Bir neçə əsr əvvəl çəkilmiş portretlərə baxmısınızsa, çox güman ki, diqqət çəkən qeyri-adi bir aksesuar görmüsünüz – geniş, ağ yaxalıq. Elə bil yalnız rəssamla görüşə getmək üçün geyiniblər kimi görünür, amma əslində bu belə deyil – Avropalılar, xüsusilə də ingilislər, bu yaxalıqları gündəlik həyatlarında geyiniblər. Bu geyim detallarına gorjer, freze və ya raf deyilib (moda tarixində başqa bir adı da olub – “dəyirman daşı”). Bu tip geniş yaxalıqlar XVI–XVII əsrlərdə Avropanın yuxarı və orta təbəqələrinin nümayəndələri tərəfindən geyinilib. Onlar bunu sadəcə dəb üçün etməyiblər.

Hər şey XIII əsrdə kişilərin boyun ətrafına fırfırlı köynəklər geyinməyə başlaması ilə başlayıb. O dövrdəki bu fırfırlı yaxalıqlar daha sonralar yaranacaq yemiklərə (raf) oxşayıb, amma daha yumşaq və dar olub, bu səbəbdən başı hərəkət etdirməyə mane olmayıb. Əvvəllər bu “dəyirman daşı” tipli yaxalıqlar çox da böyük olmayıb. Onları həm kişilər, həm də qadınlar geyinib. Amma 1560-cı illərdə bu qeyri-adi yaxalıqların diametri xeyli böyüyüb, bir on il sonra isə qalınlığı da artıb. XVI əsrdə yaxa dəbi dəyişib – ölçüləri böyüyüb, üstlərində çoxqatlı görünüş verən bükümlər yaranıb. Belə yaxalıqların forması saxlansın deyə içərisinə taxta və ya polad çubuqlar qoyulub.

Daha sonra Avropada buğdadan nişasta hazırlanmağa başlanıb. İnsanlar başa düşüblər ki, incə parçadan hazırlanmış geyimləri nişastalı suda durulamaqla sərtləşdirmək və çirklənmədən qorumaq mümkündür. İngiltərədə bu üsul 1564-cü ildə, Flandriyadan qaçqın düşmüş Dingen Van Der Plasse adlı bir qadın tərəfindən yayılıb. O, nişastalı suda duruladıqdan sonra yaxalardakı fırfırların bərkidiyini müşahidə edib. Əvvəlcə bu üsulu yalnız onun həmyerliləri istifadə etsə də, tezliklə bütün İngiltərədə bu dəbdə olan aksesuar hər kəsin marağına səbəb olub.
Yaxalıq hazırlamaq üçün parça götürülür, bol nişasta ilə isladılır, sıxılır, qurudulur və bükülürdü. Sonra parça çərçivəyə bərkidilir və bu zaman istənilən forma alınır. Həmin holland qadın, Van Der Plasse, fırfırları formaya salmaq üçün xüsusi bükmə aləti də ixtira edib. Bu da işi xeyli asanlaşdırıb.
XVI əsrin sonunda yaxalıqlar daha da böyüməyə başlayıb və dəbin zirvəsində bəzi aristokratlar 600 bükümlü və 20 sm diametrli yemiklər taxıblar. Bu nişastalı yaxalar aristokratların əsas tanınma simvoluna çevrilib, çünki istifadə olunan parça bahalı olub və hər kəs onu əldə edə bilməyib. Bu aksesuar artıq o qədər böyük olub ki, çiyinlərin kənarına çıxıb və yüksək cəmiyyətin bir simvoluna çevrilib. Yaxalar insanın hərəkətlərini məhdudlaşdırır, düzgün duruşda qalmağa və başı dik tutmağa “məcbur” edib. Hətta bu yaxalıqla yemək yemək belə çox çətin olub.
Buna görə də aristokratlar daha çox şəxsi qulluqçuya ehtiyac duyublar – qulluqçular yaxanı təmiz saxlayır, vaxtında yuyur və düzgün forma verirlər. Yaxalıq insanın başını aşağı salmasına belə imkan verməyib– insanı dik, qürurlu, özünəinamlı göstərib. Onun forması daha təsirli olsun deyə daxildən taxta çubuqlar, tel və ya polad dayaqlarla möhkəmləndirilib.
Nəhayət, İngiltərə hökuməti çoxlu miqdarda taxılın sadə insanların ehtiyacları üçün deyil, nişasta istehsalı üçün sərf olunduğunu anlayanda bu tip yaxalıqların populyarlığı azalmağa başlayıb. 1580-ci ildə özü də yemiklər taxan I Yelizaveta bu dəbdən istifadəyə məhdudiyyət qoyan qanun qəbul edib. İngiltərənin naziri Uilyam Sesil, Kraliçaya deyib:
“Biz nişastanı bu qədər çox insanın aclıqdan öldüyü bir vaxtda sadəcə bir az qala yaltaqlıq üçün sərf edirik. Bu nə qədər acınacaqlıdır!”
Qısa müddət sonra bu bükümlü yaxalar “düşən yaxalıq” ilə əvəz olunub . Bu forma nişastalana bilməyib, geyilməsi rahat olub və sadəcə çiyinlərə qədər uzanıb. Beləliklə, bu həcimli və narahat fırfırların Avropada 70 il davam edən dəb hökmranlığına son qoyulub.
Mənbə: dzen.ru
Tərcümə etdi: Aysu Əsgərzadə
