Aİ-nin xarici işlər nazirlərinə təqdim etdiyi hesabatda İsrailin Avropa İttifaqı–İsrail Assosiasiya Sazişi çərçivəsində insan haqları ilə bağlı öhdəliklərini pozduğuna dair əlamətlərin olduğu göstərilirdi. Bu hesabat cümə axşamı keçiriləcək Aİ sammiti öncəsi yayımlanıb.

Avropa İttifaqı İsrailin ən böyük ticarət tərəfdaşıdır və etirazçılar 25 illik ticarət sazişinin, İsrailin Qəzzadakı hərəkətlərinə görə dayandırılmasını tələb ediblər.
Lakin Aİ liderlərinin bu ticarət razılaşmasını dayandıracağına dair ümidlər tezliklə puça çıxıb. Hesabatın mövcudluğuna baxmayaraq, Qəzza müharibəsi mövzusunda Aİ daxilində ciddi fikir ayrılıqları qalmaqdadır.
Etirazçılara 100-dən çox qeyri-hökumət təşkilatı və yardım qurumu dəstək verir.
Son 20 ayda İsrailin hərbi əməliyyatları nəticəsində, Həmas tərəfindən idarə olunan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 55 minə yaxın fələstinli həyatını itirib, 1.9 milyon insan isə didərgin düşüb.
Mart ayının əvvəlində İsrail Qəzzaya humanitar yardım axınını tamamilə dayandırmışdı. 11 həftə sonra ABŞ və beynəlxalq təzyiqlərlə bu blokada qismən yumşaldı. BMT xəbərdarlıq etmişdi ki, yarım milyon insan aclıq təhlükəsi ilə üz-üzədir.
BMT bildirir ki, son dövrlərdə ABŞ və İsrailin dəstəklədiyi yardım təşkilatları tərəfindən qurulan ərzaq paylama mərkəzlərinə yaxınlaşmağa çalışan 400-dən çox fələstinli İsrail güllələrilə öldürülüb. Daha 90 nəfər isə BMT və digər yardım karvanlarına yaxınlaşarkən hədəfə alınıb.
Oxfam nümayəndəsi Anyes Bertran-Sans BBC-ə bildirib:
“Qəzzada bütün qırmızı xətlər keçilib. Bütün qaydalar pozulub. Avropa İttifaqının hərəkətə keçmək vaxtıdır”.
Hesabat ictimaiyyətə təqdim olunduqdan sonra, Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas çıxış edərək Aİ-nin növbəti addımını izah etməyə çalışdı.
O qeyd edib ki, birinci məqsəd Qəzzada vəziyyəti dəyişmək olacaq. Əgər bu baş verməsə, gələn ay assosiasiya sazişinin dayandırılması məsələsi müzakirəyə çıxarılacaq.
“Biz İsraillə əlaqə saxlayacağıq və fikirlərimizi bildirəcəyik. Çünki bu üzv dövlətlərin diqqət mərkəzində olan məsələdir”.
Lakin QHT-lər Aİ-nin reaksiyasını zəif və fürsətin əldən verilməsi kimi qiymətləndiriblər.
İsrailin Xarici İşlər Nazirliyi bu hesabatı “əxlaqi və metodoloji baxımdan tam uğursuz” adlandırıb.
Tənqidçilər üçün bu hadisə, Avropa İttifaqının humanitar yardım sahəsində liderlik iddiası olsa da, siyasi güc baxımından vahid və təsirli səs ortaya qoya bilmədiyinin bariz nümunəsidir.
BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Olivye de Şutter deyib: “Avropa və Birləşmiş Krallıq İsrailə beynəlxalq humanitar hüququ tətbiq etməyə məcbur etmək üçün yetərincə təzyiq göstərmir. Bu isə onların beynəlxalq səviyyədə etibarlılığını azaldır. Qəzzada genişmiqyaslı hərbi cinayətlər törədilir. Genosid olub-olmadığı müzakirə mövzusudur, lakin olmasa belə, müdaxilə borcumuz var”.
O, Aİ-nin gücünü itirdiyini və bu passivliyin Avropanın Ukrayna müharibəsi ilə bağlı mövqeyinə də zərər vurduğunu düşünür.
İsrail isə öz hərbi əməliyyatlarının beynəlxalq hüquq çərçivəsində aparıldığını və məqsədin Həmasın məhv edilməsi, eləcə də 7 oktyabr 2023-cü ildəki hücum zamanı qaçırılan girovların qaytarılması olduğunu deyir və sürülən bütün iddiaları rədd edir.
Avropa son illər ABŞ-nin böyük beynəlxalq məsələlərdə – xüsusilə Ukrayna və İran məsələlərində – üstün rol oynamasına görə ikinci planda qalıb. Prezident Donald Trump Rusiya və İsrail rəhbərləri ilə birbaşa danışıqları dəstəklədiyindən, Aİ-nin mövqeyi daha da zəifləyib.
ABŞ-nin mövqe sərgiləmədiyi məqamda, Avropa İttifaqı Qəzza məsələsində yalnız ortaq səs formalaşdırmaqda deyil, bu səsi dünyaya eşitdirməkdə də çətinlik çəkir.
Mənbə:BBC
Tərcümə etdi:Rəna Qarayeva
