Bu gün:

"Almaniya müharibənin bir parçası olmayacaq"- politoloqla müsahibə


Berlin Kiyevə silah tədarük etməsinə baxmayaraq Ukraynada münaqişənin tərəfi olmayacaq. Politoloq Əli Mustafa 24.media.az-da mövzu ilə bağlı sualları cavablayıb.

-Berlinin Ukraynaya silah yardımı etməsi, lakin münaqişənin tərəfi olmadığını iddia etməsi beynəlxalq hüquq baxımından nə dərəcədə əsaslıdır?

Almaniyanın Ukraynaya silah yardımı etməsi, amma münaqişənin tərəfi olmadığını deməsi beynəlxalq hüquq baxımından normaldır.Yəni burada bir ziddiyyət yoxdur. İstənilən dövlət başqa bir dövlətlə əməkdaşlıq edə bilər, ona kömək verə bilər, silah yardımı edə bilər. Bu, onun beynəlxalq hüququnu məhdudlaşdırmır. Bildiyimiz kimi Almaniya NATO-nun üzvüdür. Almaniya münaqişə tərəfi olacaqsa, onda NATO ilə razılaşmalıdır. Yəni bu, kifayət qədər ciddi bir siyasi məsələdir. İndi isə ümumiyyətlə beynəlxalq siyasət bir çox məsələlərdə ziddiyyətlə üzləşir. Amma nəzərə alsaq ki, artıq mövcud beynəlxalq hüquq tədricən zəifləyir, yəni mövcud beynəlxalq sistem çökür və yenisinin yaranması barədə danışılır, bir keçid dövrü yaşanır deyə bilərik. Ona görə də belə ziddiyyətlərin olması anlaşılandır. Almaniyanın Rusiya ilə savaşa hazırlanmasına dair iddialar var. Amma bu savaşın bir qədər gec olacağı da deyilir. Hətta bugünkü Rusiya Ukrayna savaşının Rusiya-Almaniya məsələsi olduğu da iddia olunur. Bütün hallarda, hətta sabah savaşacaqlarsa belə, hələlik onu etiraf etmirlər, boyunlarına almırlar, sadəcə hazırlaşırlar. 

-Almaniyanın bu ikili yanaşması NATO daxilində fikir ayrılığına səbəb ola bilər?

Almaniyanın ikili yanaşmasının NATO daxilində hansısa ziddiyyətlər yaradacağını ehtimal etmirəm. NATO əslində Ukraynanın arxasındadır, ona maliyyə və silah yardımı edir. Amma təbii ki, NATO ölkələri heç biri birbaşa Rusiya-Ukrayna savaşında tərəf deyirlər. O cümlədən Almaniya, yəni Almaniyanın bu məsələdə tərəf olmadığı ideyası orada bir problem yaratmır. Onlar hamısı Ukraynaya kömək edir.

Bəzən dövlətlər bir şey deyirlər, başqa şey edirlər. Konkret olaraq bu gün Almaniya bildiyim qədər ABŞ-dən sonra Ukraynaya ən çox kömək edən, dəstək verən dövlətdir. Səhv etmirəmsə, bu yaxınlarda beş milyard yardım da ayırıblar. Yəni bütün bunlar hamısı Rusiyaya qarşı mübarizədə, bütün Avropa ölkələrinin, o cümlədən Almaniyanın da Ukraynanın yanında olduğu gerçəyini dəyişmir. Ümumilikdə bu gün Avropa ölkələri Rusiya Ukrayna savaşının Avropanı qoruduğu qənaətindədir, lakin Rusiyanın hədəfi Almaniya, hətta Avropa da ola bilər. Ona görə də onlar çalışırlar ki, Ukraynaya əllərindən gələn hər köməyi göstərsinlər ki, Rusiya Ukrayna bataqlığından çıxmasın. Elə Rusiya saplanıb orda qalsın, onlar da bu fürsətdən istifadə edərək silahlansınlar və güclənsinlər. Hər halda bütün hallarda gələcəkdə böyük qarşıdurmaların olması ehtimalı var. Yeni dünya düzəninin, müharibələrdən doğacağı fikri var. Bu baxımdan da, məncə, hazırda Almaniyanın tutduğu bu mövqe Ukraynanı qane edir.

Aysel Mirzəyeva 

Paylaş
Şərh əlavə et