Bu gün:

21 yaşından sonra aşiq olmaq mümkünsüzdürmü?


21 yaşdan sonra aşiq olmamaq qəti bir qayda deyil. Lakin bunun arxasında duran neyrobioloji (beyinlə bağlı) və psixodinamik (şəxsiyyət quruluşu və keçmiş yaşantılarla bağlı) mexanizmlər bu yaşdan sonra eşq təcrübəsinin nəyə görə fərqləndiyini izah edə bilər.

İnsan beynində, xüsusilə yeniyetməlik və erkən yetkinlik dövründə (təxminən 15-21 yaş arası) mezolimbik dopamin sistemi (mükafat və həzz mərkəzi) olduqca aktiv olur. Bu sistem mükafat gözləntisi, yəni gözlədiyin qarşılığı alma hissi, motivasiya və arzu kimi eşqin əsas komponentlərini tənzimləyir. Həmin dövrdə prefrontal korteks (qərarvermə və məntiqli düşüncədən məsul olan beyin bölgəsi) hələ tam inkişaf etmədiyi üçün emosional təsirlərə daha impulsiv (düşünmədən) reaksiyalar verilir. Bu da insanın qəfil, sürətli və intensiv şəkildə aşiq olmasını asanlaşdırır.

Oksitosin və vazopressin kimi neyropeptidlər, yəni bağlanmanı təmin edən hormonlar, xüsusilə fiziki təmas və emosional yaxınlıq zamanı romantik bağları gücləndirir, məsələn, birinə sarıldıqda içini isidən bağ hissi kimi.

Lakin 21 yaşdan sonra həm hormonal-bədən kimyası ilə bağlı aktivlik azalır, həm də prefrontal korteksin inkişafı tamamlanır. Bu səbəbdən insan münasibətlərdə daha seçici, ehtiyatlı və rasional (məntiqli) davranmağa başlayır. Bunun üzərinə əlavə olunan pis münasibət təcrübələri, tərk edilmə hekayələri və formalaşan bağlanma tipləri eşqin yaranmasını çətinləşdirir.

Nəticə olaraq 21 yaşdan sonra eşq hələ də mümkündür, lakin daha az dopamin-dominant (dəli kimi həyəcanlı), daha az düşüncəyə çevrilən, daha çox oksitosin əsaslı yəni güvən və rahatlıq mərkəzli bir formaya çevrilir. Buna görə də gənc yaşlarda yaşanan o “nəfəsini kəsən”, “həyatımı dəyişdi” deyilən eşqlərin yerinə daha balanslı, təhlükəsiz, lakin bəzən də daha səthi münasibətlər görünür.

Eşq hələ də var, amma formasını dəyişir. Yəni eşqin fiziologiyası eyni qalır, sadəcə beyin onu fərqli bir baxışla oxuyur.

Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et