İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, İran artıq doqquz nüvə silahı istehsal etmək üçün kifayət qədər yüksək səviyyədə zənginləşdirilmiş urana malikdir.

Xatırladaq ki, 2018-ci ildə Donald Trampın İranla nüvə razılaşmasından çıxmasından sonra İran uran zənginləşdirmə proqramını əhəmiyyətli dərəcədə genişləndirib. 2018-ci ildə İranın 3.6% zənginlikdə təxminən 150 kq uranı var idi – bu səviyyə nüvə reaktorları və sülh məqsədli proqramlar üçün kifayətdir. Amma indi İran 2018-ci ildəkindən 50 dəfə çox urana malikdir.
2023-cü ildə MAQATE İranın nüvə obyektində 83.7% zənginlikdə uran hissəcikləri aşkar etdiyini bildirib – bu da demək olar ki, bombaya yaxın səviyyədir. Həmin dövrdə 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatı 128.3 kq idi – bu da indiyədək qeydə alınan ən yüksək səviyyə idi.
Hazırda İranın nüvə bombası istehsalına nə qədər yaxın olduğu dəqiq bilinmir, lakin ölkə əsas tərkib hissə olan zənginləşdirilmiş uran istehsalında ciddi irəliləyiş əldə edib.
BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) 31 may tarixində üzv dövlətlərə təqdim etdiyi hesabatda bildirib ki, İran 60% zənginlik səviyyəsinə malik urana sahibdir. Bu hələ nüvə silahı üçün lazım olan 90% səviyyəsi deyil, lakin bu uran daha da zənginləşdirilərsə, doqquz nüvə silahı hazırlamaq mümkün ola bilər.
Netanyahu cümə günü elan etdiyi “Rising Lion” (Yüksələn Şir) əməliyyatı zamanı belə deyib:
“İran çox qısa müddətdə nüvə silahı hazırlaya bilər. Bu bir il, hətta bir neçə ay da ola bilər. Bu, İsrailin mövcudluğu üçün açıq və real təhlükədir.”
MAQATE-nin qərarı və İranın cavabı
MAQATE uzun müddətdir ki, İranı nüvə silahlarının yayılmamasına dair öhdəlikləri pozmaqda ittiham edirdi. Amma sonuncu dəfə bu qurumun İdarə Heyəti təxminən 20 ildən sonra ilk dəfə olaraq, İrana qarşı rəsmi qətnamə qəbul edərək onun bu öhdəlikləri pozduğunu rəsmən bəyan edib.
Buna cavab olaraq İran nüvə fəaliyyətlərini daha da genişləndirəcəyini bildirib.
Mənbə: CNN
Tərcümə etdi: Rəna Qarayeva
