
Hindistanın ikonik rejissoru və aktyoru Guru Dutt cəmi 39 yaşında, 1964-cü ildə dünyasını dəyişdi, lakin onun kinematoqrafik irsi onilliklər keçsə də hələ də izləyicilərin qəlbinə toxunur.
1925-ci il 9 iyulda, Hindistanın cənubundakı Karnataka ştatında anadan olmuş Dutt-un doğumunun 100 illiyi gələn həftə qeyd olunacaq. Lakin kameranın arxasındakı insan – onun emosional çətinlikləri və psixi sağlamlıqla bağlı mübarizəsi – hələ də geniş şəkildə araşdırılmayıb.
Pyaasa və Kaagaz Ke Phool kimi klassik hind filmlərinin müəllifi olan Dutt, müstəqillik sonrası dövrün kino dünyasında yeni bir nəfəs, şəxsi və introspektiv bir üslub yaratdı.
Onun mürəkkəb personajları tez-tez öz şəxsi daxili mübarizələrini əks etdirirdi, süjetləri isə universal mövzulara toxunaraq, izləyiciləri gözəlliyi ilə təsir edən, lakin narahatedici reallıqlarla üz-üzə qoyurdu.
Sadə başlanğıc və ilham qaynaqları
Dutt-un uşaqlığı maddi çətinliklər və gərgin ailə həyatı ilə yadda qaldı. Ailəsi iş üçün şərqi Hindistana, Benqaliya köçdükdən sonra gənc Dutt bu bölgənin zəngin mədəniyyətindən dərin təsirləndi – bu da sonradan onun bədii baxışına formalaşdırıcı təsir göstərdi.
1940-cı illərdə Bombay film sənayesinə daxil olduqda soyadını – Padukone – tərk etdi. O, kino karyerasına rejissor kimi deyil, xoreoqraf kimi başladı və maddi ehtiyaclarını qarşılamaq üçün bir müddət telefon operatoru kimi çalışdı. Bu illərdə Hindistanın müstəqillik hərəkatı da qızğın idi və bu, onun gələcək karyerasına təsir etdi.
Məhz bu dövrdə o, Kashmakash adlı bir hekayə yazdı – bu əsər bədii narazılıq və sosial ümidsizliyi ifadə edir və sonralar onun baş əsəri olan Pyaasa filminə ilham verdi.
Uğura doğru yol
Dutt-un aktyor Dev Anand ilə dostluğu ona 1951-ci ildə ilk dəfə rejissorluq etməyə imkan verdi. Onun çəkdiyi ilk film, Baazi adlı qara filmlər üslubunda bir triller idi və onu tanıtdı.
Tezliklə o, məşhur müğənni Geeta Roy ilə evləndi və həmin illər bir çoxlarına görə onun ən xoşbəxt dövrü oldu.
Öz film şirkətini qurduqdan sonra Dutt, Aar-Paar və Mr & Mrs 55 kimi romantik komediyalarla ardıcıl uğur qazandı. Lakin bədii dərinliyə can atan Dutt, onun ən şəxsi və simvolik əsərinə – Pyaasaya başlamağa qərar verdi.
Bu film materialist dünyada bir sənətkarın daxili mübarizəsini əks etdirirdi. İllər sonra bu film Time jurnalının “XX əsrin 100 ən böyük filmi” siyahısına düşən yeganə hind filmi oldu.
Daxili fırtınalar və psixi gərginlik
Dutt-un bacısı Lalitha Lajmi onun Pyaasa filmini “xəyal layihəsi” adlandırırdı və onun üçün bu layihənin mükəmməl olması əsas məqsəd idi.
Rejissor kimi Dutt çəkiliş zamanı filmə yeni formalar verir, dialoqları və ssenarini tez-tez dəyişir, müxtəlif kamera eksperimentləri edirdi. Ancaq bu, bəzən narahatedici həddə çatırdı – məsələn, məşhur final səhnəsini 104 dəfə çəkmişdi.
Lajmi deyirdi ki, o əsəbləşir, qışqırırdı və yuxusuzluqdan əziyyət çəkirdi. Spirtli içki ilə yuxu dərmanlarını qarışdırmağa başlamışdı. “Pyaasa üçün öz yuxusunu, arzularını, xatirələrini fəda etdi,” – deyirdi bacısı.
1956-cı ildə, Pyaasa filminin tamamlanmasına az qalmış Dutt intihara cəhd etdi. Lakin xəstəxanadan çıxdıqdan sonra ailəsi heç bir psixoloji yardım axtarmadı.
Psixi sağlamlıq məsələləri o dövrdə cəmiyyətdə tabuydu və filmə qoyulan böyük sərmayə üzündən ailə, Dutt-un daxili böhranlarını ciddi şəkildə dəyərləndirmədi.
Uğur və daxili boşluq
Pyaasa, 1957-ci ildə çıxaraq böyük uğur qazandı, Dutt isə məşhur oldu. Amma o, tez-tez boşluq və mənasızlıq hissi yaşadığını dilə gətirirdi.
Filmin operatoru VK Murthy onun belə dediyini xatırlayır: “Rejissor olmaq, aktyorluq etmək, yaxşı filmlər çəkmək istəyirdim – hamısını etdim. Pulum da var. Amma heç nəyim yoxdur.”
Filmlərində güclü və müstəqil qadın obrazları təqdim etsə də, real həyatda həyat yoldaşından ənənəvi qadın rolu gözləyirdi və yalnız öz şirkətinin filmlərində oxumasını istəyirdi.
Şirkətini maliyyə baxımından sabit saxlamaq üçün Dutt-un bir qaydası vardı: hər bədii riskdən sonra kommersiya filmi çəkmək. Amma Pyaasadan sonra o, bu qaydanı pozaraq birbaşa Kaagaz Ke Phool üzərində işləməyə başladı.
Şəxsi faciə və itirilmiş istedad
Bu film bir rejissorun uğursuz evliliyindən və ilham mənbəyi ilə çətin münasibətlərindən bəhs edir. Film, qəhrəman rejissorun yalnızlıq və məğlubiyyət hissindən dünyasını dəyişməsi ilə bitir – bu isə Dutt-un öz həyatına çox bənzəyirdi.
Kaagaz Ke Phool sonradan klasik hesab olunsa da, çıxış dövründə kommersiya uğursuzluğu oldu. Bu isə Dutt üçün sarsıdıcı zərbə idi və o, bir daha rejissorluq etmədi.
Amma onun film şirkəti yenidən dirçəldi. Chaudhvin Ka Chand filmi ilə kommersiya baxımından ən böyük uğurunu qazandı.
Daha sonra, ssenari müəllifi Abrar Alvinin rejissoru olduğu Sahib Bibi Aur Ghulam filmini istehsal etdi. O vaxt Dutt-un şəxsi həyatı ağır depressiya, dəyişkən əhval və uyqusuzluq ilə müşayiət olunurdu.
Yazıçı Bimal Mitra xatırlayır ki, Dutt tez-tez ona deyirdi: “Düşünürəm ki, dəli olacağam.” O yenidən intihara cəhd etdi, üç gün huşsuz qaldı.
Lajmi deyir ki, bu hadisədən sonra ailə psixiatrla əlaqə saxladı, lakin davam etmədilər. “Biz bir daha psixiatrla əlaqə saxlamadıq,” – deyə təəssüflə qeyd edir.
Sükutun içində fəryad
Lajmi uzun illər inandı ki, onun qardaşı susaraq kömək istəyirdi – içində olduğu qaranlıqda öz səsini belə eşidə bilmirdi.
Dutt-un xəstəxanadan çıxmasından bir neçə gün sonra film çəkilişləri hər şey normal imiş kimi davam etdi.
Mitra soruşduqda, Dutt belə cavab vermişdi: “O gün bu intihara aparan narahatlıq və həyəcanın nə olduğunu indi düşünəndə qorxu hiss edirəm. Amma o gün bir an belə tərəddüd etmədən yuxu həblərini içdim.”
Film uğur qazandı, 1963 Berlin Film Festivalına göndərildi və Milli Mükafata layiq görüldü.
Lakin Dutt-un şəxsi böhranları davam etdi. O, həyat yoldaşından ayrıldı, çəkilişlərə qatıldı, lakin dərin tənha və depresiya içində idi. Tək təsəllisi içki və yuxu dərmanları idi.
1964-cü il 10 oktyabrda, Guru Dutt öz otağında ölü tapıldı.
Onun tərəf-müqabili Waheeda Rehman, 1967-ci ildə Film Jurnalında yazırdı: “Onun ölümü arzuladığını, gözlədiyini bilirdim… və o, buna nail oldu.”
Pyaasadakı qəhrəman kimi, həqiqi dəyər Dutt-a yalnız ölümündən sonra verildi.
Kino sevərlər bu gün də düşünür: əgər daha çox yaşasaydı, Hindistan kinosunu yenidən necə formalaşdırardı? Onun şairanə və vizioner sənəti daha nələrə imza ata bilərdi?
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
