Bu gün:

Tramp bildirib ki, Ukrayna ABŞ-dən hava hücumundan müdafiə sistemləri alacaq


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynaya NATO vasitəsilə Patriot hava hücumundan müdafiə sistemləri də daxil olmaqla silahlar göndəriləcək.O, NBC News-a açıqlamasında deyib: “Yeni razılaşmaya əsasən, biz Patriot sistemlərini NATO-ya göndərəcəyik, NATO isə onları paylayacaq”. Tramp əlavə edib ki, bu silahların ödənişini NATO edəcək.

Bu açıqlama Ukrayna Prezidenti Volodimir Zelenskinin Tramp ilə silahların vaxtında çatdırılması barədə “müsbət dialoq” aparıldığını deməsindən sonra verilib. Zelenski bildirib ki, son günlər Ukrayna şəhərlərinə artan Rusiya dron və raket hücumlarından sonra 10 Patriot sistemi istəyib.

Patriot sistemləri gələn raketləri aşkarlayıb vurur və dünyanın ən güclü hava müdafiə sistemlərindən biri hesab olunur.

Zelenski cümə axşamı Romada çıxışı zamanı Almaniyanın iki, Norveçin isə bir Patriot sistemi üçün maliyyə ayırmağa hazır olduğunu, digər Avropa ölkələrinin də dəstək verməyə hazır olduqlarını deyib.

Ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Tramp müharibənin bitməsi ilə bağlı irəliləyiş olmadığından “narazı” olduğunu bildirib və Putinin “çox mehriban” davranışının əslində heç bir məna daşımadığını deyib.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et