ABŞ Yaxın Şərqdəki bəzi əməkdaşlarının ölkələrini tərk etməsi qərarından sonra vətəndaşlarına İraqa “heç bir səbəblə” səfər etməməklə bağlı xəbərdarlıq edib.

ABŞ Dövlət Departamentinin verdiyi yazılı açıqlamada zəruri olmayan hökumət əməkdaşlarının ölkədən çıxması ilə bağlı göstərişin verildiyi xatırladılıb.
Açıqlamada İraqa səfərlə bağlı tövsiyənin dördüncü səviyyəyə – "Səfər etməyin" xəbərdarlığına qaldırıldığı və bu səbəblə qırmızı xəbərdarlıq edildiyi bildirilib.
Bu qərarın əsas səbəbləri kimi terrorizm, adam oğurluğu, silahlı toqquşmalar, vətəndaş narahatlığı və ABŞ hökumətinin İraqdakı vətəndaşlarına fövqəladə xidmətləri yalnız məhdud şəkildə göstərə bilməsi qeyd olunub. Açıqlamada “İraqa heç bir səbəblə səfər etməyin” xəbərdarlığı vurğulanıb.
Bəyanatda, həmçinin bildirilib ki, İraqdakı ABŞ hökumət əməkdaşlarından ciddi təhlükəsizlik şəraitində yaşamaları və işləmələri gözlənilir. “İraqda terror zorakılığı, terror hücumları və digər təhlükəli fəaliyyətlər riski mövcuddur",- deyə qeyd olunub.
Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdullayeva
