Bu gün:

Qaranlıq doğum günü: Tramp və Əpşteyn arasındakı əlaqənin iddiaları


Wall Street Journal qəzeti bildirib ki, Donald Tramp 22 il əvvəl maliyyəçi Ceffri Epşteynə, müxtəlif məşhur və varlı insanlara yetkinlik yaşına çatmayan qızlar “təmin etməkdə” ittiham olunan şəxsə, zarafatcıl bir təbrik məktubu yazıb. Tramp məktubu saxtakarlıq adlandırıb, məhkəməyə müraciət edəcəyini bildirib və Ədliyyə Nazirliyinə “işə aid olan bütün” Epşteyn işi üzrə ifadələrin təqdim olunması barədə göstəriş verib.

Cümə axşamı dərc olunmuş “Ceffri Epşteynin dostları onun 50 illik yubileyi üçün albomuna açıq-saçıq məktublar yazıblar. Onlardan biri Donald Trampdan idi” başlıqlı məqalədə Wall Street Journal yazır ki, həmin təbrik albomu və o cümlədən daşınmaz əmlak maqnatı Donald Trampın məktubu 2003-cü ilin əvvəlində, Epşteynin 50 illik yubileyindən əvvəl onun rəfiqəsi Gileyn Maksvell tərəfindən toplanıb.

2022-ci ildə Maksvell Epşteyn üçün yeniyetmə qızlar cəlb etdiyinə görə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib.

Donald Tramp dərhal WSJ məqaləsinə öz sosial şəbəkəsi olan Truth Social-da paylaşdığı postla cavab verərək bildirib ki, bu məktubu o yazmayıb və o, həmçinin mətbuat katibi Kerolin Livitt WSJ-nin sahibi Rupert Merdoku və baş redaktoru Emma Takeri xəbərdar etmişdilər ki, bu məktubu dərc etməsinlər, çünki bu saxtadır.

“Prezident Tramp çox tezliklə Wall Street Journal, NewsCorp [Merdokun korporasiyası] və cənab Merdoku məhkəməyə verəcək,” — Tramp özündən üçüncü şəxsdə yazıb.

Prezident postunda izah edir ki, əgər bu məktub doğrudan da mövcud olsaydı, Epşteyn işi araşdırılan illərdə Demokrat Partiyasından olan siyasi rəqibləri – onun “dəli sol radikallar” adlandırdığı şəxslər – çoxdan bunu dərc edərdilər.

Ceffri Epşteyn 2019-cu ildə məhkəməni gözlədiyi zaman həbsxana kamerasında ölü tapılıb. Araşdırmanın nəticələrinə əsasən, o, intihar edib.

WSJ yazır ki, Trampın Epşteynə yazdığı iddia olunan məktub çılpaq qadın bədəninin görüntüsünün üzərinə yazı makinasında yazılmış mətn formasında olub və Trampın imzası bədənin intim hissəsinə yerləşdirilib.

Trampın adı Epşteyn işi ilə bağlı açıqlanmış məhkəmə sənədlərində keçir, lakin Trampın hər hansı qanunsuz hərəkətinə dair heç bir sübut yoxdur. O, Epşteyni tanıyırdı, lakin onun xidmətlərindən istifadə etdiyini inkar edir.

Trampın ilk postunda məhkəmə ilə hədələməsindən az sonra o, ikinci post yazaraq Ədliyyə Nazirliyinə Epşteyn işi üzrə Böyük Məhkəmə Heyəti qarşısında verilmiş ifadələrin açıqlanması ilə bağlı göstəriş verdiyini elan edib.

“Ceffri Epşteynə göstərilən bu qeyri-real miqdarda diqqəti nəzərə alaraq, mən baş prokuror Pəm Bondidən, məhkəmənin icazəsi olduğu halda, Böyük Məhkəmə Heyəti qarşısında verilmiş, işə aid olan bütün ifadələrin açıqlanmasını istədim,” — Tramp yazıb.

Baş prokuror (Ədliyyə Nazirliyinin rəhbəri) Pəm Bondi bir neçə dəqiqə sonra cavab verib: “Biz artıq sabah Böyük Məhkəmə Heyətinin stenoqramlarının açıqlanması üçün məhkəməyə müraciətə hazırıq.”

Tramp bu şəkildə təkcə WSJ-nin dərc etdiyi məqaləyə deyil, həm də onun tərəfdarlarının Pəm Bondidən Epşteyn işi ilə bağlı materialların dərc olunmasını tələb etməsinə cavab vermiş oldu — xüsusilə də Trampın üzərindən şübhələri götürmək məqsədilə.

Seçki kampaniyası zamanı Tramp bu materialları açıqlayacağına söz vermişdi.

Lakin ötən həftə Bondi bəyan etdi ki, Ədliyyə Nazirliyinin fikrincə, Epşteynin heç bir “müştəri siyahısı” olmayıb — bu siyahının dərc olunmasını, o cümlədən Trampın tərəfdarları da tələb edirdilər.

Bununla belə, vəzifəsinin ilk aylarında Bondi Epşteyn işi üzrə tezliklə gurultulu ifşalar edəcəyinə söz vermişdi və “çoxlu adlar” və “uçuş məlumatları” açıqlayacağını demişdi — bu, Epşteynin özəl adalarına və ya onunla birlikdə uçmuş şəxslərə aid idi. İttihamlara görə, həmin adalarda onun dostları və müştəriləri azyaşlı qızlarla əylənirmişlər.

Bu mövqe dəyişikliyi hətta Trampın ən qızğın tərəfdarlarını belə qəzəbləndirdi və onlar Bondinin istefasını tələb etməyə başladılar.

Mənbə: bbc

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et