ABŞ Prezidenti Donald Tramp bildirib ki, 1 avqustdan etibarən Avropa İttifaqı və Meksikadan ABŞ-ə idxal olunan məhsullara 30%-lik rüsum tətbiq ediləcək.
O həmçinin xəbərdarlıq edib ki, əgər bu ölkələr cavab addımı atsalar, rüsumlar daha da artırılacaq.

ABŞ-nin ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı isə bu həftə bildirib ki, 1 avqusta qədər Vaşinqtonla razılıq əldə etməyi ümid edir.
Tramp eyni zamanda bu həftə açıqlayıb ki, ABŞ 1 avqustdan başlayaraq Yaponiya, Cənubi Koreya, Kanada və Braziliyadan gələn mallara da yeni rüsumlar tətbiq edəcək. Oxşar məktublar ABŞ-nin digər bir neçə ticarət tərəfdaşına da göndərilib.
Cümə günü Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə göndərdiyi məktubda Tramp yazıb: “Avropa İttifaqı ilə ticarət münasibətlərini illərlə müzakirə etmişik və artıq qərara gəlmişik ki, sizin rüsum və qeyri-rüsum siyasətinizin yaratdığı uzunmüddətli və davamlı ticarət kəsirlərindən uzaqlaşmalıyıq".
Məktubda həmçinin qeyd olunub: “Təəssüf ki, münasibətlərimiz qarşılıqlı deyil".
Tramp əvvəllər dəfələrlə Avropa İttifaqını tənqid edib. 2 aprel tarixində o bu blokdan gətirilən mallara 20% rüsum təklif edib. Ticarət danışıqları dayandıqda isə bu rüsumların 50%-ə qədər artırılacağını bildirib.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
