Rusiya Prezidenti Vladimir Putin 25 il əvvəl ölkənin o vaxtkı lideri Boris Yeltsinə niyə prezident olmaq istəmədiyini açıqlayıb.
Putin bu barədə VGTRK müxbiri Pavel Zarubinə müsahibəsində danışıb: “Birincisi, bu mənim üçün gözlənilməz idi, ikincisi isə, bəli, istəmirdim, çünki özümü hazır saymırdım. Söhbət əsasən bundan gedirdi. Ölkənin qorunması və inkişafı üçün çox mühüm və təcili məsələlər vardı. Etiraf edim ki, bunun mənim üçün nə demək olduğunu düşünürdüm, amma hər şeydən əvvəl qarşıda duran problemlərin necə həll olunacağı barədə düşünürdüm. Bu öhdəliklə bacarıb-bacarmayacağım barədə tərəddüd edirdim”, – deyə Rusiya Prezidenti bildirib.
Putin daha əvvəlki müsahibələrində də bu barədə danışaraq qeyd edib ki, Yeltsin onu kabinetinə çağıraraq Baş nazir postuna təyin etmək və gələcəkdə prezidentliyə namizəd kimi görmək istədiyini bildirib.
O zaman Təhlükəsizlik Şurasının katibi vəzifəsini daşıyan Putin bu təklifi çox böyük məsuliyyət kimi qiymətləndirmiş və bu qərarın həyatını köklü şəkildə dəyişə biləcəyini deyib. Yeltsin isə ona fikirləşmək üçün vaxt verib, bu mövzuya yenidən qayıdacağını deyib.
Qeyd edək ki, Yeltsinin xatirələrinə görə, bu söhbət 1999-cu il avqustun 5-də baş tutub. Cəmi dörd gün sonra, avqustun 9-da Boris Yeltsin Putini baş nazir vəzifəsinə təyin edib və onu öz varisi kimi elan edib. 1999-cu il dekabrın 31-də isə Yeltsin istefa verərək dövlət başçısı vəzifələrini Putinə təhvil verib.
Mənbə: TASS
Tərcümə etdi: Nəzakət Nəsibli
