Heç bir yerə və ya heç bir şeyə bağlı hiss etməmək - aidiyyətsizlik hissi günümüzdə getdikcə daha çox insanın yaşadığı daxili bir boşluğa çevrilir.
Aidiyyətsizlik nə bir millətə, nə bir insana, nə də bir məkana mənsub olma ehtiyacı hiss etməmək kimi izah olunur. Bu anlayış fiziki baxımdan sərbəst olmasa da, mənən heç vaxt yerinə oturmayan və sabit bir həyata uyğunlaşmaq istəməyən insanlara aiddir.
Sosial şəbəkələrdə və sözlük platformalarında bu hissi yaşayan insanlar tez-tez paylaşım edərək özlərini izah etməyə çalışırlar. Onlara görə aidiyyətsizlik siyasi partiyalara, dinlərə və hətta ailəyə belə dərin bağlılıq hiss etməməklə müşahidə olunur. Cavab verəcək arqumentləri olsa da, çox vaxt bu cavablara özləri belə inanmırlar. Onlar üçün doğulduqları yer sadəcə bir coğrafi məkandır, bəzən isə heç o da deyil.
Aidiyyətsizlik hissi yaşayanlar universitet üçün başqa şəhərə getdikdə doğma yerlərini belə darıxmadan tərk etdiklərini etiraf edirlər. Ailə anlayışı isə sadəcə insanın dünyaya gəlməsinə və böyüməsinə şərait yaradan sosial bir struktur kimi dəyərləndirilir. Dost çevrəsi də iki-üç yaxın insanla məhdudlaşır.
Bu insanlar dinə və milliyyətə də özlərini yaxın hiss etmirlər. Bu, bir növ daxili mübarizə, inam itkisi və cavabların səmimiliyinə inamsızlıqla bağlıdır. Onlar bəzən “boşluqda yaşamaq” kimi hisslərə qapılır və belə düşünürlər: “Əgər bu dünyadan getsəm, bəlkə də heç kim hiss etməyəcək…”
Aidiyyətsizliyin mənfi tərəfi insanın təbiəti etibarilə bir yerə, bir kiməsə, bir dəyərə bağlı olmaq istəyidir. Bu boşluq hissi insanın varlığını sual altına almasına səbəb olur. Lakin digər tərəfdən bu vəziyyət bir az da azadlıqdır, çünki hər hansı bir bağlılıq bir növ zəiflik kimi də qəbul edilə bilər.
Bu insanlara görə, aidiyyətsizlik həm qorxunun, həm cəsarətin, həm də ziddiyyətlərin vəhdətidir. Onlar başqalarının asanlıqla uyğunlaşdığı sistemə qarşı içlərində bir müqavimət daşıyırlar. Hərçənd azadlıq mütləq xoşbəxtlik gətirmir.
Aidiyyətsizliyi yaşayanlar üçün bu vəziyyət bəzən xəstəliyə bənzədilir - müalicəsi olan, lakin harada olduğunu heç vaxt dəqiq müəyyən edə bilmədikləri bir xəstəlik. Bu səbəbdən onlar müxtəlif yollarla bu hissdən qurtulmağa çalışırlar: evlənmək, ailə qurmaq, sənətə və kitablara yönəlmək, lakin nəticə eyni olur - yenə də tənhalıq və axtarış.
Aidiyyətsizlik həm də bir seçimdir. Özünü heç bir insana, məkana və ya dəyərə aid hiss etməyən insan bəlkə də tərk edilməkdən, aldatmaqdan, ya da aldanmaqdan qorxduğu üçün bu yolu seçir. Nəticədə bu, mənəvi olaraq daim yerdəyişmə vəziyyətində olan, mənasını bilmədiyi bir şeyin axtarışına çıxmış bir həyat tərzidir.
Mütəxəssislərə görə aidiyyətsizlik hissi müasir cəmiyyətin getdikcə fərdiləşən və təcrid olunmuş insan modelinin nəticəsidir. Cəmiyyətin inkişafı ilə paralel şəkildə bu hiss daha çox yayılır və bu problemin fərqində olmaq onunla mübarizənin ilk addımı sayılır.
Mənbə: Buzz feed
Tərcümə etdi: Mina Yadigarlı
