Wim Wenders-in son filmi “Perfect Days”-də baş qəhrəman Tokioda tualet təmizləyən bir şəxs vaxtının çoxunu tək keçirir. Bitkiləri sulamaq, düşünmək, musiqi dinləmək və kitab oxumaqla.
Film irəlilədikcə yeni obrazlar meydana çıxır, amma bir çox izləyici üçün filmin başlanğıcındakı o sakit anlar “mükəmməl” hesab olunur. Təəccüblü deyil ki, tənhalıq haqqında düşüncələr indi ekranlarda, kitab raflarında və sosial şəbəkələrdə podkastlardan viral TikTok-lara qədər, daha çox yer tutur. Görünür ki, bu dövr tək qalmaq üçün ən yaxşı zamandır. Son illərdə bu mövzu ilə bağlı bir neçə kitab işıq üzü görüb, bir neçəsi isə hələ dərc olunmaq üzrədir. 2024-cü ildə “Solitude: The Science and Power of Being Alone” və “Solo: Building a Remarkable Life of Your Own” kitabları nəşr edilib. Fevral ayında isə Nicola Slawson-un “Single: Living a Complete Life on Your Own Terms” kitabı çıxıb. Keçən ay isə Emma Gannon-un çox gözlənilən romanı “Table For One” yayımlanıb. Gannon əvvəllər məhsuldarlıq və uğur anlayışlarını sorğulayan qeyri-bədii kitablarla tanınıb. İndi isə o, sevgi münasibətləri mövzusunu yeni prizmadan nəzərdən keçirir, bir gənc qadının partnyorla deyil, tək olmağın içində xoşbəxtliyi tapması hekayəsi.
Bu kitabların əsas məqsədi tək qalmanın nəinki normal, həm də faydalı və xoş bir şey olduğunu göstərməkdir. İndi artıq “tənhalıq epidemiyası” termini ilə adlanan pandemiya dövrü geridə qaldıqca, bu barədə fərqli baxışlar formalaşır. 2023-cü ildə ABŞ-ın Səhiyyə Baş Cərrahı Vivek Murthy tərəfindən populyarlaşdırılan bu ifadə insanların kütləvi şəkildə özlərini yalnız hiss etməsinə işarə edib. Amma Carleton Universitetindən psixologiya professoru Robert Coplan deyir ki, tənhalıqla bağlı bu narahatlıq nəticəsində tək qalmaq anlayışının özü də “pis ad” qazanıb. İndi isə bu yanlış yanaşma düzəlməkdədir. Coplan və bir çox yazıçılar təkrar-təkrar vurğulayır ki, tənhalıq və təklik eyni şey deyil. Jurnalist Heather Hansen izah edir: “Tənhalıq bəzi insanlar üçün ciddi və zərərli ola bilər, amma bu subyektiv bir hissdir və insan təkliyi bəzən öz xoşuna, müsbət səbəblərlə seçir”. Hansen Solitude “The Science and Power of Being Alone” kitabının həmmüəllifidir və deyir ki, insanlar indi həyatlarına baxıb anlayırlar ki, onlar təkliyi müxtəlif səbəblərdən və bu səbəblər onların xeyrinə seçirlər. Bu müzakirələrin fonunda gənclərin və millenial nəslinin romantik münasibətlərə münasibəti də dəyişir. ABŞ-da keçirilən bir sorğuya görə, Gen Z və millenialların 40%-i evliliyi köhnəlmiş ənənə hesab edir. Birləşmiş Krallıqda isə rəsmi statistikaya görə, Gen Z nəsli arasında evlənəcək olanların sayı 50%-dən bir qədər çoxdur.
İncəsənətdə də təkliyin gözəlliyi həmişə təcəssüm etdirilib. Alman romantik rəssamı Caspar David Friedrich-in “Duman dənizi üzərindəki səyyah” əsəri və amerikalı rəssam Edward Hopper-in tənha insanları təsvir edən rəsmləri bunun nümunəsidir.
Daniel Schreiber, Alone: Reflections on Solitary Living kitabının müəllifi, deyir ki, uzun illərdir insanlar “tək yaşamaq = tənhalıq” kimi düşünüb. İndi isə cəmiyyət daha yaxşı anlayır ki, romantik sevgi həyatın yeganə forması deyil. Peter McGraw da öz kitabında vurğulayır: “Evlilik əvvəllər daha çox iqtisadi bir razılaşma idi. İndiki romantik ideyalar filmlərdə gördüklərimiz tamamilə mifdir”. Əgər artıq insanlar tək qalmağa daha çox hazırdırsa, sual yaranır: bunu necə daha yaxşı etmək olar? Hamının razı olduğu əsas məqam budur ki, tək qalmaq məcburi yox, könüllü olmalıdır. Heather Hansen deyir ki, tək qalmaq “neytral bir gil kütləsi kimidir – onu necə istəsən formalaşdıra bilərsən”.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
