Bu gün:

İran Prezidentinin İsrail zərbələrində yaralandığı bildirilir


İran Prezidenti Məsud Pezeşkiyanın ötən ay İsrailin hücumları zamanı yüngül yaralandığı bildirilir. İranın “Fars” xəbər agentliyi yazır ki, 16 iyun tarixində Tehranda yerləşən gizli yeraltı obyektə 6 bomba atılıb. Həmin vaxt Pezeşkiyan orada Ali Milli Təhlükəsizlik Şurasının təcili iclasında iştirak edib.

Prezidentin və iclas iştirakçılarının fövqəladə çıxış tuneli ilə binanı tərk etdiyi və bu zaman Pezeşkiyanın ayağından xəsarət aldığı deyilir. Hücum nəticəsində obyektin bütün giriş-çıxış yolları və havalandırma sistemi sıradan çıxıb.

İran tərəfi hadisədə İsrail agentlərinin sızmasından şübhələnir və məsələni araşdırır.

Bu məlumat müstəqil şəkildə təsdiqlənməyib. İsrail isə məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Sosial şəbəkələrdə yayılan videolarda Tehranın şimal-qərbində yerləşən dağlıq ərazilərə zərbələr endirildiyi görünür. Sonradan məlum olub ki, bu zərbələr müharibənin dördüncü günü, ölkə rəhbərliyinin toplandığı həmin gizli obyektə yönəlib.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et