"Superman" sadəcə yeni bir film deyil, eyni zamanda, potensial olaraq bir sıra filmlərin başlanğıcıdır. Bu film bütöv bir yeni kinematoqrafik kainatın əsasını qoyur.
DC-nin əvvəlki superqəhrəman blokbasterləri 2023-cü ildə ləyaqətsiz bir sonla başa çatıb: həmin il studiyanın təqdim etdiyi dörd film “Shazam! Fury of the Gods”, “The Flash”, “Blue Beetle” və “Aquaman and the Lost Kingdom” uğursuz olub və artıq bu vəziyyətdən dönüş yox idi. DC-nin "Genişlənən Kainatı" ləğv edilib. Bu da demək idi ki, Zack Snyder artıq Henry Cavill-in Superman və Ben Affleck-in Batman obrazları ilə daha apokaliptik, qaranlıq filmlər çəkə bilməyəcək. Onun yerinə isə, Marvel üçün “Guardians of the Galaxy” trilogiyasını çəkən James Gunn DC qəhrəmanlarını həm kinoteatr, həm də televiziya üçün idarə etmək və bu yenilənən layihənin ilk filmini yazıb rejissorluq etmək vəzifəsini aldı. Düşünə bilərsiniz ki, bu böyük bir məsuliyyətdir. Axı Superman onilliklər boyu dünyanı saysız-hesabsız dəfə xilas edib, indi isə bir kainatın taleyi onun çiynindədir. Amma görünür ki, Gunn bu təzyiqi hiss etməyib. O, DC-nin yeni kainatını nə diqqətlə qurmağa çalışıb, nə də hər kəsin bəyənəcəyi bir Superman hekayəsi yaratmağa cəhd edib. Əksinə, “The Suicide Squad” filmində olduğu kimi, əvvəlki aşağı büdcəli qorxu-komediya filmlərini xatırladan "geek" üslubundakı qəribəliklərlə dolu olan bu film sanki onun şəxsi əyləncəsi üçün çəkilib. Tamaşaçılar da bu əyləncədən zövq alacaqmı, bu hələ məlum deyil.
Gunn-un ən maraqlı ideyası hekayəyə əvvəldən deyil, sanki artıq üçüncü və ya dördüncü film kimi ortasından başlamaqdır. Superman-i bu rolda kifayət qədər yaraşıqlı və təmiz obrazlı David Corenswet oynayır, ilk dəfə tanıdığımızda o artıq üç ildir ki, Metropolis şəhərini supercinayətlərdən qoruyur. Artıq “Daily Planet” qəzetində çalışan cəsur jurnalist Lois Lane (Rachel Brosnahan) ilə sevgilidir və Lex Luthor (Nicholas Hoult) adlı fanatik, keçəl milyarder tərəfindən nifrətlə izlənilir. Superman-in bu filmə başlama forması qeyri-adi olsa da, o, yeganə "metainsan" deyil. Batman, Wonder Woman, The Flash və Aquaman kimi digər DC qəhrəmanları öz filmlərinə saxlanılır. Amma Superman burada Justice Gang (Ədalət Qrupu) adlı mənəvi baxımdan mübahisəli bir komanda ilə əməkdaşlıq edir və ya qarşılaşır. Bu komandaya təkəbbürlü Green Lantern (Nathan Fillion), sakit və soyuqqanlı Mr Terrific (Edi Gathegi) və həmişə narazı görünən Hawkgirl (Isabela Merced) daxildir.
Bu yanaşma əyləncəlidir. Axı əksər insan Superman-in mənşə hekayəsini Krypton planetində doğulması və Kansasda böyüməsini artıq bilir. Buna görə də birbaşa hərəkətə keçmək həyəcanvericidir. Üstəlik, Gunn DC komikslərinin ən absurd ideyalarını bu filmə daxil edir. Snyder-in çəkdiyi Superman filmləri qaranlıq, əzablı və Bibliya simvolizmi ilə dolu idi, halbuki bu film Superman-in "Krypto" adlı ağ, tüklü itini və "Superman Robotları" adlı pelerinli robot köməkçilərini təqdim edir. Superman onlara ciddi şəkildə "Superman Robotları" deyə müraciət edir. Ancaq filmin rejissoru eyni zamanda studiyanın rəhbərlərindən biri olanda, bu, müəyyən təhlükələr yaradır. Gunn-un bu qəribə yanaşması tezliklə özünü təkəbbürlü və özündən razı hiss etdirir. Filmin ortalarına doğru artıq klonlar, hipno eynəkləri, cib kainatları, alov püskürən Godzilla-oxşar məxluqlar, "Planet Watch" adlı hərbi dəstə və "ölçü ifriti" adlı nəhəng gözə sahib məxluqlar görürük. Sosial mediada yanlış məlumatlarla bağlı şərhlər eşidirik, metainsanların geosiyasi təsiri haqqında debatlar keçir. Bəzən ən komik səhnələrə gülürük, bəzən isə soyuqqanlı qətl səhnələri ilə üzülürük. Bu film uzun müddətli bir franchise (film seriyası) qurmaq istəyindən çox, sanki Gunn-un bir filmdən sonra işdən çıxarılacağı qorxusu ilə bütün fikirlərini tələsik şəkildə bir yerə yığdığı təəssüratını yaradır.
Gunn-un "geek" ambisiyası komiks həvəskarlarını güldürəcək, onun tərs yumoru da diqqət çəkəcək, bu qədər büdcəli bir filmin eksentrik B-film kimi hiss olunması böyük cəsarətdir. Amma Superman bu qəribə ideyaları və sürətli süjet dönüşlərini o qədər tez təqdim edir ki, onların heç bir emosional təsiri olmur. Göydə binalar yıxılır, canavarlar Metropolis üzərində gəzir, insanlar fərqli kainatlara keçirlər, amma Gunn bu səhnələrə 1978-ci ilin Superman: The Movie filmindəki kimi heyranlıq qatmağı unudur. Klassik fanfar musiqisini nə qədər istifadə etsə də, heç nə əslində önəmli və təsirli görünmür. Video oyun tərzi vizual effektlər də bu hissi artırır, sanki ekrandakı heç nəyin nəticəsi yoxdur. 1978-ci ilin məşhur şüarı belə idi: "Bir adamın uça biləcəyinə inanacaqsınız”. Demək olar ki, 50 il sonra, bu filmin şüarı belə ola bilər: "Heç nəyə inanmayacaqsınız”.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
