Bu gün:

Zelenski: Ukraynaya hərbi yardımın tədarükü yenidən başlayıb


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin ölkəsinə hərbi yardım tədarükünün yenidən başladığını bildirib.

Zelenski dünən axşam etdiyi çıxışda Ukraynaya göstərilən hərbi yardımlardan danışıb. O deyib:

“Hazırda tərəfdaşlarımızla birlikdə yeni texnikalar, Ukraynada silah istehsalının artırılması və ordumuzun təchizatı üzərində işləyirik. Artıq yaxşı razılaşmalarımız var və daha çoxuna nail olacağımıza ümid edirik. Qarşıdakı həftələrdə bu istiqamətdə işimizi davam etdirəcəyik. Daha çox qüvvənin və imkanın, hava məkanımızın daha yaxşı qorunmasının və daha çox hava hücumundan müdafiə sistemlərinin varlığının real şəkildə hiss olunması üçün hər bir razılaşmanın mümkün qədər tez həyata keçirilməsi həyati əhəmiyyət daşıyır. Bunlar əsas prioritetlərdir. ABŞ və Avropalı dostlarımız da daxil olmaqla, yüksək səviyyəli siyasi siqnallar alırıq, bunlar yaxşı siqnallardır. Bütün hesabatlara əsasən yardım tədarükləri yenidən başlayıb.

Zelenski əlavə edib ki, gələn həftə ABŞ ilə hərbi sahədə əməkdaşlığa davam edəcəklər:

“Xüsusilə də ordumuz ABŞ Prezidenti Trampın Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq ilə işləyəcək. Eyni zamanda yeni Avropa müdafiə paketləri hazırlayırıq. Bu müharibə səbəbilə Rusiyaya qarşı sanksiyalar da daxil olmaqla, yaxın vaxtlarda güclü addımların atılacağını gözləyirik, təzyiqlər işə düşməlidir”.

Mənbə: Haber Global 

Tərcümə etdi: Nuray Əliyeva

Paylaş
Şərh əlavə et