Bu gün:

Tramp Putini tənqid etdi


Prezident Volodimir Zelenski bildirib ki, Rusiya Ukraynaya indiyədək görünməmiş hava hücumu təşkil edib. Onun sözlərinə görə, ölkə ərazisinə 728 pilotsuz uçuş aparatı və 13 qanadlı və ya ballistik raket müxtəlif dalğalarda atılıb.

Zelenski bu hücumu “açıq mesaj verən hücum” adlandıraraq bildirib:

“Həmin hücum məhz sülhə nail olmaq, atəşkəs yaratmaq üçün bu qədər səylərin göstərildiyi vaxtda baş verir. Ancaq yalnız Rusiya bütün bu təşəbbüsləri rədd edir.”

Bu hücum ABŞ prezidenti Donald Trampın Kiyevə daha çox silah göndəriləcəyini açıqlamasından sonra baş verib. Bu, ötən həftə verilən və ABŞ mediasının yazdığına görə Trampın bilmədiyi yardımın dayandırılması qərarının əksinə bir addım idi.

Çərşənbə axşamı Tramp Rusiya prezidenti Vladimir Putinə qarşı artan qəzəbini dilə gətirdi:

“Putin bizə çoxlu boş-boş şeylər atır, əgər həqiqəti bilmək istəyirsinizsə. Bizə qarşı həmişə mehribandır, amma bu heç bir məna daşımır,” – Tramp jurnalistlərə deyib.

Kremlin sözçüsü Dmitri Peskov isə bu barədə deyib:

“Biz buna kifayət qədər sakit yanaşırıq. Trampın danışıq üslubu ümumilikdə sərtdir, istifadə etdiyi ifadələr də elə.”

Tramp və Putin müntəzəm əlaqədə olsalar da, bu hələlik Ukraynada atəşkəsə gətirib çıxarmayıb – Tramp əvvəllər bu məsələni bir günə həll edəcəyini bildirmişdi.

Keçən həftə Putinlə telefon danışığından sonra Tramp demişdi:

“O, sona qədər getmək istəyir, insanları öldürməyə davam edir, bu, yaxşı deyil.”

Bu tənqidə baxmayaraq, Tramp administrasiyası Ukraynaya hərbi yardımın dayandırıldığını elan etmişdi. Qərarın ABŞ müdafiə naziri Pit Hegset və müdafiə siyasəti üzrə katib Elbric Kolbi tərəfindən verildiyi bildirilir.

Jurnalistlər çərşənbə axşamı Trampdan bu qərarı kimin verdiyini soruşanda, Hegsetlə yanaşı oturmuş Tramp cavab verdi:

“Bilmirəm. Niyə sən demirsən?

Qərarın geri çəkilməsi indi Ukraynaya 10 ədəd Patriot raketinin göndərilməsi ilə nəticələnə bilər – bu haqda ABŞ-ın Axios media orqanı məlumat verib.

Kiyev bu raketlərdən Rusiyanın artmaqda olan raket və PUA hücumlarını dəf etmək üçün istifadə edir.

Eyni gündə Tramp, Senator Lindsi Qrehem tərəfindən irəli sürülən və Rusiya ilə ticarət edən ölkələrə 500%-lik tarif tətbiqini nəzərdə tutan sanksiyalar qanun layihəsinə də baxıldığını açıqlayıb.

Tramp yanvardan vəzifəyə başladığı gündən Rusiya əleyhinə sanksiyalarla hədələyirdi, lakin hələlik heç bir sanksiya tətbiq olunmayıb.

İyun ayında o, sanksiyaların “çox baha başa gəldiyini” demiş və Rusiya ilə Ukrayna arasında razılaşmanın imzalanmasını gözlədiyini bildirmişdi.

Ancaq ötən həftə Tramp bildirmişdi ki, Putinlə çoxlu sanksiyalar barədə danışıb və əlavə etmişdi:

“O anlayır ki, bu sanksiyalar gələ bilər.”

Ukraynanın şərqində və Kiyevdə atəş açılması adi hala çevrilsə də, Rusiya hücumlarından ölkənin heç bir guşəsi kənarda qalmayıb.

Polşa sərhədindən 90 km uzaqda yerləşən Lutsk şəhəri bu dəfəki hücumdan ən çox zərər çəkib.

Lvov və Rivne şəhərlərində də partlayışlar qeydə alınıb.

Rusiya isə öz növbəsində bildirib ki, Ukraynanın Kursk bölgəsinə etdiyi PUA hücumu nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bu il ərzində Rusiya və Ukrayna arasında iki dəfə atəşkəs danışıqları keçirilib, lakin başqa görüşlər planlaşdırılmayıb və tərəflər münaqişənin diplomatik yolla həllinə ümidli görünmür.

Bu münaqişə 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya tammiqyaslı hücumu ilə başlamışdı.

Bu arada, Rusiya Ukraynanın şərqindəki yay hücumunu davam etdirir.

Çərşənbə günü Peskov bildirib:

“İrəliləyirik. Hər yeni gündə ukraynalılar yeni reallıqlarla barışmaq məcburiyyətində qalırlar.”

Mənbə: BBC

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et