Bu gün:

"Rusiya azərbaycanlılara qarşı terror yürüdür"-Müsahibə


Rusiyanın Voronej vilayətində azərbaycanlılara qarşı genişmiqyaslı reydlərə və həbslərə başlanılıb. Mövzu ilə bağlı 24Media.az'a politoloq Oqtay Qasımov öz fikirlərini bildirib.

-Rusiyanın etnik azlıqlara qarşı sərgilədiyi siyasət beynəlxalq səviyyədə onun mövqeyinə hansı mənfi təsirləri göstərə bilər?

Rusiyada son dövrlər başlanan anti-Azərbaycan miqrantlara qarşı sərt davranış gözləniləndir. Rusiya tarixinə nəzərən görə bilərik ki, son illərdə bu cür davranışlar Rusiya dövlət siyasətinin əsas vasitələrindən biri kimi dəyərləndirilib və məhz rus cəmiyyətinin özünün islamafob, digər qeyri-rus millətlərinə münasibətdə özündən razılıq və onlara ikinci dərəcəli insanlar kimi baxmaq davranışları görülməkdədir. 44 günlük müharibədən sonra Azərbaycan yeni yaratdıqları ilə qəbul edilməyən ölkələr sırasındadır. Rusiya Ukrayna müharibəsi başlananda qeyd edirdi ki, Rusiya Ukrayna cəbhəsində müəyyən uğur qazansa, o zaman onun hədəfə alacağı ilk ölkələrdən biri Azərbaycan olacaq. Bunun da əsas səbəbi qeyd etdiyimiz kimi, Azərbaycan özünün torpaqlarını azad etməsi, suverenliyini bərpa etməsi və müstəqil siyasət yürütməsi Rusiyanı narazı salır. Bundan əlavə, Azərbaycanın özünün müdafiə və təhlükəsizlik sektorunu da müasir standartlarla qurması Rusiyanı məmnun etmir. Ona görə də Azərbaycana təzyiq etməyə çalışır. Burada bir çox başqa digər faktorlar da var ki, Rusiya məhz bunun üzərindən Azərbaycana təzyiq etməyə çalışır. Əsas məsələlərdən biri Rusiyanın Azərbaycan-Ermənistan sülh prosesindən kənarda qalması və prosesə müdaxilə imkanlarının minimuma endirilməsi, Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın istəklərinin həyata keçməməsi və s. bunlar hamısı Rusiyanı narazı salan məqamlardır.

-Voronejdə baş verən həbslər və reydlər Rusiya dövlətinin azərbaycanlılara qarşı sistemli siyasətinin göstəricisidirmi?

Voronejdə baş verənləri dövlət səviyyəsində həyata keçirildiyini birmənalı söyləmək mümkündür. Çünki miqrantlara, o cümlədən azərbaycanlılara qarşı bu qeyri-anti insani davranışlar məhz Rusiyanın dövlət siyasətidir. Bunlar birbaşa Kremldən idarə olunan və birinci şəxsin razılığı ilə həyata keçirilən repressiv tədbirlərdir. Azərbaycanlılara qarşı həyata keçirilən repressiyalar, bunu da guya yerli əhalinin gəlmələrdən narazılıq ilə əlaqələndirmə, əlbəttə ki, bunlar hamısı cəfəngiyatdır. Rusiyanın özünün siyasətinə bəraət qazandırmaq cəhdləridir. Məhz bunun üzərindən Rusiya öz siyasətini həyata keçirməyə çalışır. Əslində, Rusiya anlamalıdır ki, miqrantlar ölkəyə təhlükə yaratmır. Əksinə, bu miqrantlar Rusiyada iş yerlərinin işləməsinə, o cümlədən iş yerlərinin yaradılmasında aktiv rol oynayırlar. Rusiya büdcəsinə vergilər ödəməklə onun iqtisadiyyatının dirçəlməsinə kömək edirlər. Sadəcə olaraq Rusiyanın dövlət siyasəti, qeyd etdiyimiz kimi ultra millətçilik və faşist bir düşüncədə dayandığından qeyri-rus millətlərə qarşı bu davranışlar davamlı olacaq. Bu yalnız tək azərbaycanlılarla bağlı deyil. Hazırda ayrıca olaraq azərbaycanlılar hədəf seçilib. O ki qaldı Rusiyanın bu davranışlarına beynəlxalq reaksiyaları, hesab eləmirəm ki, hansısa ciddi beynəlxalq reaksiya olacaq. Çünki beynəlxalq münasibətlərdə də biz ikili standartların hər zaman şahidi olmuşuq. Və hazırda Ukraynada baş verənlər onu göstərir ki, beynəlxalq ictimaiyyət bir çox məsələlərdə, həm də bu cür işğal, təcavüz haqlarında Rusiyaya qarşı sərt və birmənalı mövqe nümayiş etdirə bilmir.

Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et