Bu gün:

İsrailin hücumları İranın nüvə proqramını hədəfə aldı


İsrailin İrana qarşı misli görünməmiş hücumlarının əsas hədəfi ölkənin mübahisəli nüvə proqramını tamamilə məhv etmək idi – bu, həm çətin, həm də yüksək riskli bir məqsəd sayılırdı.

İsrail İranın nüvə proqramında mühüm rol oynayan üç əsas obyektə – Natanz, İsfahan və Fordo nüvə obyektlərinə və nüvə tədqiqatı və inkişafı ilə məşğul olan bir sıra aparıcı alimlərə zərbələr endirib.

Ziyan miqyası artıq yavaş-yavaş aydınlaşmağa başlayır. Peyk görüntüləri və ekspertlərin analizləri göstərir ki, ən azı iki obyektə endirilən zərbələrin ciddi təsiri olub. Lakin hələ də bir çox məqam naməlum qalır – xüsusilə də İranın ən həssas nüvə infrastrukturu yerin dərinliklərində yerləşdiyinə görə. Hər iki tərəf isə hadisələrə zidd qiymətlər verir: İsrail ordusunun bir rəsmisi şənbə günü keçirdiyi brifinqdə bildirib ki, Natanz və İsfahan nüvə obyektlərinə endirilən zərbələr həmin obyektlərə “əhəmiyyətli ziyan” vurub. İran isə obyektlərdəki ziyanın məhdud olduğunu iddia edir.

Beynəlxalq Böhran Qrupunun İran Layihəsi üzrə direktoru Əli Vaez bazar günü CNN-ə bildirib ki, “bütün (nüvə) təchizat zənciri pozulub.” O, İsrail və İran arasında atəş mübadiləsinin davam etdiyi bir vaxtda, hədəf alınan hər bir nüvə obyektinin nüvə silahı hazırlamaq üçün zəruri olan mürəkkəb addımlar ardıcıllığında mühüm rol oynadığını vurğulayıb.“Bu zəncir indi qırılıb, amma bir neçə aya bərpa oluna bilər, çünki İranın həm bu sahədə biliyi, həm də lazım olan materialları var,” – deyə Vaez xəbərdarlıq edib. “Bu, təkcə hava hücumları ilə həll olunacaq bir problem deyil.”

Natanz

İlkin qiymətləndirmələr göstərir ki, İsrailin Natanz nüvə obyektinə endirdiyi zərbələr son dərəcə təsirli olub. ABŞ-ın iki rəsmisi CNN-ə bildirib ki, bu zərbələr yalnız səthi struktur ziyanı ilə kifayətlənməyib, həmçinin yeraltı səviyyələrdə yerləşən və uranı zənginləşdirmək üçün istifadə olunan sentrifuqaların enerji təminatını sıradan çıxarıb.

İsfahan

İranın mərkəzində yerləşən İsfahan nüvə obyektindəki ziyanın miqyasını müəyyənləşdirmək hücumdan sonrakı ilk saatlarda daha çətin olub. İsrail və İran tərəfindən hücumun nəticələri ilə bağlı ziddiyyətli məlumatlar yayılıb.

Bununla belə, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) şənbə günü sonradan bildirdi ki, İsfahan obyektində dörd əsas binaya ziyan dəyib.

Bu qiymətləndirmə İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndinin daha əvvəl verdiyi açıqlama ilə ziddiyyət təşkil edirdi. Kamalvəndi şənbə günü demişdi ki, İranın ən böyük nüvə tədqiqat kompleksi olan bu ərazidə ziyan məhduddur və yalnız bir yardımçı anbar yanıb.

İsrail isə daha iddialı çıxış etdi: İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmisi şənbə günü keçirilən brifinqdə bildirib ki, obyektə “əhəmiyyətli ziyan” dəyib.

Şənbə günü çəkilmiş peyk görüntülərində kompleksin geniş ərazisində yerləşən üç tikilidə aydın şəkildə ziyan izləri görünür. MAQATE-nin bəhs etdiyi dördüncü struktur isə həmin görüntülərdə dərhal görünməyib.

Lakin bu ziyanın praktik nəticələrinin nə qədər ciddi olduğu hələ ki tam aydın deyil. Kamalvəndi deyib ki, həm Natanz, həm də İsfahan obyektlərindəki bəzi avadanlıqlar hücumlar gözlənildiyi üçün əvvəlcədən köçürülüb. CNN bu iddianı müstəqil şəkildə təsdiqləyə bilməyib.

İsrailin əsas hədəfi nüvə infrastrukturuna zərbə vurmaq idi, lakin hücumlar bununla məhdudlaşmayıb. İranın hərbi obyektləri və gizli fəaliyyət göstərən İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli bir sıra digər yerlər də hədəf alınıb.

İranın qərbində, İraq sərhədi yaxınlığında yerləşən Piranşəhr şəhərindəki peyk görüntüləri, kiçik bir hərbi binanın zərbələr nəticəsində demək olar ki, tamamilə yerlə-yeksan olduğunu göstərir. Maxar Texnologiyaları tərəfindən ötən ay çəkilmiş əvvəlki görüntüdə isə müqayisə üçün ərazidə nəqliyyat vasitələri görünür.

Tehranın qərbində yerləşən SEPAH obyektlərindən birində isə böyük bir binanın damının böyük hissəsi uçub – bu da orada ciddi ziyanın olduğunu göstərir.

İsrailin cümə günü həyata keçirdiyi zərbələr nəticəsində İranın SEPAH qüvvələrinin baş komandanı, general-mayor Hüseyn Səlami də öldürülən əsas hərbi fiqurlardan biri olub.


Mənbə: Cnn News

Tərcümə etdi: Aysu Salahova

Paylaş
Şərh əlavə et