Bu gün:

"Yelləncək" - Fraqonard


"İncəsənətin inciləri" rubrikası "Yelləncək" əsərini təqdim edir. 

Yaşıllıqlara bürünmüş sehrli bir bağda günəşin işıqları yarpaqlar arasından süzülərək səhnəni yumşaqca işıqlandırır. Yelləncəkdə oturmuş gənc, zərif geyimli bir qadın havaya qalxır, sanki o an zaman dayanır. Gülüşü, uçuşan paltarı və ayağından çıxan ayaqqabısı ilə bu an qeyri-adi bir yüngüllük və azadlıq hissi yaradır. 

Kollar arasında gizlənmiş gənc bir kişi, bəlkə də gizli aşiq onun uçuşan ətəklərinə baxaraq hiyləgər bir təbəssümlə papağını çıxarır. Bu baxışda heyranlıqdan daha çox ehtiras, maraqdan daha çox oyunbazlıq gizlidir. Sağda, kölgələrə çəkilmiş yaşlı bir kişi isə yelləncəyi kəndirlə hərəkətə gətirir, bəlkə də heç nəyi anlamadan bu "şıltaq tamaşa"-nın bir parçası olub.

Səhnənin digər qəhrəmanları da susaraq rolunu oynayır: kiçik, sadiq bir it bu şıltaqlığa etiraz edir kimi hürür, putto heykəli isə barmağını dodaqlarına qoyub sükutu qorumağa çağırır. Sanki bu bağda baş verənlər bir sirrdir - sevgi, ehtiras və oyun arasında gizlənmiş bir səhnə. 

Bu rəsmin yaranma hekayəsi də özü qədər maraqlıdır. Deyilənə görə, bir saray xadimi məşuqəsi ilə özünü təsvir edən belə bir səhnə sifariş edir. Əvvəlcə rəssam Qabriel Fransua Doyen bu qeyri-ciddi işdən imtina edir. Amma Fraqonard tərəddüd etmir, çünki o, şıltaqlığın, zarafatın və gizli duyğuların rəssamıdır. O, sadəcə sifarişi yerinə yetirmir, əsl vizual poeziya yaradır.

Lakin bu xoşbəxt və oynaq dünya çox çəkmir. Maarifçilik dövrünün sərt düşünürləri belə əsərləri "qeyri-ciddi" hesab edərək kənara atırlar. Amma “Yelləncək” buna baxmayaraq yaşayır, çünki o, təkcə bir rəsm deyil, həm də bir hissin, bir anın, bir oyunbaz gülüşün ölümsüz təsviridir.


Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et