Bu gün:

“Məni həyata bağlayan yalnız sənətimdir“-“Vətəndaş A”-nın Fərqanəsi Zəhra Əlisoy ilə müsahibə


Zəhra Əlisoy 20 may 2000-ci ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsində bakalavr təhsilindən dərhal sonra magistr təhsili alıb. 2022-ci ildən Azərbaycan Dövlət Pantomim Teatrında çalışmağa başlayıb. O, bir çox filmlərdə və seriallarda çıxış edib. Rejissor Z. Qasımlının “Tağıyev”, F. Əhmədovun “Məhşər: Şükriyyə Axundzadə” filmlərində tamaşaçı qarşısına çıxıb. Onun ən sevilən və tanınan obrazı E. Rüstəmzadənin rejissorluğunda ekranlaşdırılmış “Vətəndaş A” serialındakı Fərqanə obrazı olub. Eyni zamanda bir çox tamaşalarda da bir-birindən fərqli obrazlar canlandırıb: “Pantomima Buketi”, “Şinel” – N. Qoqol (rejissor: C. Dadaşov), “Manqurt” – Ç. Aytmatov (rejissor: C. Dadaşov), “Romeo və Julietta” və s. Gənc aktrisa sənəti ilə bağlı düşüncələrini və yaradıcılığını 24media.az ilə bölüşüb.Zəhra Əlisoy öncəliklə uşaqlıqda səhnəyə olan marağının necə formalaşdığı barədə məlumat verib:

“Uşaqlıqdan həmişə həyətdə uşaqlarla oynayanda bizim bir adətimiz var idi. Səhnəciklər canlandırırdıq, kliplər çəkirdik və yaxud səhnələşdirilən musiqilər var idi ki, onlar rəqslərlə olurdu. Biz onları əzbərləyib sonra gəlib həyətdə oynayırdıq. Və həmişə uşaq olarkən deyirdim ki, səhnə adamı olacam. Təbii, böyüdükcə bu fikrim dəyişirdi. Hər dəfə fərqli bir sənət seçirdim özümə iki-üç ay sonra fikrimi dəyişirirdim. Jurnalist olacam demişəm, polis demişəm… Amma ən çox istədiyim 3 sənət olub həmişə: dedektivlik, balerinlik, bir də aktrisalıq sənəti. Təbii ki, aktrisalıq hamısına güc gəldi. 9-cu sinifdən sonra tam olaraq bu fikir üzrə gedirdim. Əlbəttə ki, çətin oldu. Azərbaycanda aktrisa olmaq istəyən bir qıza ailəsi qarşı çıxır. Ancaq nə qədər qarşı çıxsalar belə, mən mübarizə aparıb öz fikrimdə qaldım və bu fikirlə irəlilədim. Bu sənəti seçdim. Əslində, teatr və çəkilişlərlə bağlı böyük təsəvvürüm yox idi. Amma həmişə teatrı daha çox sevmişəm. Və çox qəribə bir şəkildə uşaqlıqdan pantomim teatrından gördüyüm qısa kadrlarla böyümüşəm. Bizim ailədə anam həmişə bizə sənət adamlarını, müğənniləri öyrədirdi. Biz köhnə filmlərə baxaraq böyümüşük. Yəni, mən artıq universitet yaşıma gələndə Azərbaycan dramaturgiyası, aktyor və teatr sənətinin nümayəndələrinin çox hissəsini əzbər bilirdim. Bu isə həm anam, həm də öz marağım sayəsində olub. İlk dəfə pantomim teatrı bir festival çərçivəsində universitetdə keçirilirdi. Mən onda birinci kursda oxuyurdum. Və mən onda özümə dedim ki, bu növ teatrda işləmək istəyirəm. O vaxtlar bir az içəqapanıq və kompleksli olduğuma görə heç kəsə bu istəyim barədə danışmamışdım. Ümumiyyətlə, bizim sənətdə belədir ki, cavansansa, özün gedib teatrlara müraciət etməlisən ki, səni görsünlər və istedadını göstərə biləsən. Mən bunun əksi olaraq hər dəfə deyirdim ki, mən getməyəcəm. Məni onlar özləri çağıracaqlar. Və çox qəribə bir şəkildə mənim hazırkı müəllimim dedi ki, mən pantomim teatrına yenidən qayıdıram və əgər istəyirsənsə, mənə çox xoş olardı ki, gəlib bizimlə çalışasan. Bu, mənim üçün çox böyük şans olmuşdu. Beləcə pantomimlə mənim yollarım kəsişdi. Heç də peşman deyiləm, yəni, istədiyim sənətlə məşğulam, istədiyim teatr ortamındayam.”

“Günlərin birində kamera və səhnə dayansa, Zəhranı yaşadan nə olacaq?” sualına isə gənc aktrisa belə cavab verib:

“Əslində, heç düşünməmişəm bu barədə. Çünki məni həmişə həyata bağlayan gördüyüm iş olub. Biz həyat anlayışını böyüdükcə dərk edirik. Uşaq olarkən o qədər də dərdlərimiz, məsuliyyətlərimiz və qayğılarımız olmur. Böyüyüb 20-li yaşları keçdikdən sonra isə həyata nəyə əsasən tutunduğuna diqqət yetirirsən. Və dəfələrlə olub ki, hər şeydən əl çəkmək istəmişəm. Ancaq sənətimə olan eşqim buna güc gəlib. Yəni, düşünmürəm ki, mən sabah, bir gün başqa bir sənətdə ola bilərəm. Əslində, mənim ikinci sənətim də var. Mən muğamla məşğul olmuşam. Sadəcə davam etdirmədim. Universitetə daxil olduqdan sonra isə tamamilə kənara atdım. Əgər bir gün belə bir şey baş versə, yəqin ki, baş alıb harasa gedərəm.”

Zəhra Əlisoy “Vətəndaş A” serialında canlandırdığı Fərqanə obrazı ilə özü arasındakı fərqlər və bənzərliklərdən də danışıb:

“Belə baxanda, Fərqanə və Zəhra ikisi də hökmranlıq sevəndir. Bir az dominantlıq hissi ikisində də yüksəkdir. Problemi həllə meyillilik var ikisində də. Sadəcə, Zəhra daha məntiqli həllər tapır. Fərqanə isə bir göz qırpımında qərar verir. Fərqanə çox ağlayır. Belə deyim ki, həmişə bu obrazla bağlı sual gələndə deyirəm ki, mən ağlamağı Fərqanə ilə öyrənmişəm. Çünki mən hisslərini əsla ağlayaraq ifadə edən bir insan olmamışam. Əsəbi ola, vurub dağıda bilərəm, sakit də yola verə bilərəm, amma heç vaxt ağlamamışam. Ancaq sanki mənim hisslərimə ağlamaq yüklənib və müəyyən bir şeylərdə mən artıq ağlaya da bilirəm.”

Sonda, müsahib gənc sənətçilərə bu sahədə davam etmək üçün əsas güc mənbəyindən danışıb və tövsiyələr verib:

“Bilmirəm, bəlkə də, bir az eqoist səslənə bilər. Mən universitetə gələndə mənim qrup yoldaşlarımın içərisində demək olar ki, bir çoxunun nə dramaturgiyadan, nə də Azərbaycanın klassiklərindən xəbərləri yox idi. Bilirsinizmi əsas məsələ nədədir? Əgər bir sənətlə maraqlanırsansa, o sənətin dərinlikləri ilə də maraqlanmalısan. Onun kökünə enməlisən. Universitetə gələndə C.Cabbarlını, H.Cavidi, C.Məmmədquluzadəni, hətta M.F.Axundzadəni tanımayan bir nəsillə qarşılaşdım. Mənim tamaşaların necə qurulduğuyla bağlı, pyeslərlə bağlı anlayışım var idi. Düşünürəm ki, əgər bir sənətlə məşğul olursansa, daim öyrənməlisən və öyrənməyə açıq olmalısan. İncəliklərinə qədər getməli və çox araşdırmalısan. Məsələn, mən indiki yaşımda, indiki çalışdığım işlərlə belə deyə bilmərəm ki, mən hər şeyi bilirəm. Çünki mənim hələ qarşıda çox yolum var. Mən hələ öyrənmə mərhələsindəyəm. Və öyrənə-öyrənə nələrsə qatıram özümə, nələrsə əldə edirəm. Bu, ömrümün sonuna qədər də belə olacaq. Ümumiyyətlə, aktyor “hər şeyi bilirəm” deməməlidir. Və tək aktyor deyil, olsun rejissor, olsun jurnalist, olsun müğənni – hər kim olur-olsun. Dediyim kimi, bir sənətlə məşğul olacaqsa, heç olmasa həmin sənətlə bağlı ibtidai biliklərə sahib olmalısan. Mən demirəm ki, universitetə gələndə hər şeyi bilirdim və ya böyük biliklərim var idi. Xeyr. Ancaq ən azından Azərbaycan tarixini, Azərbaycandakı teatrın nə zaman yarandığını, ilk qoyulan tamaşanı, yazılan ilk pyesi və sairə… Bunlarla bağlı mənim anlayışım var idi. Bu sənətə müxtəlif məqsədlərlə gələnlər var. Sırf aktyor olmaq üçün gələnlər var. Onlara fərq etmir hansı filmdə çəkilmək və ya teatrda oynamaq. Sırf populyarlıq üçün gələnlər var. Onlar ancaq üzdə olmaq istəyirlər və onlara ssenarinin heç bir fərqi yoxdur. Məsələn, mənə çox təkliflər gəlib. Ancaq mən hər filmdə, serialda oynamaq istəməmişəm. Yəni ssenarilər mənim üçün çox vacib olub. Mənim bu sənətdə qalmaq üçün əsas güc mənbəyim elə sənətimi sevməyimdir.”


Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et