Niyə bəzi pişiklər sakit, digərləri isə danışqan olur?

Eyni evdə yaşayan pişiklərin davranışları fərqli olur. Biri mırıldayır, qucağa gəlir, qonaqları qarşılayır. Digəri isə uzaqdan müşahidə edir, sakit qalır.
Yaponiyada aparılan araşdırma bu fərqin səbəblərindən birinin genetik olduğunu göstərir. Kyoto Universitetinin tədqiqatçısı Yume Okamoto pişik sahiblərindən anket doldurmağı və DNT nümunəsi təqdim etməyi istəyib. Sorğuda pişiklərin mırıldaması və insanlara yönəlmiş səsli davranışları qiymətləndirilib.
Tədqiqat X xromosomunda yerləşən androgen reseptoru (AR) geninə fokuslanır. Bu gen testosteron kimi hormonlara reaksiyanı tənzimləyir. AR genindəki təkrarlanan ardıcıllıqların uzunluğu pişiyin davranışına təsir göstərir. Qısa ardıcıllıq pişiyi hormonlara qarşı daha həssas edir.
Qısa AR geninə sahib pişiklər daha çox səs çıxarır, mırıldayır, insanlara yaxınlaşır. Erkək pişiklər daha tez-tez miyoldayır. Dişi pişiklər yad insanlara qarşı daha aqressiv olur. Uzun AR geninə sahib olanlar daha sakit davranış göstərir. Bu gen tipi sakitliyi ilə tanınan cins pişiklərdə daha çox rast gəlinir.
Səsli davranış evcilləşmənin nəticəsi sayılsa da, bu gen vəhşi pişiklərdə də mövcuddur. Bu fakt evcilləşmənin təkcə sosial davranışı artırmadığını, eyni zamanda aqressiv xüsusiyyətləri də qoruduğunu göstərir.
Bəzi heyvanlar insanlara yaxınlaşır, çünki resurslar onları cəlb edir. Bu, onların ev heyvanına çevrildiyi anlamına gəlmir. Məsələn, şəhər martıları insanlara yaxın yaşayır, lakin daha aqressiv olur. Çünki şəhərdə qida üçün rəqabət güclüdür.
Tədqiqat nəticəsinə əsasən, AR geninin qısa variantı daha təşəbbüskar və diqqətcəlbedici davranışla əlaqəlidir. Lakin bu xüsusiyyətlər bəzən aqressivlik kimi də üzə çıxır. Buna görə evcilləşdirmə həm müsbət, həm də çətin davranışlar yarada bilər.
Davranış müxtəlifliyi təkamül üçün vacibdir. Fərqli şəraitlərdə müxtəlif xüsusiyyətlər faydalı olur. Pişiklər üçün ideal xarakter anlayışı yoxdur. Bəzən sakitlik, bəzən isə israrçılıq uğur gətirir.
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
