Bu gün:

"Heç bir yeniliyə ironik yanaşmaq lazım deyil"


24Media.az-ın budəfəki qonağı Azərbaycanın tanınmış detektiv yazarı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Elxan Elatlıdır.

İlk olaraq müsahibmiz "yazıçı" sözünün onun üçün nə məna kəsb etdiyindən danışıb. O bildirib ki, yazıçı adına qarşı uşaq yaşlarından çox böyük hörməti olub, həddindən artıq pərəstiş ilə yanaşıb və bu hissləri hələ də davam etməkdədir. Hətta müsahibimiz qeyd edib ki, öz yazıçı həmkarları bəzən tənqid olunan zaman ona çox pis təsir edir, çünki yazıçı dedikdə ağlına ilk ziyalı insanlar gəlir. Həmçinin Elxan Elatlı onu da vurğulayıb ki, yazıçı o şəxsdir ki, gördüklərini, yaşadıqlarını digər insanlara nəzərən daha dərindən anlayır və təxəyyülü daha yaxşı biridir.

Əksər zamanlarda kitablarında öz ideyalarına yer verdiyini bildirən Elxan Elatlı kitablarını yazarkən nələrə diqqət yetirdiyindən də danışıb:

"Daha çox öz ideyalarıma və içimdən gələn hisslərə yer verirəm. Çünki mən ilk dəfə yazanda heç oxucuların nə düşündüyünü bilmirdim. Yazdım və bəyənildi, düşüncələrimiz eyni oldu. Bu da daha həvəslə yazmağıma zəmin yaratdı".

"Təxminən 5-6 ay hazırlıq mərhələsi olur, təkcə qeydlər edirəm və daha çox düşünürəm", - deyən müsahibimiz kitablarını yazmaq üçün nə qədər vaxt sərf etməsi barədə də bəhs edib:

"Düşünməyim zamanından və məkanından asılı olmur; gəzərkən ola bilər, sakit bir kənd yerində olarkən baş tuta bilər və s. Yazmağa başlayanda isə mən artıq vaxtlarımı müəyyənləşdirirəm. Məsələn, səhər oyananda bilirəm ki, başlamalıyam. Ümumiyyətlə, əksər hallarda bir çox yazıçılardan fərqli olaraq, axşamlar və gecələr işləmək mənə ziddir".

Elxan Elatlı romanlarının təqribən yarısını əl ilə yazdığını bildirib. O qeyd edib ki, ilk dəfə "Qanunsuz əməliyyat" adlı kitabını kompüterdə yazıb. Müsahibimiz bu fikirdədir ki, kompüter ədəbiyyata uyğun bir şey deyil və yazıçıya yaraşmır.

"Tənqidi fikirlər çox istifadə edirdim, hətta ironik bir sözüm də vardı, Səməd Vurğunun bir şeirinə əsaslanmışdım: "Əlimdə bir qələm, demir ki, qarşımdadır hələ bir kompüter". Lakin sonra gördüm ki, zaman insanı özü ilə aparır, yəni heç bir yeniliyə ironik yanaşmaq lazım deyil. Sonra anladım ki, mən əvvəl nə qədər çətinlik çəkmişəm. İndi heç bir şəkildə keçmişə qayıda bilmərəm".

Müsahibimiz obrazlarını necə yaratdığından da bəhs etdi. O, bildirdi ki, obrazlarını, əsəsən, gördükləri ilə təxəyyülünü birləşdirərək yaradır.

Elxan Elatlı dövrün rəqəmsal tələblərindən biri olan online kitab oxuma vərdişinə qarşı yanaşmasının elə də yaxşı olmadığını bildirdi. Yazıçı PDF formatında oxuyarkən çox şeyləri unutduğunu, hadisələrin yadında yaxşı qalmadığını deyir və buna görə də kitabdan oxumağa üstünlük verir. Buna baxmayaraq, online oxumanı çox ciddi tənqid etmədiyini bildirdi.

Yazıçı Yeni dövr Azərbaycan ədəbiyyatı və yazıçıları haqqında danışıb:

"Təəssüf ki, çox az oxumuşam, fəqət oxucular tərəfindən qəbul olunan yazıçılara hörmətim var. Ədəbi mühitdə, qələm əhlində tanınan yazıçılar çoxdur. Tövsiyə edərdim ki, oxucularım da oxusunlar".

"Məsləhətim budur ki, kitab yazmağa tələsməsinlər", - deyən Elxan Elatlı yazıçı olmaq və kitab yazmaq istəyənlərə bəzi tövsiyələr verdi. O dedi ki, bəziləri çox tez yazmağa başlayırlar və yazıçı bunu tövsiyə etmir, çünki düşünür ki, yazıçıya həyat təcrübəsi lazımdır. Erkən yaşda olan yazmağın həvəskar və hazırlıq istiqamətində olduğunu deyir. Həmçinin yazıçının təkcə kitab oxumaqla kifayət olmadığını qeyd edən müsahibimiz öz dilini mükəmməl bilməli olduğunu da əlavə etdi. Eyni zamanda, milli olmağı və fərdi davranmaq lazım gəldiyini də vurğuladı. "Yazıçı bir az da təvazökar olmalıdır", - deyə bu barədə fikrini tamamladı.

Elxan Elatlı: "Əgər sən bir roman yazmaq istəyirsənsə, aylarla yazacağın hadisələri düşünürsən, obrazlarla danışırsan",- deyərək sənətin çətinliklərindən də bəhs etdi:

"Əgər yazıçı işləmirsə, vaxtı çoxdur, lakin əksər hallarda, yazıçının, demək olar ki, vaxtı olmur. İnsanlar düşünə bilərlər ki, günündən və zamanından asılı olmayaraq yazıçı bikardır. Amma o həmin an obrazlar ilə danışa bilər, yazacağı sujeti haqqında düşünə bilər. Başqa bir çətinlik isə müxtəlif düşüncəli insanların arasında olmaqdır. Canlı görüş olmasa belə, yazılan roman əllərə düşür və fərqli xarakterli insanlar oxuyur; kimisi bəyənir, kimisi bəyənmir. Bəziləri sevir, bəziləri isə nifrət edir".

Sonda Elxan Elatlı II Türk Dünyası Ədəbiyyatı və Kitab Festivalı haqqındakı düşüncələrini bölüşdü:

"Festivalların, kitab sərgilərinin sayı artdıqca mən çox sevinirəm. Bu, gələcəyin işıqlı olacağından xəbər verir. Kim bu işlərdə əziyyət çəkibsə, mən onları alqışlayıram".

Xədicə Qiyas

Günel Məmmədova




Paylaş
Şərh əlavə et