükə yaratmır, həmçinin onları düzəltmək yuxumuzu tənzimləməyin asanlığı ilə müqayisə olunmur. 

Bu araşdırmanın ikinci mühüm nəticəsi odur ki, yuxunun keyfiyyəti pisləşdikdə ciddi ürək ritm pozğunluqları baş verir. Yuxu keyfiyyətinin ölçülməsi REM adlandırdığımız mərhələ və dərin yuxu ilə qiymətləndirilir. Bu dərin yuxu səngidikdə nəticə yenə fəlakətlidir. Yuxu keyfiyyətinin pisləşməsi hər hansı bir yuxu xəstəliyi və ya yuxu gigiyenasının pozulması ilə bağlı ola bilər."

Gün ərzində yuxunuz gəlirsə, diqqət edin

Dos. Dr. Akkoyunlu yuxu keyfiyyətinin və ya müddətinin qeyri-adekvatlığının necə təyin olunacağını belə izah edib: "7 saat ən az sağlam yuxudur. 6 saat və ya daha az yuxu sağlamlığınızı korlamaq üçün kifayət qədər kritik səviyyənin aşılması deməkdir. Gün ərzində, yəni oyaq qalmalı olduğunuz dövrdə yuxunuz gəlirsə, bu yuxu probleminizin olduğu anlamına gəlir. Məsələn, avtomobil səfəri zamanı, nahardan sonra sakit bir mühitdə yuxunuz gəlirsə, bu, yuxu baxımından həkimlə danışmağınız lazım olduğuna işarə kimi qəbul edilməlidir. Yuxu müddəti və keyfiyyəti gəncliyinizi, qavrayışınızı, sağlamlığınızı və hətta həyatınızın müddətini təyin etməkdə müdaxilə edə biləcəyiniz çox vacib bir parametrdir.

Mənbə: Hürriyet

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et