Bu gün:

Misir elektrik kəsintilərinə qalib gələ bilər


Misirin ilk genişmiqyaslı hibrid günəş və batareya stansiyasının tikintisinə başlanılıb. Ölkə öz bol günəş potensialından istifadə edərək enerji böhranını həll etməyə çalışır.

Obelisk adlı bu layihə Naqa Hammadi şəhərində yerləşir və 1.1 giqavattlıq günəş enerjisi istehsalını 200 meqavatt-saatlıq batareya saxlaması ilə birləşdirəcək. 590 milyon dollarlıq bu layihəni əsasən inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən Norveçin “Scatec” bərpa olunan enerji şirkəti həyata keçirir.

2010–2023-cü illər arasında batareya saxlama texnologiyalarının qiyməti 89% ucuzlaşıb. Bu da əsasən istehsal gücünün artması, xüsusilə də Çində baş verən artımla bağlıdır. Elgendy bildirir ki, bu ucuzlaşma nəticəsində 2027-ci ilə qədər günəş və batareya birgə qurğuları “istənilən növ elektrik istehsalının ən ucuz forması” olacaq. Qlobal Günəş Şurasının hesabatına görə, enerji saxlama imkanları günəş enerjisinin qlobal miqyasda daha çox quraşdırılmasının əsas səbəblərindən biridir.

Lakin qlobal miqyasda batareya saxlama gücü 2024-cü ildə 363 giqavatt-saata çatsa da, Afrikada bu rəqəm cəmi 1.6 GWh təşkil edir.

Elgendy deyir ki, batareya qiymətləri düşsə və günəş enerjisi işlətmək ucuz olsa da, bu tip stansiyaların qurulması hələ də böyük sərmayə tələb edir. İnkişaf etməkdə olan ölkələrdə investisiya risklərinin yüksək olması Afrikada bu layihələrin daha baha başa gəlməsinə səbəb olur. 2024-cü ildə qlobal enerji investisiyalarının yalnız 3%-i Afrikaya yönəlib.

Obelisk layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankı, Afrika İnkişaf Bankı və Britaniya Beynəlxalq İnvestisiya qurumu tərəfindən 479.1 milyon dollar maliyyə alacaq. 2026-cı ilin birinci yarısında 561 meqavattlıq günəş enerjisi və bütün batareya gücünün istifadəyə verilməsi, ilin sonunadək isə tam 1.1 giqavatt gücə çatması planlaşdırılır.


Mənbə: CNN

Tərcümə etdi: İlhamə Nurəhmədova

Paylaş
Şərh əlavə et