Bu gün:

Soyuq bir şey içdikdən sonra gələn ani baş ağrısının səbəbi


Soyuq su içdikdən sonra yaranan ani baş ağrısının tibbi adı sfenopalatin ganglionöralgiyadır. Xalq arasında isə bu hal “dondurma baş ağrısı” kimi tanınır. Lakin bu hadisə təkcə dondurma ilə bağlı deyil, buz kimi soyuq içkilər də eyni təsiri yarada bilər.

Çox soyuq bir şey ağız və ya boğazla təmas etdikdə, bu bölgədəki damarlar qəfildən daralır (vazokonstriksiya). Ardınca isə bədən tarazlığı bərpa etmək üçün bu damarları genişləndirir (vazodilatasiya). Bu sürətli dəyişiklik üzümüzdəki trigeminal siniri qıcıqlandırır və beyin bu siqnalı alın və ya gicgah nahiyəsində ağrı varmış kimi qəbul edir.

Əslində ağrı damaqda və ya burunətrafı ciblərdəki sinirlərdə başlayır, lakin beyin bu siqnalları alın nahiyəsinə yönəldir. Bu zaman alın bölgəsində iynə kimi bir sancı hiss olunur, sanki başın içi buzla vurulurmuş kimi təsir bağışlayır.

Migren keçmişi olan insanlar bu vəziyyətə daha çox meyilli olurlar. Çox zaman zərərsizdir və bir neçə saniyə içində keçir, lakin olduqca narahatedicidir. Xüsusilə buz kimi soyuq suyun sürətlə içilməsindən sonra baş verir.

Soyuq bir şey içərkən kiçik qurtumlarla içmək bu ağrının qarşısını ala bilər. Damaqla birbaşa təması azaltmaq da faydalıdır.

Əvvəllər bu ağrının səbəbini bilmədən sadəcə “başım dondu” deyib keçirdim. Məlum olur ki, bu, beynin “burada təhlükə var, dayan” deyə verdiyi fizioloji bir müdafiə siqnalı imiş.

Bədən hər şeyə bir məna yükləyir – biz bunun fərqində olmasaq da.

Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et