Hər biri bir-birindən daha dəhşətli olan bu yerlər və məkanlar diqqəti cəlb edir. Onlar hətta minlərlə turisti qəbul edirlər.

• Lome Voodoo bazarı, Toqo
Qərbi Afrika ölkəsi Toqoda yerləşən bu bazar xüsusilə sehrbazlar arasında məşhurdur. Dünyanın bu ən maraqlı bazarında regionda yaşayan timsah, sürünən, meymun və ilan kimi heyvanların kəllələri satılır.

• Konnektikut Cadu Muzeyi.
Amerikadakı bu maraqlı muzey keçmişdən cadu ilə məşğul olanların istifadə etdiyi materialların, sehrli güzgülərin, qorxulu gəlinciklərin sərgiləndiyi yerdir. Onilliklər boyu davam edən kolleksiya prosesindən sonra yaradılan kolleksiyada Annabelle kuklası da var.

• Darvaza Pit, Türkmənistan
Türkmənistandakı Darvaza çuxuru cəhənnəm təsvirlərinə bənzədiyi üçün cəhənnəm qapısı kimi də tanınır. Qorxunc görünüşə malik olan bu çuxur əslində illər əvvəl təbii qazın partlaması nəticəsində baş vermiş yanğındır. Yanğın yarım əsrdir ki, söndürülmür.

• Kukla adası, Meksika
Meksikadakı bu adanın maraqlı bir xüsusiyyəti var. Culian Santana Barrera adlı meksikalı kişi pis ruhları uzaqlaşdırmaq üçün bütün adanı o qədər də yaraşıqlı görünməyən gəlinciklərlə bəzədib.

• Beelitz Heilstätten sanatoriyası, Almaniya
Berlində yerləşən bu sanatoriya uzun illər amansız xəstəliklərlə mübarizə aparanları qəbul edirdi. Birinci Dünya Müharibəsi zamanı yaralanan Adolf Hitler burada bir müddət müalicə olunub.

• Amsterdam İşgəncə Muzeyi, Amsterdam
Amsterdamda yerləşən bu muzey tarix boyu insanların istifadə etdiyi dəhşətli işgəncə alətlərinin sərgiləndiyi yerdir. Muzeydə inkvizitor kreslosu və kəllə qırıcı kimi işgəncə alətləri nümayiş etdirilir.

• Aokigahara Meşəsi, Yaponiya
Yaponiyanın Fuji dağının ətəyində yerləşən bu meşə hətta qorxu filmlərinin mövzusudur. Hər il yüzlərlə insanın intihar etdiyi bu meşədə səlahiyyətlilərin müəyyən etdiyi əraziləri tərk edənlərin əksəriyyətindən bir daha xəbər alınmayıb. İntihar və itkin düşmə hallarının tez-tez baş verdiyi meşədə ruhların gəzməsi mifləri də ümumi inancdır. Mütəxəssislər isə bölgədə qeyri-adi səslərin olduğunu və bəzi insanların dəliliyə çata biləcəyini düşünürlər.

• Sedlec kilsəsi, Çexiya
Çexiyadakı Sedlec kilsəsi keçmişdə yaşamış 70.000 insanın sümüklərinin qorunduğu yerdir. Bəzi sümüklərin bəzək üçün istifadə edildiyi kilsə xüsusilə bölgəyə yad olan turistləri qorxudur.
Mənbə: Milliyet
Tərcümə etdi: Fidan Əlizadə
