Bu gün:

“Alyonuşka”nın sirri


Niyə tablonun ilk adı “Axmaq” olub?


Vasnetsovun tablosundakı qəhrəman nağıl obrazı kimi düşünülməyib. Vasnetsov xatırlayıb: Alyonuşkanı ilk dəfə nə vaxt təsəvvür etdiyimi dəqiq xatırlamıram, sanki uzun müddət idi beynimdə yaşayıb”. Bu rəsm çox vaxt nağıl süjetləri ilə əlaqələndirilsə də, əslində başlanğıcda orada sehrli heç nə olmayıb.


Vasnetsov 1880-ci ildə tablo üzərində işləməyə başlayıb. Əvvəlcə Oxtırkadakı gölün yaxınlığında, Abramtsevoda Vory çayının sahilində landşaft etüdləri işləyib. Vasnetsov təxəyyülünü heyran etmiş düz saçlı bir kənd qızını – Alyonuşkanı orada görüb:


Gözlərində o qədər həsrət, tənhalıq və tamamən rus kədəri olub ki, onunla qarşılaşanda nəfəsim kəsilib. Ondan xüsusi bir rus ruhu əsməyə başlayıb!” – deyə Vasnetsov xatırlayıb.


Xalq sənətinə olan marağı və Abramtsevo dairəsinin mühiti rəssamın təxəyyülünü qidalandırıb. Həmin dövrdə o, ilk dəfə zəngin rus xalq nağıllarını təqdim edən Aleksandr Afanasyevin toplularını əldə edib. Bütün bunlar Vasnetsovun kənd yetimini məhz bu cür görməsinə və göstərməsinə imkan verib.


Lakin “Alyonuşka”nın başqa bir prototipi də olub – o dövrün bir çox istedadlı insanı ilə dostluq edən məşhur mesenat Savva Mamontovun qızı. Vasnetsov onu yaxşı tanıyıb, Mamontovların evini dəfələrlə ziyarət edib. Və əlbəttə ki, Savvanın qızı Veroçkanı tanıyıb. Daha sonra o, Valentin Serovun məşhur “Şaftalılı qız” tablosu üçün model olub.


Amma üz cizgilərinə, xüsusilə də “Alyonuşka”nı çəkəndə Veruşa Mamontovanın gözlərinin parıltısına çox baxdığımı gizlədə bilmərəm. Bax elə Abramtsevoda, Oxtırkada, Vyatka kəndlərində, Moskva küçələrində və bazarlarında mənə və bütün Tanrı dünyasına baxan o möhtəşəm rus gözləri – ruhumda əbədi yaşayıb, məni isidib!” – deyə Vasnetsov yazıb.


Vasnetsovun tablosundakı hər şey “tam rus kədəri” proqramına tabe olub. Qəhrəman ümidsizliklə qaranlıq su birikintisinə baxıb. Onun duruşu, sərinliyi oturduğu daşla bir olub. Solmaqda olan təbiət onunla birlikdə kədərlənib.


Çay payızda səssiz və hərəkətsiz olub, lakin ağaclarının zirvələri qəmgin görünüb. Səma qaşlarını çatıb. Saralmış yarpaqlar sanki qızın yay donunun davamı kimi suyun üzərinə asta-asta düşüb. Vasnetsovun janr rəsmini bir nağıl süjetinə yaxınlaşdıran insan hisslərinin təbiətlə olan vəhdəti olub sanki təbiət qəhrəmanla həmrəylik hiss edib.

Vasnetsov tabloya “Axmaq” (“Axmaq Alyonuşka”) adını verməyi düşünüb. Məsələ ondadır ki, yetim qızlara kəndlilər “axmaq” deyə müraciət ediblər – sadəcə cəmiyyətin kənarında, dilənçi və dəyərsiz mövqedə olduqları üçün. Gəzər həyat, onların davranış və ruhunu yaxşıya doğru dəyişməyib. Qidalanma çatışmazlığı, təhsilsizlik – bütün bunlar qaçılmaz olaraq onların həyatına təsir edib. Kəndlilər uşaqları yalnız 12 yaşına qədər böyüdüb bəsləməyə hazır olublar, sonra isə oğlanlar təsərrüfata göndərilib, qızlar isə ixtisassız işlər görməyə məcbur ediliblər. Çox vaxt insanlar onlardan uzaq gəzməyə çalışıblar, amma onları incitmək mümkün sayılmayıb – incitsən, bəlaya düşərsən. Lakin bu cür “axmaqların” həyatı nə sadə, nə də xoşbəxt sayıla bilməyib.


Vasnetsov dəqiq detallarla ümumi əhval-ruhiyyə yaradıb: təbiətin səssiz payız solğunluğu, qəhrəmanın ayaqları altındakı tünd su birikintiləri, boğuq rənglər, buludlu səmada bozluq, sahildə və suda yıxılmış yarpaqlar – bunların hamısı qızın üzündəki həsrət və ümidsizliyi vurğulayıb. Gəlin bəzi detallara baxaq.


Titrək ağac – xalq inancına görə Yəhudanın özünü asdığı ağac olub. O, xalq təfəkküründə qəmli və pis şöhrət qazanıb. Mahnılarda titrəyən yarpaqları və acı qabığı olan bu ağac “acı”, “bədbəxt”, “titrək” kimi təsvir olunub və bəzən “əziyyət çəkən insan”la müqayisə edilib.

Şərqi slavyan folklorunda ladin, yas mərasimləri ilə əlaqələndirilən qəmli bir ağac hesab olunub (tabutlar adətən ladindən hazırlanıb, məzarlar ladin budaqları ilə örtülüb). Bir xalq məsəli var: “Bir ağcaqayında – əylənmək üçün, ladin ağacında – boğulmaq üçün”. Alyonuşkanın arxasındakı qaranlıq ağac divarı onun ağır hisslərinə uyğun fon yaradıb…


Alyonuşkanın başının üstündə qaranquşları görmək olar – Slavyan folklorunda bu quşlar qadınları və qızları qoruyub, həmçinin baharın və ümidin gəlişini simvolizə edib. Qəhrəmanın başı üzərində uçan quşlar sanki onu səhv addımdan qoruyub. Alyonuşkanın başının üstündəki qaranquşlar onun üçün qoruyucu simvol olub.


Əsər 1881-ci ilin qışında Moskvada tamamlanıb və sonra rəssam onu Mobil Sərgiyə göndərib. Vasnetsov rəsmi haqqında belə yazıb:

“Alyonuşka sanki uzun müddətdir beynimdə yaşayıb, amma əslində onu Oxtırkada təxəyyülümə çırpılan düz saçlı qızla qarşılaşanda görmüşəm. Gözlərində o qədər həsrət, tənhalıq və tam rus kədəri olub… Ondan xüsusi rus ruhu əsməyə başlayıb.”


Tablo “Səyyar Rəssamlar Cəmiyyətinin” 9-cu sərgisində nümayiş etdirilib – əvvəlcə Sankt-Peterburqda, sonra Moskvada. Vasnetsov heç bir izah vermədən rəsmi qəhrəmanın adı ilə adlandırıb, amma ilk tənqidçilər rəsmdəki möhtəşəm ruha diqqət yetiriblər. Daha sonra Vasnetsovun Alyonuşkası xalq nağılındakı keçiyə çevrilmiş qardaşı İvanuşkanın təsəlli tapmayan bacısı obrazı ilə birləşdirilib.


Lakin pula ehtiyacı olan Vasnetsov tablosunu heç cür sata bilməyib. Hətta rəssam Pavel Tretyakova belə yazıb:


“Heç kim Alyonuşkamı almaq istəmir, bu da mənim maliyyə vəziyyətimi çox çətinləşdirib. Söhbət puldan getsəydi, güzəşt edib qiyməti endirərdim, amma məsələ rəsmin özündədir.”


Tretyakov Vasnetsovu yaxşı tanımasına baxmayaraq cavab verməyib, sadəcə, bu rəsmi almağa ehtiyac duymayıb. Rəssamı xeyriyyəçi Savva Mamontov xilas edib. Amma xeyriyyəçi cəmi 500 rubl verib – Vasnetsovun əvvəlcə tələb etdiyi məbləğin dörddə biri. O, rəssamın pula nə qədər ehtiyaclı olduğunu bildiyi üçün bu daha çox Mamontovun xoş niyyətli jesti olub. Üstəlik, Mamontov bu rəsmlə elə də maraqlanmayıb və sonra onu başqa kolleksiyaçıya satıb.

Zaman keçdikcə tablo bir neçə sahib dəyişib və nəhayət, Pavel Mixayloviçin ölümündən sonra Tretyakov Qalereyasına daxil olub. Və bu zaman qalereya bu rəsmi 8.000 rubl qarşılığında alıb – rəssamın istədiyindən dörd qat artıq qiymətə.


Mənbə: dzen.ru

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et