Bu gün:

XIV Lüdovik dövründə gigiyena


Fransa kralı XIV Lüdovik deyildikdə, ilk növbədə, təmtəraq, dəbdəbə və Versal sarayı xatırlanır. Lakin bu ihtişamlı dövrün arxasında gigiyena baxımından olduqca qaranlıq bir mənzərə dayanır. Hər nə qədər kralın həyatında cəmi üç dəfə vanna qəbul etdiyi söylənsə də, bu məlumat tarixi faktlarla tam uyğun gəlmir. Sarayda dolaşan ətirlər, atılan tullantılar və geniş yayılan xəstəliklər bu dövrü fərqli bir baxış bucağından dəyərləndirməyə imkan verir. Gəlin, bu kəskin qoxularla dolu əfsanəni birlikdə araşdıraq.

XIV Lüdovikin cəmi üç dəfə vanna qəbul etdiyi barədə rəvayətlər uzun illərdir ki, xalq arasında dolaşır. Lakin bu iddialar tarix baxımından tam doğru hesab edilə bilməz. XVII əsrdə gigiyena anlayışı bugünkündən kəskin şəkildə fərqlənib. Həmin dövrdə suyun xəstəlik yaydığına inanılıb və həkimlər tez-tez vanna qəbul etməyi sağlamlıq üçün təhlükəli hesab ediblər. Su mənbələrinin çirkli olması bu qorxunu qismən əsaslandırıb. Nəticə etibarilə, vanna qəbul etmək yalnız xəstəlik zamanı və ya xüsusi hallar üçün nəzərdə tutulmuş nadir bir prosedur hesab olunub.

Əldə olan tarixi məlumatlara əsasən, XIV Lüdovik gənclik illərində üzgüçülüyü sevib və sarayında həm isti, həm də soyuq su ilə təmin olunan nəhəng vanna otağı inşa etdirib. Versalda yerləşən “Cabinet des Bains” adlanan bölmədə biri yuyunmaq, digəri durulanmaq üçün nəzərdə tutulan iki ayrıca vanna mövcud idi. Yəni kral gigiyenanın əhəmiyyətindən xəbərsiz biri olmayıb. Bununla belə, gündəlik təmizlik anlayışı daha çox bədəni quru silmək, ətirdən istifadə və alt paltarlarını dəyişdirməklə həyata keçirilib. Həmin dövr üçün adi sayılan bu vərdişlər müasir dövrdə təəccüblə qarşılanır.

Bu gün muzeylərdə heyranlıqla gəzdiyimiz Versal Sarayı isə XVII–XVIII əsrlərdə olduqca natəmiz bir məkan olub. Sarayda on minlərlə insan yaşayıb, lakin tullantıların idarə olunması demək olar ki, mövcud deyildi. İnsanlar sanitar ehtiyaclarını çox zaman pilləkən altlarında, kaminlərdə və ya dəhlizlərin künclərində ödəyiblər. Bəzi hallarda tullantılar birbaşa çölə atılıb, bəzən isə daxili məkanlarda yığılıb. Bu isə bütün sarayı bürüyən dözülməz bir qoxuya səbəb olub.

Xüsusilə yay aylarında bu qoxu daha da kəskinləşib. Saraya hopan bu çirklilik yalnız daxili məkanları deyil, bağları və həyətləri də əhatə edib. Rəvayətə görə, kraliça Mariya-Antuanetta sarayda gəzərkən üzərinə insan tullantısı sıçradığı üçün geyimini dəyişdirməyə məcbur qalıb. Hətta sarayda istifadə olunan çirkab su borularının otaqlara sızdığı, tıxanmalar səbəbilə zəhərli qazların yayıldığı arxiv sənədləri ilə təsdiqlənib.

Aristokratlar isə bədən qoxusunu ört-basdır etmək üçün ətirdən intensiv şəkildə istifadə ediblər. 

Fransız aristokratları özlərinə məxsus şəxsi ətirlər yaradır və bu qoxuları şəxsən yoxlayıb təsdiqləyiblər. Ətirlər o qədər əhəmiyyət qazanıb ki, bəzi zadəganlar müəyyən qoxularla tanınıb. Məsələn, Aumont hersoginyasının qoxusu “à la Maréchale” adı ilə tanınıb. Madam du Barrinin isə sevimli ətiri bergamot, lavanda və rozmarin tərkibli “Aqua Mirabilis” olub. Zamanla bu adət Fransa ətir sənayesinin dünyada tanınan bir mədəniyyətə çevrilməsinin əsasını qoyub.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et