24media.az-ın budəfəki müsahibi sosioloq Lalə Mehralıdır. O, son zamanlarda gənclər arasında nikah yaşının artması və nikaha marağın azalması haqqında danışıb.
-Son illərdə gənclər arasında nikah yaşının yüksəlməsi, sizcə, daha çox fərdi prioritetlərin dəyişməsi ilə bağlıdır, yoxsa sosial-iqtisadi şəraitin diktə etdiyi bir zərurətdir?
Əslində, nikah yaşının gecikməsi məsələsində birmənalı fikir söyləmək çətindir. Bu həm fərdi seçim, həm də müəyyən hallarda məcburiyyət ola bilər. Gənclər arasında təhsilini ön planda tutanlar da var, karyerasına fokuslananlar da. Bəziləri sosial və maddi problemlər səbəbilə evliliyi ildən-ilə təxirə salır, bəziləri isə ailəvi məsələlərə görə müəyyən müddət nikah barədə düşünmür.
Əsas məsələ odur ki, bu qərar insandan-insana dəyişir. Kimi təhsilini vacib sayaraq evliliyi sonraya saxlayır, kimi isə karyerasını qurub, təhsilinə yatırdığı kapitalı geri qaytarmadan evlənmək istəmir. Elələri də var ki, yaxın gələcək planlarında, ümumiyyətlə, evlənməyi düşünmür.
Sosial problemlər də bu qərara təsir edir. Məsələn, evsizlik, işsizlik kimi problemlər evliliyi çətinləşdirir. Regionlara və paytaxta baxdıqda isə bu fərq daha aydın görünür: region gəncləri əsasən işsizlik səbəbindən evlənməyə tələsmir, paytaxtda isə əsas problem mənzil məsələsidir.
-Gənclərin ailə qurmağa marağının azalması Azərbaycan cəmiyyətində ailə institutunun gələcəyi üçün hansı sosioloji və psixoloji nəticələr doğura bilər?
Nikah yaşının gecikməsi, əslində, ailə institutuna və ölkənin demoqrafik vəziyyətinə ciddi təhlükədir. Gənclərin evlənməməsi və ya bunu təxirə salması ilə doğulan uşaqların sayında azalma yaşanır. Bu isə öz növbəsində demoqrafik artımın zəifləməsinə gətirib çıxarır.
Artım olmadıqda nə baş verir? Əhalinin orta yaş həddi yüksəlir. Yəni yaşlılar və orta yaşlılar cəmiyyətdə üstünlük təşkil etməyə başlayır, gənclərin və yeni doğulanların sayı azalır. Nəticədə əhalinin yaş tərkibində ciddi balans problemi yaranır.
Zəhra Əliyeva
