İsveç dizaynı haqqında olan stereotip– açıq rəngli ağac, neytral və zövqlü tonlar, sadə və minimalist formalar İsveçdə 20-ci əsrin əvvəlində populyarlaşan funksionalizmə (isveçcə funkis) əsaslanır.
1930-cu ildə keçirilən və 4 milyon ziyarətçi cəlb edən Stokholm sərgisi çağdaş İsveç dizaynını dünyaya tanıdıb. Daha sonra bu üsluba "Skandi" adı verilib. 1943-cü ildə təsis edilən Ikea brendi isə uzun illər bu sadə, funksional və əlçatan mebel anlayışını möhkəmləndirib. Ancaq İsveç dizaynı bu klişedən ibarət deyil. Fərqli yanaşmanı 1924-cü ildə Stokholmda heykəltəraş və gümüşçü Nils Fougstedt və enerjili dizayner və sahibkar Estrid Erikson tərəfindən qurulan və atasının ölümündən sonra miras qalan pullarla maliyyələşdirilən Svenskt Tenn markası yaradıb. Brendin 100 illiyi ötən il Stokholmda yerləşən Liljevalchs muzeyində keçirilən "Svenskt Tenn: Ev fəlsəfəsi" sərgisi ilə qeyd olunub. İndi isə Nina Stritzlerin yeni nəşr olunan “Svenskt Tenn: Interiors” kitabı bu hekayəni daha da dərindən araşdırır.
Çoxlu müasir dizaynerlər bəzəyin artıq və mənasız olduğunu düşünüb, amma Erikson evə gözəllik gətirməyin həyat keyfiyyətini artırdığına inanıb. İsveçin cənubundakı Hyo şəhərində böyüyərkən o, 1899-cu ildə filosof və dizayn nəzəriyyəçisi Ellen Key tərəfindən yazılan “Hər Kəs üçün Gözəllik” kitabından təsirlənib. Erikson həmçinin 1919-cu ildə nəşr olunan Gregor Paulssonun “Hər Günkü Əşyalar Daha Gözəl Olsun” kitabından da təsirlənib. Paulsson 1917-ci ildən etibarən İsveç Sənaye Dizaynı Cəmiyyətinə rəhbərlik edib. 19-cu əsrin sonlarından etibarən İsveç kənd təsərrüfatından şəhər və sənaye cəmiyyətinə çevrilib və bu cəmiyyət gündəlik həyatda dizayn keyfiyyətinin artırılmasını təşviq edib.
Svenskt Tenn ("İsveç qalayı"), əvvəlcə, əl işləri olan qalay məhsulları istehsal edib satıb. Gümüşlə müqayisədə daha əlverişli olan bu məhsullar tədricən Josef Frankın dizayn etdiyi, rəngarəng və coşqulu tekstillərlə əvəz olunub. Avstriya mənşəli, yəhudi memar və dizayner olan Frank 1930-cu illərdə Eriksonla əməkdaşlığa başlayaraq, 1967-ci ildəki ölümünə qədər bu əməkdaşlığı davam etdirib. Frank və Erikson ornamentləri sevməyən müasiristlərdən fərqli olaraq bəzək və naxışları seviblər. Frank 1927-ci ildə Almaniyanın Stuttgart şəhərində keçirilən Die Wohnung adlı müasir memarlıq sərgisində iştirak edib. Onun ailə üçün dizayn etdiyi ev dəbdəbəli tekstil bəzəkləri səbəbilə tənqid olunub.
1930-cu illərin əvvəllərində Frank və isveçli həyat yoldaşı Anna İsveçə köçüblər və İkinci Dünya Müharibəsi zamanı Nyu-Yorkda yaşayıblar. Frank burada Erikson üçün böyük və rəngarəng naxışlı tekstillər hazırlayıb. O, bu çiçək təsvirlərini “isveç çiçəkləri yox, tropik xəyal çiçəkləri” adlandırıb. "Frankın botanika motivləri Nyu-Yorkda tapdığı təbiət kitablarından qaynaqlanıb" – deyir kitabın müəllifi Nina Stritzler. Frankın İngiliscəsi zəif olub və o, Nyu-York həyatına uyğunlaşa bilməyib. Onun tekstil dizaynları şəhərin dar və qaranlıq küçələrindən uzaqlaşıb, xəyal edilən cənnətə qaçış arzusunu ifadə edib. Onun məşhur tekstillərindən biri “Hawaii” adlanır. Bu parçanın üzərində sadəlövh təsvir edilən kəpənəklər, meyvələr və dolaşıq budaqlar var.
Zaman keçdikcə Svenskt Tenn məhsul çeşidini genişləndirib: Frankın göz oxşayan naxışlı parçaları və xalçaları, yumşaq divanlar, işıqlandırma, rattan oturacaqlar, rəngli taxta stullar və pirinç, güzgülü səthlərdən ibarət digər məhsullar. Parçalardakı stilizə olunan flora və fauna təsvirləri real güllər və yaşıl bitkilərlə tamamlanıb. 1927-ci ildə Stokholmun Östermalm bölgəsində açılan yeni mağazanın divarlarında sarmaşıq bitkiləri uzanıb. Svenskt Tenn interyer dizayn xidməti də təqdim edib və tezliklə "lüks, amma rahat" üslubuyla tanınıb. Erikson İsveç dizaynını xaricdə tanıtmaq üçün də çox iş görüb. 1925-ci ildə keçirilən Exposition des Arts Decoratifs et Industriels sərgisində (buradan Art Deco anlayışı yaranıb) və müharibədən sonrakı dövrdə bir çox beynəlxalq sərgilərdə iştirak edib. Mağaza isveç ictimaiyyətinə xarici dizaynerləri tanıdıb, o, William Morrisin və Rene Lalique-in şüşə işlərinin sərgilərini təşkil edib, Piero Fornasetti kimi İtalyan sənətçilərin məhsullarını satıb.
Svenskt Tenn 1930-cu illərin Swedish Grace üslubundan da təsirlənib. Bu üslub Art Deco-nun geometrik xətləri ilə Skandinav xalq motivlərini və neoklassik elementləri birləşdirib. Eriksonun sevgisi həm İsveç sənətkarlığına, həm də digər mədəniyyətlərə idi, o, bütün dünyanı gəzib, gördüyü maraqlı əşyaları alıb. 1925-ci ildə istehsal olunan qalaydan hazırlanan bir vaza Stokholmun Etnografiya Muzeyində gördüyü qədim Peru qabından ilhamlanıb. O həmçinin isveçli rəssam və yazıçı Karl Larssonu da çox bəyənib. Karl və həyat yoldaşı Karin Bergöö Larsson İsveçdəki Sundborn kəndində yerləşən bir kottecdə yaşayıb. Bu ev onların su rəngli rəsmlərində tez-tez əks olunub. Evin interyer dizaynı Arts and Crafts hərəkatından və William Morrisin işlərindən təsirlənib. Bu gün bir çox evlər bir-birinə oxşadığı halda, Eriksonun insan mərkəzli yanaşması çox təzə və orijinal görünür.
Svenskt Tennin dizayn fəlsəfəsi dəyişən dəblərdən və qaydalardan uzaq duraraq evləri həm fiziki, həm də psixoloji rahatlıq məkanı kimi təqdim edir. Bu yanaşma bu gün də unikal və aktualdır. Hazırda Svenskt Tenn Beijer Fonduna məxsusdur və bu fond elm, tibb və dizayn sahələrində araşdırmaları dəstəkləyir. Brendin klassik dizaynları hələ də populyardır və son illərdə məşhur müasir dizaynerlərlə əməkdaşlıqlar edib.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
