Bu gün:

İranın Böyük Britaniyaya qarşı təhdidi artıq Rusiya ilə eyni səviyyədə qiymətləndirilir


İngiltərənin kəşfiyyat və təhlükəsizlik komitəsi bildirir ki, İran dissidentlərə qarşı sui-qəsdlərdən tutmuş kiberhücumlara qədər genişmiqyaslı təhlükə yaradır.


Böyük Britaniyanın Parlament Kəşfiyyat və Təhlükəsizlik Komitəsi (ISC) yeni hesabatında İranın ölkəyə qarşı yaratdığı təhlükəni Rusiya ilə müqayisə edilə biləcək səviyyədə qiymətləndirib. Hesabatda həmçinin bildirilir ki, Birləşmiş Krallıq İranın casusluq və kiberhücum baxımından əsas hədəflərindən biri olub ABŞ və Səudiyyə Ərəbistanından sonra gəlir.

Komitənin iki il ərzində topladığı sübutlara əsaslanan hesabatda qeyd olunur ki, Böyük Britaniyada yaşayan iranlı müxaliflərin, xüsusilə də farsdilli müstəqil media əməkdaşlarının fiziki hücum və sui-qəsd riski ilə üzləşdiyi vurğulanır. Hesabatda İranın kiberhücumlarının əsas hədəflərindən biri kimi Böyük Britaniyanın neft-kimya və maliyyə sektoru göstərilib. Kiberhücumları həyata keçirənlər arasında həm dövlətə bağlı, həm də özəl maraqlarla hərəkət edən şəxslər yer alır. Bu hücumların bəziləri şəxsi mənfəət, bəziləri isə İran kəşfiyyat xidmətlərinə xidmət məqsədi daşıyır.

İngiltərə Daxili İşlər Nazirliyi komitəyə bildirib ki, 2022-ci ilin sentyabrında Mahsa Amininin İran polisi tərəfindən saxlanılarkən ölümü ilə başlayan xalq etirazları zamanı Böyük Britaniyada yaşayan iranlı dissidentlərə qarşı təhlükələr kəskin şəkildə artıb.

MI5-in rəhbəri bəyan edib ki, 2022-ci ildən bəri İran tərəfindən dəstəklənən 20-yə yaxın sui-qəsd planının qarşısı alınıb. Bu planlar Böyük Britaniya vətəndaşları və sakinləri üçün ölümcül təhlükə yarada bilərdi.

Hesabatda hökumətin İranla bağlı siyasəti tənqid olunaraq bildirilib ki, strategiya əsasən İranın nüvə proqramına fokuslanır, bu isə digər ciddi məsələlərin diqqətdən kənarda qalmasına səbəb olur. Komitə həmçinin dil və bölgə üzrə mütəxəssis çatışmazlığını, eləcə də hökumət strukturunda həddindən artıq bürokratiyanı tənqid edir.

Komitənin sədri Lord Kevan Cons (Lord Beamish) deyib:
“İran genişmiqyaslı, davamlı və proqnozlaşdırılması çətin təhdid yaradır. Onların kəşfiyyat orqanları güclü resurslara sahibdir və risk almaqdan çəkinmirlər”.
2025-ci ilin martında Böyük Britaniyanın təhlükəsizlik naziri Dan Jarvis elan etmişdi ki, İran dövləti – o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) və İranın kəşfiyyat nazirliyi – xarici təsir qeydiyyat sxeminin gücləndirilmiş səviyyəsinə daxil ediləcək. Bu dəyişikliklə, İranın göstərişi ilə Britaniyada fəaliyyət göstərən şəxslər fəaliyyətlərini qeydiyyatdan keçirmədikləri təqdirdə 5 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Bununla yanaşı, Britaniya hökuməti dövlət tərəfindən dəstəklənən terror fəaliyyətlərinə qarşı yeni hüquqi mexanizmlərin hazırlanması üçün xüsusi araşdırmalara başladığını da açıqlayıb.


Mənbə:The Guardian

Tərcümə etdi:Rəna Qarayeva

Paylaş
Şərh əlavə et