Bu gün:

"İstirahət vadisi" - John Everett Millais


"İncəsənətin inciləri" rubrikası "İstirahət vadisi" əsərini təqdim edir.

John Everett Millaisin 1858–1859-cu illərdə yaratdığı “The Vale of Rest” (“İstirahət vadisi”) əsəri Pre-Rafaelit incəsənətinin ən sarsıdıcı və emosiya yüklü nümunələrindən biridir. Rəssam bu əsəri ilə ölümün labüdlüyü, qadınların ruhani missiyası və daxili iztirablarını dərin simvollarla təqdim edir.

Əsər qəbiristanlıq səhnəsidir, gün batır, gecənin ilk sükutu təbiətə yayılır. Fon səssizdir, divarla əhatələnmiş qəbiristanlıqda baş daşları, uzaqda zəngi görünən kiçik bir ibadətgah gözə dəyir. Ön planda isə iki qadın, ehtimal ki, rahibələr diqqət mərkəzindədir. Birisi əyilərək qəbir qazır, bədəni torpaq dolu kürəyin ağırlığı ilə gərilib, əzələləri görünür. Digəri isə bir qədər arxada oturub, əlində təsbeh tutaraq qorxu dolu baxışlarını kənara yönəldib və bu baxış sanki ruhani bir əzabı, daxili çöküntünü və qarşıda duran taleyi oxuyur.

Bu iki qadın zahirən sakitdir, lakin tablodakı atmosfer susqun bir dramatikliyə bürünüb. Dərin yaşıl və qəhvəyi çalarlarda çəkilmiş mənzərə ölümlə həyat arasındakı sərhədi hiss etdirir. Gecənin yaxınlaşması yalnız təbiət hadisəsi deyil, bu, ölümün, keçiciliyin və sonun simvolik gəlişidir. Qadınların geyimləri, tünd rəngli donlar və başlarını örtən ağ parçalar onların dini və ruhi vəziyyətini ifadə edir. Lakin əsərdə onların məhz Katolik rahibələri olduğu təsdiqlənmir. Bu da əsərə müəyyən universal çalar verir: bu qadınlar sadəcə müəyyən bir dinə aid fiqurlar deyil, həm də insanlığın ümumi tale yükünü daşıyan obrazlardır.

Millaisin bu əsəri Pre-Rafaelit qardaşlığının əsas prinsiplərinə uyğun olaraq, realizm, simvolizm və bədii təfərrüatlarla zəngindir. Qəbir qazma səhnəsi sıradan bir fiziki hərəkət deyil, bu, həm də daxildə qazılan emosional bir uçurumdur. Qadının torpaqla mübarizəsi, digərinin isə onu izləyən baxışı əsərdəki psixoloji gərginliyi artırır. Burada ölüm sadəcə nəticə deyil bir proses, bir mübarizə, bəlkə də qadınların çiyinlərində daşıdıqları görünməyən yükdür.

Qadının əlindəki təsbeh dualara, sükuta və Allaha yönəlik ümidsiz çağırış kimi görünür. Bu səssiz dua bəlkə də ölən bir ruhun rahatlığı üçün deyil, yaşayanın qurtuluşu üçündür.

Millais “İstirahət vadisi” əsəri tamaşaçını sadəcə bir görüntüyə deyil, bir duyğuya çağırır. Bu duyğu ölüm qorxusu ilə inamın, yorğunluqla ümidsizliyin arasındakı incə, boğuq bir sərhəddə baş verir. Gözəllik və kədər burada bir-birinə qarışır.


Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et