Çeburaşka və krokodil Gena haqqında nağıldan tanıdığımız Şapoklyak adlı qoca qadın təkcə uşaqların deyil, böyüklərin də yaxşı tanıdığı obrazdır. Tərs, amma eyni zamanda zövqlü bu qəhrəman, adını onun obrazını tamamlayan bir baş geyimindən alıb – elə bir şlyapa ki, məşhur moda ikonu Koko Şanel də bəyənərdi.

Şlyapa, uzun sancaq iynələri, “qode” ətək, jabot yaxalıq, kardiqan, ridikyül çanta, ağ-qara rəng harmoniyası — bütün bunlar ötən əsrin 1930-cu illərinə xas, ahəngdar və tanınan bir dəb ansamblıdır.
Artıq təxmin etdiyiniz kimi, bu zərərli, lakin zərif qocaya verilən ad təsadüfi deyil. “Şapoklyak” 1823-cü ildə Antuan Jibüs tərəfindən icad edilmiş bir şlyapa növüdür. O, bu şlyapa ilə o dövrdə dəbli kişilərin geyim dəstinin ayrılmaz hissəsi olan hündür, narahat və köhnəlmiş silindr papaqdan canlarını qurtarmağa çalışıb.
Antuan Jibüs bu baş geyimini XVIII əsrin qatlanan üçbucaq papaqlarından ilhamlanaraq yaradıb. Həmin dövrdə bu papaqları qoltuq altında daşımaq adət olub. O, içində yay yerləşdirilmiş silindr formasında bir papaq ixtira edib. Bu yay papağın yuxarıdan aşağıya doğru yığılmasına imkan verib. Jibüs bu icadına “chapeau à claque”, yəni “çapmaqla yığılan papaq” adını verib. Papağı qatlamaq üçün sadəcə üstündən əllə yüngülcə vurmaq kifayət edib. Bu zaman “klyak” adlı səciyyəvi bir səs gəlib və voila — düz, yastı bir şlyapa əldə olunub. Onu qoltuğun altına yerləşdirmək isə çox asan olub.
Yeni şlyapa teatrda papaqları təhvil vermək və ya yerə qoymaq kimi çətinlikləri ortadan qaldırıb. Papağın əvvəlki formasını qaytarmaq üçün sadəcə onu silkələmək kifayət edib.

Məhz bu cür papaqdan Şapoklyak adlı qoca qadın istifadə edib, lakin o, bu papağı daim yığılmış vəziyyətdə gəzdirməyi üstün tutub. Siçan Larisanın sahibi olan bu qoca qadın heç bir kadrda uzunsov iynələrlə bəzədilmiş yastı papaqsız görünmür.
Əsərin müəllifi Eduard Uspenski etiraf edib ki, bu obrazın prototipi onun birinci həyat yoldaşı olub. O, həmin qadını “bütün cəhətlərdən zərərli bir xanım” kimi səciyyələndirirdi. Uspenski deyib:
“Ümumiyyətlə, deyirlər ki, kişi özünə anasına bənzər bir qadın seçir. Mənim anam olduqca çətin xasiyyətli bir qadın olub. Mən də onun kimi bir qadını — sevmədiyim həyat yoldaşımı seçdim. Ola bilsin ki, Şapoklyak obrazını da elə birinci arvadımdan yazmışam. O, ciddi, əsəbi, zərərli biri olub.”
Çizgi film personajlarının görünüşünü yaradan rəssam Leonid Şvartsman isə etiraf edib ki, Şapoklyakın vizual obrazını qismən öz qayınanasından götürüb:
“Şapoklyak obrazını yaratmaqda mənə konkret bir qadın tipi kömək edib. Əvvəla, ‘şapoklyak’ sözünün özü bir ipucu olub: qatlanan silindr papaq, XIX əsr, jabot yaxalıq, ağ manjetlər…Qayınanamın görünüşü burada həlledici rol oynayıb. O, ‘o dövrün’ qadını olub — ağarmış saçları, ağ topuz saç düzümü olub. Mən sadəcə burnunu bir az uzatdım, ona bir az kinayəli forma verdim, gözlərini isə hiyləgər etdim. Beləcə bu obraz tezliklə formalaşıb. Düzünü desək, Şapoklyak elə adın özündən — “qatlanan silindr papaq”dan bir cür “tullanaraq çıxıb”.
Mənbə: dzen.ru
Tərcümə etdi: Aysu Əsgərzadə
