24media.az-ın növbəti müsahibi psixoloq Əbdül Səlimlidir. O, psixologiyanin fiziki təsiri ilə əlaqədar danışıb.
-Stress və narahatlıq kimi psixoloji hallar insan orqanizminin fiziki sağlamlığına hansı yollarla təsir göstərir?

İnsan beyni təhlükə hiss etdikdə “savaş, ya da qaç” adlı müdafiə mexanizmini işə salır. Bu mexanizm bizi həyati təhlükələrdən qorumaq üçün təkamül etmiş bir reaksiyadır. Stress məhz bu reaksiyanı hərəkətə gətirən əsas psixoloji və fizioloji mexanizmdir.
Təhlükə hiss olunduqda:
Qan dövranı sürətlənir
Nəfəsalma tezləşir
Maddələr mübadiləsi güclənir
Bədən ani reaksiya verməyə tam hazır hala gəlir
Bu vəziyyət qısa müddət üçün bədəni qoruyur, lakin uzunmüddətli stress bu reaksiyaların davamlı aktiv qalmasına səbəb olur və nəticədə:
Yüksək qan təzyiqi və ürək ritm pozuntuları
Baş ağrısı və əzələ gərginliyi
Yuxu pozğunluğu və tez yorulma
Həzm problemləri və iştahsızlıq
Hormonal tarazsızlıq və menstruasiya dövrü pozğunluqları və.s sağlamlıq problemləri ortaya çıxır.
-Uzunmüddətli emosional gərginliyin immun sisteminə təsiri barədə nə demək olar?
Uzun müddətli emosianal gərginlik zamanı bədəndə kortizol hormonu ifraz olunur. Əgər kortizol uzun müddət yüksək səviyyədə qalarsa, bu, immun sistemin zəifləməsinə səbəb olur:
Ağ qan hüceyrələrinin fəaliyyəti azalır orqanizm infeksiyalara qarşı müdafiəsiz qalır
Yara sağalması ləngiyir
Xroniki iltihab riski artır, bu da bədənin öz toxumalarına qarşı hücum etməsinə şərait yaradır
Nəticədə, Autoimmun xəstəliklərin yaranma və ya pisləşmə riski artır.
-Psixoloji vəziyyətin xroniki ağrılar və mədə-bağırsaq problemləri ilə əlaqəsi varmı?
Bəli, beyin və bədən arasındakı qarşılıqlı əlaqə bir çox fiziki problemlərin əsasını təşkil edir. Psixoloji vəziyyət yalnız ruhi halımıza deyil, bədənimizdə baş verən proseslərə də birbaşa təsir göstərir:
Depressiya və anksiyete kimi emosional pozuntular, bədəndəki ağrı həssaslığını artırır. Ruh halındakı düşkünlük və həyata qarşı marağın azalması bu ağrılara olan dözümümüzü azaldır.
Beyin və bağırsaq arasında “bağırsaq-beyin oxu” adlanan neyropsixoloji əlaqə mövcuddur. Stress isə bu sistemi pozaraq mədə turşusunun artmasına, həzm problemlərinə, qıcıqlanmış bağırsaq sindromuna (İBS) və.s səbəb ola bilər. Konversiyon pozuntusu (yeni adı ilə: Funksional Nevroloji Simptom Pozuntusu) da psixoloji stresin və ya emosional gərginliyin, bədəndə neyroloji simptomlar şəklində ortaya çıxmasıdır.
Ən çox görülən simptomlar isə:
Əzələ zəifliyi və ya iflic (ayaq və ya qolda hərəkətsizlik)
Qıcolmalar (epilepsiyaya bənzəyən, amma EEG-də uyğunsuz olan tutmalar)
Görmə və ya eşitmə pozğunluqları (gözlərdə problem olmadan görmə itkisi)
Bədənin bir hissəsində hissiyat itkisi
Yürüş pozğunluqları (ayaqlar sağlam olsa belə gəzə bilməmə)
Səsin itməsi (psixogen afoniya)
