Bu gün:

Zelenski: Rusiya son bir həftədə Ukraynaya 1800-dən çox PUA ilə hücum edib


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun son bir həftə ərzində ölkəsinə 1800-dən çox pilotsuz uçuş aparatı (PUA), 1200-dən çox idarə olunan bomba və müxtəlif növ 83 raketlə hücum etdiyini bildirib.

Zelenski bu barədə “Telegram” hesabında paylaşım edərək Rusiya ordusunun son 7 gündə Ukraynaya qarşı həyata keçirdiyi PUA və raket hücumları barədə məlumat verib.

O qeyd edib: 

“Ruslar son 7 gün ərzində Ukraynanın müxtəlif bölgələrinə 1800-dən çox PUA, 1200-dən çox idarə olunan bomba və müxtəlif növdə 83 raketlə hücum ediblər. Onlar xalqımızı daha çox qorxutmaq üçün şəhərlərə və yaşayış məntəqələrinə qarşı terroru artırırlar. Lakin Moskvanın planlarına baxmayaraq, hava hücumundan müdafiə qüvvələrinin fəaliyyətindən müsbət nəticələr əldə olunur”.

Zelenski əlavə edib ki, müharibənin dayandırılması üçün diplomatiyanın effektiv ola bilməsi üçün əvvəlcə Rusiya hücumlarının qarşısı alınmalıdır.

Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün müttəfiqlərin dəstəyinə ehtiyac duyduqlarını vurğulayan Zelenski bildirib: 

“Müdafiəmizi gücləndirəcək bütün razılaşmaların həyata keçirilməsinə ümid edirik”.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Nuray Əliyeva

Paylaş
Şərh əlavə et