Tailandın Konstitusiya Məhkəməsi sızdırılmış telefon danışığı ilə bağlı yaranan qalmaqaldan sonra baş nazir Paetongtarn Şinavatranı vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırıb.

Söhbət zamanı Paetongtarn Kambocanın sabiq lideri Hun Seni “əmi” deyə çağırıb və Tailand ordusunun yüksək rütbəli bir komandirini tənqid edib. Bu, ictimaiyyətdə narazılıq yaradıb və onun vəzifədən uzaqlaşdırılması üçün imza toplama kampaniyasına səbəb olub. Məhkəmə hazırda bu məsələni araşdırır.
Əgər o vəzifədən çıxarılarsa, bu, son 20 ildə Tailand siyasətində əsas rol oynamış Şinavatra ailəsindən hakimiyyəti vaxtından əvvəl itirən üçüncü şəxs olacaq.
Onsuz da onun rəhbərlik etdiyi hökumət zəif çoxluqla fəaliyyət göstərir. İki həftə əvvəl əsas müttəfiqlərdən biri koalisiyanı tərk edib.
Konstitusiya Məhkəməsi 7-2 səs çoxluğu ilə onun işinə baxıldığı müddətdə vəzifəsindən uzaqlaşdırılmasına qərar verib. Paetongtarnın özünü müdafiə etməsi üçün 15 günü var.
Bu müddətdə baş nazirin müavini ölkəyə rəhbərlik edəcək. Amma Paetongtarn nazirlər kabinetində qalacaq – o, hökumət dəyişiklikləri çərçivəsində yeni təyin olunduğu mədəniyyət naziri vəzifəsini icra edəcək. Bu təyinat onun uzaqlaşdırılmasından bir neçə saat əvvəl təsdiqlənib.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
