Texnologiya və elmin inkişaf etdiyi bir dövrdə yaşasaq da, batil inanclar hələ də cəmiyyətin bir parçası olaraq qalır. Bəs görəsən, insanlar niyə elmi biliklərə baxmayaraq hələ də batil inanclara inanır? Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyevlə danışdıq.

İnsanların miflərə, batil inanclara üstünlük verməsinin səbəbi nədir?
İnsanlar hələ qədim dövrlərdən çətin vəziyyətə düşəndə mistik, qeyri-adi qüvvələrdən çıxış yolu axtarmağa çalışırdılar və bununla təskinlik tapırdılar. Ona görə müxtəlif əlamətlərə, yalançı inanclara inanmağa başlayıblar. Bununla bağlı Ziqmund Freydin "Totem və Tabu" əsərində də geniş şəkildə bəhs olunur.
Bu cür inanclar cəmiyyətin inkişafına mane olurmu?
Bir qrup dələduzlar, fırıldaqçılar var ki, hansı ki, onlar məhz bu yalançı inanclar vasitəsiylə insanları tələyə salır, onlara maddi ziyanlar vurur. Bu gün də o fırıldaqçı falçılardan zərər görən kifayət qədər insanlar var. Ona görə də bunun yeganə çıxış yolu həm hüquqi müstəvidə onlara qarşı cəza tədbirləri artırılmalı, həm də ki, insanlar maariflənməlidir. Çünki bu inanclara nə dində, nə də cəmiyyətdə yer yoxdur. Din əslində mənəvi, əxlaqi dəyərləri özündə ehtiva edir və Tanrını yeganə inanc yeri kimi göstərir. Əlbəttə, təhsil alanların səviyyəsi hələ o qədər deyil ki, xurafata yer qalmasın. Elm yalançı batil inancları məqbul saymır və xurafa yer tanımır.
Təhsil artdıqca bu cür inanclar azalırmı?
İnsanların dünyagörüş səviyyəsi, təhsil səviyyəsi eyni olmadığına görə bu günlərdə də, çox təəssüflər olsun ki, hələ də xurafata inananlar var. Elm və təhsil inkişaf etdikcə şübhəsiz ki, xurafat və cəhalətə inam azalıb, ancaq görürsüz ki, 21-ci əsrdə, 4-cü sənaye inqilabında yaşadığımız dövrdə, süni intellekt imkanları olan bir dövrdə belə yalançı batil inanclara inananlar tapılır və onların arasında təəssüflər olsun ki, dırnaqarası ziyalılar və zəngin insanlar da olur ki, onların toruna düşürlər. İnsanlar gerçək təhsil aldıqca, savadlandıqca, həyat həqiqətlərini dərk etdikcə, xurafata yer qalmır.
Sona Osmanova
