Tayvan 10 iyul tarixindən etibarən illik “Han Kuang” təlimlərinə başlayıb. Bu təlimlər 10 gün davam edəcək və son illərin ən genişmiqyaslı hərbi əməliyyatıdır. Təlimlərə quru qoşunları, dəniz donanması və hava qüvvələri daxildir. Əsas məqsəd Çin Xalq Respublikası tərəfindən mümkün hərbi müdaxilənin qarşısını almaqdır.

Təlimlərdə hava hücumlarına qarşı müdafiə, ehtiyat qüvvələrin tez səfərbər edilməsi, kibertəhlükəsizlik və qoşunlararası koordinasiya əsas mövzulardır. İlk dəfə olaraq, dəniz yollarının bloklanması və peyk rabitəsinin itməsi kimi fövqəladə ssenarilər də sınaqdan keçirilir.
Tayvan hökuməti açıqlamasında bildirmişdir ki, bu təlimlər yalnız müdafiə xarakterlidir və “adada demokratiya və təhlükəsizliyin qorunmasına” xidmət edir. Çin Müdafiə Nazirliyi isə təlimləri “təxribat xarakterli” adlandıraraq, Şərqi Çin dənizində döyüş təyyarələri ilə öz patrul əməliyyatlarına başladığını bəyan edib. Bəzi ekspertlər bu vəziyyəti “təsadüfi qarşıdurma riski olan təhlükəli oyun” kimi qiymətləndirirlər.
Vaşinqton təlimlərə birbaşa münasibət bildirməsə də, ABŞ Dövlət Departamenti əvvəllər Tayvana “sarsılmaz dəstək” göstərdiyini vurğulamışdı. Eyni zamanda ABŞ və digər müttəfiqlər bölgədəki gərginliyi azaltmaq üçün tərəfləri təmkinə çağırır.
Mənbə: Reuters
Tərcümə etdi: İbrahim Çobanlı
