Albert Eynşteyn 1955-ci ildə Prinstonda anevrizmadan (qan damarının divarının zəifləməsi və şişməsi) vəfat edib. O, vəsiyyətində bütün bədəninin yandırılmasını istəyib. Lakin autopsiyanı (meyitlərin müayinəsini) aparan həkim Tomas Harvi bu istəyə əməl etməyib, onun beynini çıxarıb saxlayıb.

Oğlu Hans Albert bunu öyrənib etiraz edib, lakin Harvi onu razı salıb ki, bu beyin üzərində tədqiqat aparmaqla dahiliyin sirrini tapmaq mümkündür. Beləliklə, neyroloji təhsili olmayan bir patoloq dünyanın ən məşhur beyninə sahib olub.
Harvi işini itirib, beyni götürüb Prinstondan çıxıb və illərlə ABŞ-nin müxtəlif ştatlarını dolaşıb. Beyni bankalarda saxlayıb, bəzən alimlərə kiçik hissələr göndərib. Amma bu tədqiqatlardan heç biri illərlə dərc olunmayıb. İlk elmi araşdırma Eynşteynin ölümündən düz 30 il sonra – 1985-ci ildə çap edilib. 1990-cı illərdə Harvi beyin parçalarını Prinston xəstəxanasına təhvil verib.
Eynşteynin beyni 40 il ərzində sanki “səyyah” həyatı yaşayıb. Bəzi hissələr xaricə göndərilib, digərləri şəxsi kolleksiyalarda gizlədilib. Bir neçə parça isə hazırda Filadelfiyadakı Mütter muzeyində nümayiş olunur.
Bəs bu beyin nəyi ortaya çıxarıb? 2012-ci ildə aparılan araşdırma alın payında əlavə qat aşkar edib. Bu bölgə yaddaş və planlamaya cavabdeh sayılıb. Lakin bu fərqlər Eynşteynin dahiliyi üçün yetərli sübut hesab edilməyib. Çünki hər bir insanın beyni fərqli quruluşa malik olub.
Dahi anlayışı tarix boyu müxtəlif yollarla izah edilib. IQ testlərində yüksək nəticə bu potensialı göstərib, lakin real dahilik zəhmət, yaradıcı yanaşma və şəraitlə formalaşıb. Sir Francis Qalton dahiliyin irsi keçdiyini deyib, amma bu yanaşma tənqid olunub. Psixoloq Csikszentmihalyi isə “axın” adlı halı araşdırıb – yaradıcı insanın işə tam fokuslandığı və zaman hissini itirdiyi vəziyyət. O, dahilərin ortaq cəhətlərini də müəyyən edib: müstəqillik, inadkarlıq və daxili motivasiya.
Nəticə etibarilə, Eynşteynin beyni illərlə araşdırılıb, amma insan dahiliyinin sirri hələ də tam açılmayıb.
Mənbə: Britannica
Tərcümə etdi: Arzu Qafarova
