Bu gün:

Şahzadə kimi davranış


“Bridgerton”, “The Buccaneers” və “The Gilded Age” kimi seriallarda yüksək cəmiyyətin klassik sevgi motivləri yayılıb. Amma indi bu dövr dramlarında görünən centlmen davranışları Gen Z-in sevimli sosial media fenomeninə çevrilib, bu da "şahzadə kimi davranış"dır.

"Şahzadə kimi davranış" deyəndə qadınlara tərəfdaşları tərəfindən edilən romantik jestlər nəzərdə tutulur. Məsələn, yatağa gətirilən latte, hər cümə çiçək, ödənişli pedikür və qapıların açılması kimi jestlər. Sosial mediada bu davranış tez-tez "minimum səviyyə" ilə müqayisə olunur, yəni sadə ünsiyyət və ad gününü xatırlamaq kimi standart gözləntilərlə. Belə davranışlar sosial mediada çox maraq doğurur, çünki şəxsi sevgilər artıq ictimai nümayişə çevrilib. Amma bu nə dərəcədə sağlamdır? Bu, əxlaq qaydasıdır, münasibət arzusu, yoxsa "gizli şəkildə geriyə dönüş" anlamına gələn bir ənənəçilik forması? #princesstreatment həştəqi altında İnstaqramda demək olar ki, 130 min paylaşım var. Bu trendin əsasında ABŞ-nin Yuta ştatında yaşayan influencer Kortni Palmer dayanır. O, özünü “şahzadə evdar qadın” adlandırır. Onun TikTok videosu 7.6 milyon baxış toplayıb və orada o deyir: “ Həyat yoldaşımla restoranda olarkən nə ofisiantla danışıram, nə qapı açıram, nə də yemək sifariş verirəm”. Bəziləri isə bunu "şahzadə yox, əsir kimi davranış" adlandırır. The Guardian-dan Emma Beddington bu trendi “iyrənc və narahatedici” adlandırıb. Amma buna baxmayaraq, bu trend, xüsusilə ABŞ-də çox populyardır.

Etiket üzrə influencer Myka Meier deyir: “Günümüzdə tanışlıqlar çox mexaniki və qarışıq göründüyündən, köhnə tipli romantika xüsusi hiss etdirir”. Onun fikrincə, bu davranış materializm yox, diqqət və qayğını göstərir. “Sevgidə ‘ayağının yerdən kəsilməsi’ hissi hər kəsin içindəki zərifliyə, hörmətə və məqsədyönlülüyə toxunur” – deyir Meier. Bu payız gələcək yeni “Downton Abbey” filmi və Lena Dunhamın “Too Much” serialındakı baş qəhrəmanın cənab Darcy tərzində bir kişi ilə evlənmə arzusu –hamısı bir şeyi göstərir: insanlar yüksək cəmiyyət sevgisinə hələ də heyrandır. Bridgerton, The Buccaneers, The Gilded Age və The Crown kimi seriallar sayəsində klassik sevgi nümayişləri artıq hər kəsin izləyə biləcəyi şəkildə populyarlaşıb. Etiket eksperti Daniel Post Senning deyir: “Bu seriallar mütləq auditoriyanın münasibət suallarına təsir edib.” O əlavə edir: “Hekayələr hisslərimizi necə başa düşdüyümüzə təsir edir”.

ABŞ artıq 250 il əvvəl monarxiyadan ayrılsa da, amerikalılar uzun müddətdir kral ailələrinə maraq göstərirlər. 1837-ci ildə Kraliça Viktoriya taxta çıxdıqda ABŞ-də “Viktoriya hərarəti” baş qaldırıb. Boston Universitetindən tarixçi Arianne Chernock deyir ki, amerikalı qadınlar onun hər şeyinə maraq göstəriblər, hətta onun çəkmələrinə qədər. 20-ci əsrdə Disney-in Sindirella cizgi filmi və Kraliça II Elizabetin tacqoyma mərasiminin televiziyada göstərilməsi, qadın şahzadələrin daha da populyarlaşmasına səbəb olub. Və indi? “ABŞ artıq kral ailəsinin bir parçasına çevrilib” – deyir Chernock. Məsələn, 1936-cı ildə ABŞ-dən olan divorsiyalı qadın Wallis Simpson kral VIII Edvardın taxtdan imtina etməsinə səbəb olub. Daha sonra şahzadə Harry ilə Kaliforniyalı aktrisa Meghan Markle-ın evliliyi yenidən ABŞ-nin diqqətini cəlb edib. Və əlbəttə, şahzadə Diana britaniyalı olsa da, Amerikada “xalqın şahzadəsi” kimi tanınıb. Chernock əlavə edir: “Diana ABŞ-də çox sevilib. Hətta Amerikaya köçməyi düşünüb, çünki burada daha çox dəstək gördüyünü düşünüb”. Bu müzakirələr yeni deyil, deyir Chernock. Cəmiyyət çoxdandır “şahzadə” obrazından qadınlıq və uyğunluq anlayışlarını sorğulamaq üçün istifadə edir. “Bu trend qadının cəmiyyətdəki rolunun referendumu kimidir. Bu barədə isə heç vaxt tək bir baxış olmayacaq”.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et