
Cəmiyyət içində “kiçik söhbətlər” çox vaxt mənasız və yorucu hesab olunur. Lakin psixoloqlar bu fikirlə razı deyil. Sussex Universitetinin psixologiya üzrə dosenti Gillian Sandstrom bildirir ki, söhbətə başlayan insan özünü daha yaxşı hiss edir və daha çox əlaqəli olduğunu düşünür. Üstəlik, bu bağlılıq hissi yalnız danışdığı şəxsə qarşı deyil, ümumiyyətlə insanlarla münasibətinə təsir edir. İnsanlar sosial varlıqdır və özlərini görünən, qiymətləndirilən hiss etməyə ehtiyac duyurlar.
Əgər bu söhbətlər sosial baxımdan faydalı olmasaydı belə, ictimai münasibətlər onları yenə də zəruri edərdi. Toy mövsümü, yeni tanışlıqlar və tədbirlər zamanı söhbət bacarığı gündəmdə olur.
Söhbətləri mənalı etməyin yolları
Ənənəvi olaraq, söhbət zamanı siyasət, din və şəxsi münasibətlərdən uzaq durmaq, əvəzində havadan və ümumi mövzulardan danışmaq tövsiyə olunur. Lakin belə “təhlükəsiz” mövzular çox vaxt darıxdırıcı olur və söhbəti davam etdirmək çətinləşir.
Sosial münasibət mövzusunda ixtisaslaşmış yazıçı Patrick King qeyd edir ki, jurnalistlər niyə asanlıqla danışa bilir? Çünki onların məqsədi olur – məlumat almaq. Bu yanaşma hər kəs üçün keçərlidir. Özünüzə sual verin: bu söhbətdən nə öyrənmək istəyirəm?
İkinci əsas prinsip isə qarşı tərəfin açılması üçün özünüz barədə nəsə paylaşmaqdır. İnsanlar səmimi münasibətə daha tez reaksiya verirlər.
Müxtəlif sosial hallarda söhbət qurmaq üçün məsləhətlər
Toyda
Toy söhbətləri çox vaxt stereotiplərlə dolu olur. “Siz nə vaxt evlənirsiniz?” kimi suallar ümumi olsa da, çox zaman nəticəsiz qalır. Ən yaxşı giriş sualları “Gəlin tərəfindən, yoxsa bəy?” və ya “Onları haradan tanıyırsınız?” tipli suallardır. Bunlar söhbəti daha maraqlı və fərdi istiqamətlərə yönəldə bilər.
Rəhbərlə liftdə
Məkan məhduddur, səlahiyyət fərqi isə söhbəti çətinləşdirə bilər. Səmimi və zarafatla qarışıq bir fikir, məsələn yeməkxanadakı yeni yemək haqqında qısa fikir, söhbəti yüngülləşdirə bilər.
İdman klubunda
Birgə fəaliyyətlər – məsələn idman – insanlar arasında məsafəni qısaldır. Bu cür ortaq fəaliyyətlər “ortaq üçüncü” adlanır və söhbətləri asanlaşdırır. Mövzu isə çox sadə ola bilər: oyunun qaydası, topun növbəti hərəkəti və s.
İlk görüşdə
Əgər məqsəd sadəcə tanışlıqdırsa, açıq danışmaq yerinə düşər. Ciddi münasibət axtarırsınızsa, psixoloq Arthur Aron-un “36 sual” modelindən ilham alaraq daha səmimi və düşüncəli suallar verə bilərsiniz. Lakin bu sualları birbaşa təqdim etmək deyil, münasib şəkildə dialoqa daxil etmək daha doğrudur.
Məktəb qarşısında
Valideynlər arasında söhbət çox zaman uşaqlar üzərindən qurulur, amma bu, darıxdırıcı ola bilər. Bu mühitdə insanların özlərini qiymətləndirilmiş və ya tənqid olunmuş hiss etməsi də ünsiyyəti çətinləşdirir. Yumor hissi və açıq münasibət burada ən yaxşı vasitədir.
Tək bir tədbirdə
Qonaqların bir-birini tanıdığı, sizin isə tək olduğunuz məclislər çətin görünə bilər. Sadə və səmimi yanaşma: “Siz çox maraqlı görünürsünüz, mən də qoşula bilərəmmi?” – bəzən ən effektiv üsuldur. Ən əsası isə, diqqətlə dinləmək və söhbətin axışına uyğun sual verməkdir. Araşdırmalar göstərir ki, dinləyib ardınca sual verən insanlar daha çox sevilir.
İşgüzar tədbirlər (networking)
Burada məqsədin sosial deyil, professional olması səbəbindən söhbətə başlamaq çətin ola bilər. Mühazirədən konkret bir fikir haqqında fikrini soruşmaq və ya sadəcə “çəngəllər haradadır?” kimi sadə bir sual soruşmaq münasibət qurmaq üçün yaxşı üsuldur.
“Plus-one” olaraq qatıldığınız tədbirdə
Əgər tədbirə partnyorunuzla birlikdə qatılmısınızsa, yalnız onunla birlikdə vaxt keçirmək yerinə, digər insanlarla da söhbətə cəhd edin. Əgər sizi tanımırlar, ilk sualı siz verin. Qətiyyən keçmiş münasibətlər barədə suallar verməyin. Söhbət qurulmadıqda zarafat və yüngül dialoq ortamı rahatlada bilər.
Kiçik söhbətlər insanları bir-birinə yaxınlaşdırmaq, qarşılıqlı etimad yaratmaq və sosial çevrəni genişləndirmək baxımından əhəmiyyətlidir. Onları mənalı və səmimi etmək üçün sadəcə iki şey lazımdır: maraq və açıq münasibət. Qorxmadan sual verin, özünüzdən bir şey paylaşın və qarşı tərəfi dinləyin. Ən uğurlu söhbətlər çox vaxt təsadüfi və qeyri-rəsmi şəkildə başlayır.
Mənbə: The Guardian
Tərcümə etdi: Fatimə Cabbarlı
