Londondakı Britaniya Muzeyində açılan yeni sərgi Hindistanın ruhani sənətinin zəngin inkişaf yolunu nümayiş etdirir. “Qədim Hindistan: Yaşayan ənənələr” adlı bu sərgidə əsrləri əhatə edən 189 qeyri-adi obyekt bir araya gətirilib.
Ziyarətçilər burada 2,000 illik heykəllər və rəsmlərdən, incə naxışlı panel və əlyazmalara qədər ruhani ifadənin Hindistanda necə inkişaf etdiyini görə bilirlər. Hindistan yarımadasında sənət eramızdan əvvəl 200-cü ildən eramızın 600-cü ilinə qədər dərin bir dəyişiklik keçirib. Bu dövrdə Hinduizm, Buddizm və Caynizm dinlərinin tanrı və müqəddəs ruhlarını təsvir edən rəsmlər simvolik formadan insan formasına keçməyə başlayıb. Bu üç din qədim təbiət ruhlarına, məsələn, güclü ilanlara və ya enerjili tovuzquşulara sitayiş etməklə ortaq mədəni kökləri bölüşsələr də, bu dövrdə dini ikonografiyada böyük dəyişikliklər baş verdi və bu dəyişikliklər bu gün də aktual olaraq qalır. Sərginin kuratoru Dr. Suşma Cansari deyir: “Bu gün biz Hindu, Cayn və ya Buddist tanrılarını insan formasız təsəvvür edə bilmirik. Bu keçidi maraqlı edən də budur”.
Sərgi beş hissəyə bölünüb: əvvəlcə təbiət ruhları, sonra isə hər üç dinə həsr olunan alt bölmələr və sonda bu dinlərin və onların sənətinin Kamboca və Çinə kimi Hindistandan kənara yayılmasına dair hissə yer alır. Sərgidəki diqqətçəkən əsərlərdən biri Amaravatidəki (cənub-şərqi Hindistan) müqəddəs ziyarətgahdan götürülən ikiüzlü qumdaşı paneldir. Panelin bir tərəfində (təxminən eramızın 250-ci ili) Buda insan kimi təsvir olunub. Digər tərəfində isə (təxminən eramızdan əvvəl 50–1-ci il) Buda simvolik olaraq, bir ağac, boş taxt və ayaq izləri ilə təmsil olunub. Dr. Cansari bunu “eyni ziyarətgahdan, eyni paneldə belə bir keçidin nümayiş olunmasını qeyri-adi hal” kimi qiymətləndirir.
Hinduizm bölməsində isə bir erkən tunc heykəl müqəddəs təsvirlərin necə təkamül keçirdiyini göstərir. Bu heykəl həm təbiət ruhu olan yaqşi, həm də hindu tanrıçasına bənzəyir. Yaqşi bolluq və məhsuldarlıq, eyni zamanda xəstəlik və ölüm gətirən güclü bir varlıq sayılır. Amma bu heykəldə çoxqollu forma və tanrıçalara xas əşyalar da var ki, bu da gələcəkdə hindu tanrıçalarının necə təsvir olunacağını göstərir. Cayn sənətinə dair nümunələrdə isə əsas diqqət 24 maariflənən müəllim tirthankara üzərindədir. Bu fiqurların ilk təsvirləri təxminən 2000 il əvvələ, çəhrayı qumdaşı üzərində çəkilən heykəllərə aiddir. Onları sinəsindəki sonsuz düyün simvolu ilə tanımaq olur.
Sərgidə Oksford Universitetinin Aşmolin Muzeyindən götürülmüş qaşqabaqlı təbiət ruhu yaqşanın başı da yer alıb. Bu sərgidəki 40 eksponat dünyanın 37 muzey və kitabxanasından götürülüb. Kuratorun sözlərinə görə, bu sərgini fərqləndirən əsas cəhət odur ki, Cənubi Asiya sənətinə dair digər sərgilərdən fərqli olaraq, bu sərgi ilk dəfə olaraq Hinduizm, Buddizm və Caynizmin sənətinin başlanğıc mərhələlərini birlikdə təqdim edir. Həmçinin, sərgi hər bir obyektin tarixçəsinə də diqqət yetirir, kim tərəfindən hazırlanıb, necə və haradan muzeyə gəlib, bu haqda qısa izahlar təqdim olunur. Maraqlı bir detal isə odur ki, Buddist sənət nümunələrinin bir çoxunun bağışlayanları qadınlar olub. Lakin sərgidə bir suala cavab verilmir: vizual dillə bağlı bu dəyişiklik niyə baş verdi? Dr. Cansari deyir: “Bu milyon dollarlıq sualdır. Alimlər hələ də bu haqda mübahisə edirlər. Yeni sübutlar tapılmayana qədər səbəbi bilmək mümkün deyil. Amma insan formasında ilahi təsvirlərin bu qədər inkişaf etməsi göstərir ki, insanlar tanrıları insan kimi təsəvvür etməyi çox seviblər”.
Sərgi eyni zamanda çoxhissiyatlı təcrübə yaşadır: orada qoxular, pərdələr, təbiət səsləri və parlaq rənglər var, Hindu, Buddist və Cayn ibadət məkanlarının atmosferini canlandırmaq üçün. “Bu müqəddəs məkanlarda çox şey baş verir, amma eyni zamanda orada bir sakitlik və harmoniya da olur. Mən də bunu göstərmək istədim” – deyə Dr. Cansari bildirir.
Ekranlarda isə Britaniyada yaşayan bu dinlərin tərəfdarlarının ibadət görüntüləri təqdim olunur. Bu da sərginin yalnız qədim sənətlə deyil, həm də bu gün milyonlarla insan üçün yaşamaqda olan bir ənənə ilə bağlı olduğunu vurğulayır.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
