Bu gün:

Orta əsr cəngavərləri niyə ilbizlərlə döyüşüblər?


Orta əsr sənəti həm tədqiqatçılar, həm də adi insanlar üçün həmişə xüsusi maraq doğurub. Bunun səbəbi təkcə mətnlər deyil, həm də əlyazmaların bəzəklərində gizlənən unikal məlumatlardır. Lakin bu sənətdə bəzi mövzular var ki, mənası hələ də tam aydınlaşdırılmayıb. Məsələn, cəngavərlərin ilbizlərlə döyüşləri kimi qəribə süjetlər.

Əgər XIII-XIV əsrlərin orta əsr illüstrasiyalarına baxsanız, ilbizlərlə döyüşən cəngavərlərin təsvirlərini görə bilərsiniz. Elə bil o vaxtlar ilbizlər cəngavərlərlə yarışa biləcək qədər güclü döyüş maşınları hesab olunub və zamanla güclərini və döyüş ruhlarını itiriblər.


Lakin tarixçilər və incəsənət tədqiqatçıları bu fenomenə fərqli izahlar verir.


İlk növbədə qeyd etmək lazımdır ki, kitabların kənarlarına şəkil çəkmək ənənəsi demək olar ki, kitab çapının icadından əvvəl yaranıb. Artıq XIII əsrdə Fransada “marjinaliya” adlandırılan bu kənar rəsmlər geniş yayılıb. Bu təsvirlər kiçik ölçülü olsa da, parlaq rənglərə və təfərrüatlı işləməyə malik olub. Ən maraqlısı isə budur ki, bu “drollery”lər (fransızca “qəribəlik”) çox zaman əsas mətnlə heç bir əlaqəyə malik olmayıb.


Bu rəsmlərin ən məşhurlarından biri ilbizlərlə döyüşən cəngavərlərdir. İlbizlər buynuzlarını düşmənə qarşı qorxuducu şəkildə uzadırdılar. Amma onların düşməni təkcə cəngavərlər deyil, həm də gözəl xanımlar, meymunlar, itlər, dovşanlar, qoyunlar və hətta əjdahalardır. Maraqlısı odur ki, bu döyüşlərdə ilbizlər çox zaman qalib gəlir. Çox vaxt cəngavərin ilbizə baş əydiyi və ya qılıncını təslim etdiyi səhnələr təsvir olunur.

1962-ci ildə Çikaqo Universitetindən tarixçi Lilian M.S. Randall belə bir araşdırma dərc edib: onun fikrincə, ilbizlər orta əsr rəsmlərində Lombardların simvolu kimi istifadə olunub. Fransızlar üçün Lombardlar cəngavərlik dəyərlərinə zidd hər şeyi təmsil ediblər. Onlara hətta öz ailə gerblərini saxlamaq da qadağan olunub. Orta əsr fransız dastanlarında Lombardlar nadan və kobud, cəngavərlikdən uzaq adamlar kimi təsvir olunublar. Onlar qorxaq və faizlə pul verən kimi tanınıb – bu da onların pis imicinə səbəb olub. 772-ci ildə döyüşdən qorxaraq qaçmaları ilə də tarixə düşüblər. Halbuki əvvəllər güclü və cəsur döyüşçü kimi tanınıblar. 773-cü ildə bir daha məğlub olublar və Avropada “əsas qorxaqlar” adını qazanıblar. Üstəlik, ilbizlər də öz evlərini kürəklərində daşıyır – eynilə Lombardlar kimi, Şarlmanın hücumu zamanı əşyalarını yığıb geri çəkilənlər kimi.


Başqa bir versiyaya görə, ilbizlər konkret xalqı deyil, ümumiyyətlə, qorxaqlığı təmsil edib. İlbizlə döyüşən cəngavər isə o qədər qorxaq olub ki, zəif bir düşməndən belə çəkinib. Beləliklə, ilbizə qarşı diz çökən cəngavər ikiqat qorxaq sayılıb. XIII əsrin sonu – XIV əsrin əvvəllərinə aid anonim “Sevgi, fəzilət və xoşbəxtlik sənəti” əlyazmasında “nədən qorxmaq, nədən qorxmamaq lazımdır” bölməsində bir ilbizə qarşı qorxudan qılıncını atan əsgərlər təsvir olunub.

1850-ci ildə bibliyofilqraf de Bastar belə bir fikir irəli sürüb: ilbizlər dirçəlişi simvolizə edə bilər. O, Lazarın dirilməsi mövzusunda çəkilmiş miniatürlərin ətrafında çoxlu ilbiz təsvirlərinə rast gəldiyi üçün belə nəticəyə gəlib. Qraf deyib: “Qabığından çıxan ilbiz kimi insan da ölümdən sonra yenidən doğulur”. Bəli, bu fərziyyə qəribədir, amma eyni zamanda gülməlidir.


Başqa bir maraqlı fikirə görə isə, ilbizlər şəhvət simvolu olub və cəngavərlərin bu simvolla döyüşməsi onların nəfsə qarşı mübarizəsini təmsil edib. Tədqiqatçı d’Ankarvil ilbizə həm kişi, həm də qadın cinsiyyət orqanına malik canlı kimi baxıb. Hətta 18-ci əsrdə tapılan bir daş üzərində imperator Klavdinin həyat yoldaşı Messalina ilbiz və yeddi kişi orqanı ilə birlikdə təsvir olunub. Messalina sevgi macəraları ilə tanındığı üçün ilbiz şəhvətin bədəni halına gəlib.


Bəzi tarixçilər isə iddia edir ki, qədimdən insanlar ilbizə mistik xüsusiyyətlər yükləyiblər. Başlanğıcda ehtiyat və uzaqgörənliyin rəmzi olan ilbiz, zamanla qorxaqlıqla əlaqələndirilməyə başlanıb. Ola bilər ki, ilbizin qorxunc canavar kimi təsviri, başdan ayağa dəmir geyinən və zirehsiz döyüşə çıxmayan cəngavərlərin simvolik tənqidi olub.


Beləliklə, ilbizlə cəngavərin döyüşünün illüstrasiyası, cəngavərlərin həddindən artıq ehtiyatlı və qorxaq davranışına ironik bir yanaşma ola bilərdi.


Və ən sonda bir ingilis uşaq qafiyəsi, xalq sənətində ilbizə necə alçaldıcı bir obraz yükləndiyini göstərir:


Bir zamanlar iyirmi beş dərzi

ilbizlə döyüşə çıxıb,

Hərəsinin əlində bir iynə, bir sap

Gəzirdilər astadan-astadan, 

Uzaqdan düşməni gördülər –

Buynuzlu ilbizə dönüb qaçıblar.


Mənbə: dzen.ru

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et